Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“EUROVİSİON-2012"-YƏ HAZIRLIQ NEÇƏYƏ BAŞA GƏLİR?

Ekspertlər birbaşa və dolayı xərclərin 400 milyon dollardan çox olduğunu bildirirlər 

Azərbaycanda “Eurovision-2012" musiqi yarışmasına hazırlıqlar davam edir. May ayında Bakıda keçiriləcək müsabiqənin təşkili üçün dövlət büdcəsindən 50 mln. manat (63,3 milyon dollar) ayrılması nəzərdə tutulub.
Ekspertlər bu məbləğin kifayət qədər yüksək olduğunu bildirirlər.
Qeyd edək ki, 2008-ci ildə Serbiya müsabiqənin təşkilinə 10 milyon avro, 2007-ci ildə Finlandiya 14 milyon avro, 2006-cı ildə Yunanıstan 12 milyon avro, 2005-ci ildə Ukrayna 22 milyon avro xərcləyib. Neft ölkəsi olan Norveç müsabiqəyə cəmi 17 milyon avro xərc çəkib. Almaniya 47 milyon avro xərclədiyini açıqlamışdı.
Bəzi məlumatlara görə, Azərbaycanda “Eurovision-2012" yarışmasına hazırlıqla bağlı dövlət büdcəsindən birbaşa və dolayı olmaqla 200 milyondan çox vəsait ayrılıb. Bu xərcləmələr hələ də davma etməkdədir.

Daha iki yaxta

Türkiyənin “Yeni Nasr” qəzeti isə Azərbaycan Dövlət Dəniz Administrasiyasının Bakıda keçiriləcək “Eurovision” mahnı yarışması üçün Türkiyədən təcili olaraq üç lüks yaxta alması barədə yazıb.
Bildirilir ki, gəmilər “İzmirli Poseidon” firmasından alınıb. “Eurovision” mahnı yarışmasına qatılacaq qonaqlar üçün nəzərdə tutulub. Gəmilərdən biri 50 metrlikdir və restoran kimi fəaliyyət göstərəcək, qalan ikisi isə 28 və 20 metr uzunluğunda son dərəcə lüks yaxtalardır. Firma gəmiləri cəmi 20 gün içərisində layihələşdirib, 5 ay ərzində isə gəmilər tərsanədə hazırlanıb və dənizə endirilib. Sözügedən firmanın qurucusu Burac Acar deyib ki, gəmilərin biri təxminən 6-7 milyon dollara başa gəlib. ”Eurovisoion" zamanı şəhərə gələcək xarici qonaqlar bu yaxtalarla səyahətə çıxa, orada ziyafətlər təşkil edə biləcəklər.
Göründüyü kimi “Eurovision-2012" musiqi yarışmasının büdcəsi günü-gündən şişir.
Ümumiyyətlə, bir neçə gün çəkəcək yarışma üçün milyonlarla manat vəsait xərclənməsinə ehtiyac varmı?
Bu suala cavab tapmaq üçün ekspertlərə müraciət etdik.

“Əgər yarışma mövcud binalarda keçirilsəydi, dövlət daha az xərcə düşərdi”

İqtisadçı ekspert Nazim Məmmədov Simsar.az-a açıqlamasında hələ ötən il mətbuata açıqlamasında “Eurovision-2012" yarışması üçün əlavə yerin tikilməsinin ictimaiyyətdə birmənalı qarşılanmayacağını qeyd etdiyini xatırlatdı: «Bildirmişdim ki, Tofiq Bəhramov adına stadion varsa, “Eurovision» üçün digər binanın tikintisi yaxşı qəbul edilməyəcək. Bu, xüsusilə də, jurnalistlər tərəfindən korrupsiya halı kimi qiymətləndiriləcək. Azərbaycan tərəfinin nativ yerlər təklif edəcəyi gözlənilirdi. Tofiq Bəhramov adına stadion və ya Heydər Əliyev adına İdman Kompleksində yarışmanın keçiriləcəyi proqnozlaşdırılırdı. Əgər həmin binalarda yarışma keçirilsəydi, dövlət daha az xərcə düşərdi. Bayraq Meydanının ətrafında abadlıq işləri onsuz da aparılacaqdı. Hələ yarışmadan öncə ölkə başçısı çıxışında Bayraq Meydanında abadlıq işlərinini aparılacağını bildirmişdi. “Eurovision» hazırlıqları ilə bağlı bu işlər üst-üstə düşdü. Ələtdə «Gəmiqayırma» zavondunun köçürülməsi, yolların əsaslı təmiri və s. işlərin «Eurovision» yarışması ilə üst-üstə düşməsi xərclərin izafi olması barədə fikir yaradır. Mən ümid edirəm ki, Azərbaycan gələcəkdə xərclərin geri qaytarılması ilə bağlı müxtəlif layihələr, o cümlədən kommersiya xarakterli tədbirlərə ev sahibliyi edəcək və qoyulan vəsaitlər geri qaytarılacaq. 2,8 km-lik Ələt-Bakı yolunun tikintisinə 65 mln. manatın ayrılmasına Nazirlər Kabineti tərəfindən aydınlıq gətirilmədiyindən ictimaiyyətdə çaşqınlıq yaranıb. Qeyd edim ki, 65 milyon manata həm də ərazidəki mülklərin alınması daxildir. Müvafiq nazirliklər, o cümlədən Nazirlər Kabineti ictimaiyyətə daha ətraflı, müfəssəl məlumatlar açıqlamalıdır ki, sonradan spekuliyasiyalar, fikir ayrılıqları yaranmasın».
Həmsöhbətimiz bildirdi ki, «Eurovision»a hazırlıqla bağlı prezidentin sərəncamı ilə 50 milyon manat vəsait ayrılıb: «Amma dolayı xərcləmələr də var. Musabiqənin keçiriləcəyi ərazidə su-kanalizasiya sisteminin təzələnməsi, yolların abadlaşdırılması və s. işlərə, mətbuatda gedən məlumatlara əsasən, 400 milyon manatdan artıq vəsait xərclənib. Hələ xərcləmələr davam edir».
«Eurovision» hazırlığına ayrılan pulların əhalinin mövcud sosial durumu ilə nə dərəcədə adekvat olmasına gəlincə, ekspert qeyd etdi ki, indiki halda əhalinin maddi durumunun yaxşı olmadığı zamanda, infrastruktur layihələrə böyük vəsaitlərin ayrılması yaxşı qarşılanmır: «Kənd rayonlarının qaz təchizatı, yol infrastrukturu, kommunal xidmətlərin aşağı olması və s. problemlərin həllinə diqqət göstərilsə, daha yaxşı olardı. Amma Nazirlər Kabineti paytaxtın inkişafına daha çox fikir verir. İqtisadiyyatın hərtərəfli inkişafına diqqət ayrılsa, daha yaxşı olardı».

“Vəsaitlər bir qayda olaraq dövlət büdcəsindən ayrılır”

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin sədri Azər Mehtiyevin sözlərinə görə, Azərbaycanda müxtəlif yarışmalara, kampaniyalara böyük məbləğlərdə vəsaitlərin ayrılması ənənə halını alıb: «Azərbaycan 2020-ci ildə keçiriləcək Yay Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi etmək iddiasındadır. Olimpiadanın keçiriləcəyi binanın «Azərnetfyağ» Neft Emalı Zavodu ərazisində tikiləcəyi də müəyyənləşib. “Eurovision-2012" musiqi yarışmasından sonra ARDNŞ «qara şəhər»dəki bütün emal müəssisələrini Ələt qəsəbəsinə köçürəcək. Gənclər və İdman Nazirliyi emal müəssisələrinin yerində Olimpiya şəhərciyinin tikilməsini planlaşdırıb. Hesablamalara görə, olimpiadaya hazırlıq üçün milyardlarla manat vəsait xərclənəcək. Bu cür yarışların keçirilməsinin arxasında daha çox siyasi maraqlar durur. Məqsəd, Azərbaycan barədə dünyaya müsbət məlumatlar vermək, təbliğat işləri aparmaqdı. Amma nəzərə almaq lazımdır ki, Bakı beynəlxalq səviyyəli yarışları keçirməyə hazır deyil. Mövcud infrastrukturlar yararsızdır, onların yenidən bərpası üçün külli-miqdarda vəsait lazımdır».
Ekspert hesab edir ki, “Eurovision-2012"yə hazırlıqla bağlı bütün işləri dövlət öz üzərinə götürüb, vəsaitlər bir qayda olaraq dövlət büdcəsindən ayrılır: «Eurovision» yarışmalarının keçirildiyi digər ölkələrdə isə dövlət özəl firmaların imkanlarından yararlanıb. Yarışa hazırlıqla bağlı dolayı xərclər də mövcuddur. Məsələn, Bakı-Ələt avtomobil yolunun çəkilişi çərçivəsində Bayıl qəsəbəsindən Bayraq Meydanına qədər 2 km-lik avtomobil yolunun əsaslı təmiri və yenidən qurulması üçün 65 milyon manat ayrılıb. Həmçinin yarışmanın keçiriləcəyi məkanın tikintisinə 64,5 mln. manat vəsait ayrılıb. Ümumilikdə hesab edirəm ki, “Eurovision-2012" musiqi yarışmasına əvvəl-axır 300 milyon manatdan artıq vəsait xərclənəcək. Təcrübə göstərir ki, Azərbaycanda layihənin dəyəri iş müddətində bir neçə dəfə artır. Yaxtaların alınması, mövcud tikililərin təmiri, yolların təcili tikintisi, binaların fasadlarının ağardılması və s. işlər bütünlüklə dövlət büdcəsi hesabına aparılır».


RUSLAN XƏLİL






12 Mart, 2012  21:49 Baxılıb: 1286 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner