Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

GENERALLARIN SAVAŞININ PƏRDƏARXASI MƏQAMLARI - ARAŞDIRMA

Lənkəran Əliyev hansı qruplaşmaya aid olub? 

Günün əsas müzakirə mövzularından biri Azərbaycan Silahlı Qüvvələri Akademiyasının qərargah xidməti kafedrasının rəisi, general-mayor Lənkəran Əliyevin açıqlamalarıdır. Xatırladaq ki, Lənkəran Əliyev Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzinin rəisi olan zaman onun fəaliyyəti ilə bağlı mətbuatda kifayət qədər tənqidi yazılar gedib.

Onun rəhbərliyi altında xidmət edən bəzi zabitlər xidmət şəraitinin dözülməzliyini, korrupsiya və rüşvətxorluğu, təzyiqləri əsas gətirərək hətta aclıq aksiyası keçirmək həddinə qədər gəlib çıxmışdılar. Bu sətirlərin müəllifi həmin zabitlərdən birinin aclıq aksiyasından reportaj da hazırlamışdı.

Vaxtilə KİV L.Əliyevin TTM-in rəisi olduğu dövrdə xeyli sayda problemlər barədə yazmışdı. O zaman L.Əliyev “toxunulmaz general” görünüşündə idi, bir sıra qeyri-rəsmi məlumatlara görə, bu statusu ona ordunun birinci şəxsi – müdafiə naziri Səfər Əbiyevlə yaxın münasibətləri yaratmışdı. Amma vətəndaş cəmiyyətinin təzyiqləri gücləndi, TTM-də əsl “qiyam əhval-ruhiyyəsi” yarandı, nəhayət, ölkə rəhbərliyinin göstərişi ilə L.Əliyev vəzifədən çıxarılıb digər vəzifəyə göndərildi.

İndi nə baş verir? Əbiyevin yaxın adamı olmuş Lənkəran Əliyev nədən antiƏbiyev mövqeyinə keçdi? Onun bu gün ölkə mətbuatına verdiyi açıqlamaların detallarına toxunmuruq. Oxucular zatən bu barədə məlumatlıdırlar.

Ümumi yanaşma ondan ibarətdir ki, L.Əliyev Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyində baş verəcək dəyişikliklərlə bağlı məlumatlandırılıb və bu baxımdan vəziyyəti vaxtında dəyərləndirmək imkanlarını əldə edib. Bu barədə bir qədər aşağıda.

L.Əliyevin Azərbaycan hərbçilərinin mənzil təminatı ilə bağlı çox ciddi problemlərinin olduğunu dilə gətirməsi və bunda müdafiə naziri, general-polkovnik Səfər Əbiyevi günahlandırması əslində şok effekti yaradıb. Nəzərə alınmalıdır ki, prezident İlham Əliyev dekabrın sonlarında hərbçilərin mənzil təminatı ilə bağlı fərman imzalayıb. Bunun üzərindən iki ay keçdikdən sonra orduda mənzil təminatı ilə bağlı ciddi problemlərin olmasının Silahlı Qüvvələrin ali hərbi rütbəlisi tərəfindən dilə gətirilməsi xüsusən diqqət çəkir. Deməli, prezidentin bu fərmanından Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən sui-istifadə ediləcəyi və ya (edildiyi) ehtimalı ortaya çıxır. Həmçinin söhbət SSRİ ordusundan Azərbaycana miras qalmış 50-60 min ədəd mənzildən gedə bilər ki, hərbi ekspertlərin fikrincə, bu mənzillərin əksəriyyəti Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən qanunsuz olaraq satılıb və ya dağıdılıb.

Bütün bu ittihamlara Müdafiə Nazirliyinin mövqeyindəki son cümlə daha maraqlıdır: “Təqsirləndirilən şəxs qismində cəlb olunmuş Lənkəran Əliyevin əvvəllər məhkum olmadığı və törətdiyi cinayət əməllərinin az ağır cinayətlər kateqoriyasına aid edildiyi, dövlətə vurmuş olduğu 30.700,98 manat maddi ziyanı istintaq zamanı tam şəkildə ödəməsi və digər hallar nəzərə alınaraq barəsində cinayət işi üzrə icraat şəraitin dəyişilməsi ilə əlaqədar, yəni bəraətverici əsaslar olmadan xitam verilib”. Bu fikir ona dəlalət edir ki, L.Əliyev qarşı cinayət işi yenidən bərpa oluna bilər, çünki bəraətverici əsaslar yoxdur.

L.Əliyev isə öz açıqlamasında bəyan edib: “2009-cu ildə məni vəzifədən uzaqlaşdırmaq məqsədilə Təlim Tədris Mərkəzində qərəzli yoxlamalara başlandı, yoxlamaların nəticəsi olaraq mənə qarşı saxta cinayət işi qaldırıldı. Məni dövlətə külli miqdarda ziyan vurmaqda günahlandırırdılar. Bu ədalətsizliyə dözməyən, mənim tabeçiliyimdə olan bir mayor ürək tutmasından öldü. Mənimlə yanaşı, bir polkovnik-leytenant işdən çıxarıldı. Uzun müddət davam edən istintaq tədbirləri nəticəsində günahsız olduğum sübuta yetirildi və cinayət işinə xitam verildi”.

Deməli əsl müharibə elə qabaqdadır. Kimin kimi “bitirəcəyi” yaxın günlərdə bəlli olacaq. Amma bu dava heç də Müdafiə Nazirliyində əvvəllər olmuş davalara bənzəmir. Xüsusilə də L.Əliyevin fevralın 1-də prezidentə göndərdiyi raportun məzmunu da maraq kəsb edir. Görəsən, bu sənəddə nəlr yazılıb? L.Əliyev bildirir ki, raportunda qarşılaşdığı ədalətsizliklər və hərbçilərin problemləri əksini tapıb. O ümid edir ki, müraciətə müsbət reaksiya veriləcək.

Milaz.info portalına verilən məlumata görə, Əliyevin raportunda çox məsələlər əksini tapıb: Müdafiə Nazirliyinin hazırkı rəhbərliyinin, xüsusilə də Səfər Əbiyevin yürütdüyü siyasət, ordu islahatlarının ləngidilməsi, hərbi sistemdə inamsızlıq və etimadsızlıq mühitinin mövcudluğu, ordu quruculuğuna zidd olan tendensiyalar, mənzil təminatındakı problemlər və s.

Bütün bunlar nəyə işarədir? Əldə etdiyimiz məlumatlara görə, söhbət postƏbiyev dövrünə hazırlıqlardan gedir. “İndi Silahlı Qüvvələrdə yüksək vəzifə tutan hər kəs özünü ordudakı problemlərin həlli yolunda cəfakeş kimi qələmə verməyə başlayıb və yaxın günlərdə bu proses daha da sürətlənəcək. Məqsəd Əbiyevdən sonrakı Müdafiə Nazirliyinin rəhbərliyində təmsil olunmaq və ya nazirliyə gələcək yeni rəhbərliklə yaxşı münasibətləri indidən sığortalamaqdır”, - deyə Müdafiə Nazirliyindəki mənbə milaz.info portalına bildirib.

Mənbənin sözünə görə, L.Əliyevin Azərbaycanın Müdafiə Nazirliyində qeyri-rəsmi olaraq fəaliyyət göstərdiyi bildirilən 3 qrupdan birinə daxil olması ehtimalı var.

Qeyd edək ki, bir sıra məlumatlara görə, Silahlı Qüvvələrin rəhbərliyində 3 qrup müşahidə olunur:

- Müdafiə naziri Səfər Əbiyevin tərəfdarları;
- Silahlı Qüvvələr Baş Qərargahının rəisi Nəcməddin Sadıkov tərəfdarları;
- Orta səviyyəli zabit heyətinin daxil olduğu real, NATO standartlarına uyğun islahat istəyənlər.

L.Əliyevin Əbiyevin nəzarətində olan qrupu tərk edərək Sadıkovun qeyri-rəsmi rəhbərlik etdiyi qrupa doğru meyl etməsinə dair məlumatlar mövcuddur. Hazırda onunla bağlı baş verən prosesləri də məhz qrupu tərk etməsi ilə əlaqələndirənlər də var.

Müstəqil ekspertlərin fikrincə, Səfər Əbiyevin və Nəcməddin Sadıkovun vəzifələrində qalmaları ordu quruculuğunda ciddi problemlərin ortaya çıxmasının əsas səbəblərindən biridir.






1 Mart, 2012  14:50 Baxılıb: 1518 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner