Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

83 MANAT ÜÇÜN YOLLARDA QALAN VƏTƏNDAŞLAR - ARAŞDIRMA

7 sənəd və 7 gün

Redaksiyamıza şikyət edən Kürdəmir rayon sakini Elmar Məmmədov bildirir ki, o, yeni doğulan uşağa görə birdəfəlik müavinət almaq üçün sosial müdafiə mərkəzinə müraciət edən gündən yollarda qalıb. Təxminən 82,5 manat civarında veriləcək muavinət üçün 8-dən çox sənəd istəyirlər.

Qeyd: konkret olaraq yeni doğulan uşaqlara görə, birdəfəlik müavinətin təyin olunması üçün aşağıdakı sənədlər Dövlət Sosial Müdafiə Fonduna təqdim olunmalıdır.
1. Vətəndaşlıq Vəziyyəti Aktlarının Dövlət Qeydiyyatını (VVADQ) aparan orqanlar tərəfindən verilmiş arayış;
2. Xəstəxanadan verilən uşağın doğulmasını təsdiq edən arayış;
3. Haqq-hesab cədvəli;
4. Protokol;
5. DSMF orqanına ünvanlanmış məktub;
6. Yaşayış yerindən arayış;
7. Nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti.

Gözlənilməz xərclər də ola bilər

E.Məmmədov deyir ki, bu qədər sənədi tapıb-toplamaq üçün ən azı bir həftə vaxt və 100 manat pul lazımdır. Bir-birlərindən kənarda yerləşən idarələrə getmək üçün taksi tutmalısan. Hər sənəd alanda 5-6 manat «hörmət» etməlisən, notariat kontorunun xərci və s. üstəgəl, işə getməmək. Bir həftə alverə çıxmayanda gəlir də olmur. Bu hələ harasıdır. Sənədlərin sayı arta da bilir. Məsələn, əgər ana atanın soyadını qəbul etməyibsə, doğulanlar üçün müavinət verilmir. Konkret olaraq, Kürdəmirdə VVADQ şöbəsinin rəhbəri Nəriman müəllim buna görə, vətəndaşları məcbur edir ki, şəxsiyyət vəsiqələrin dəyişsinlər. Vəsiqənin dəyişməsi üçün isə 10 manata yaxın xərcin çıxmalıdır.

Ekspertlər hesab edir ki, yeni doğulan uşaqlar üçün birdəfəlik müavinət kimliyindən asılı olmayaraq bütün valideynlərə verilir. Prezidentdən tutmuş, adi fəhləyə qədər bütün valideynlərin uşaqları olanda onlara 83 manat müavinət ödənilməlidir. Əgər belədirsə, əlavə sənəd-sünədlər nəyə lazımdır? Əslində təkcə doğum haqqında şəhadətnamə ilə birdəfəlik müavinəti almaq mümkündür, amma Azərbaycanda yox.

Real doğuş xərcləri

Şikayətçi müavinətin azlığından da gileylənir. Deyir ki, doğuşa 500 manatdan çox xərci çıxıb: «Hələ mən hamilə vaxtı yoldaşımın müayinəsini bura əlavə etmirəm. 300 manat həkimə vermişəm, 200 manat da tibb bacılarına, xadimələrə. Təkcə beşiyin qiyməti 60 manatdan yuxarıdır. Bələk, bələkdən sonrakı prosesdə “pampers” üçün xərclər və əlavə olaraq ilkin yeməklər, uşaqlar üçün yemək qabları alınmasına da 50 manata yaxın pul gedir. Adam bilmir atalıq sevincini yaşasın, yoxsa soğan kimi soyulmasına acısın. İndidə 83 manatlıq müavinəti ala bilmirəm. Əsəblərim artıq tarıma çəkilib».

Elmira Axundova: “Belə çıxır ki, nikahsız ailədə doğulan uşaqlara müavinətlər verilməyəcək”

Milli Məclisin Sosial Siyasət Komissiyasının üzvü Elmira Axundova Simsar.az-a açıqlamasında bildirdi ki, o, yeni doğulan uşaqlar üçün birdəfəlik müavinətlərin artırılmasının tərəfdarıdır: «Mən hər zaman parlamentdə müavinətlərin artırılmasının vacibliyini bildirmişəm. Bildiyiniz kimi bir müddət öncə müavinətlər artırıldı. 75 manatdan 83 manata qədər. İnanıram ki, ölkənin maliyyə imkanları çoxaldıqca, müavinətlər də artırılacaq».
Tələb olunan sənədlərin siyahısına gəldikdə isə E.Axundova qeyd etdi ki, müavinət üçün yaşayış yerindən və xəstəxanadan doğum haqqında arayışları almaq kifayətdir: «Digər sənədlər məcburi olmamalıdır. Nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə də ehtiyac yoxdur. Axı nikahsız dünyaya gələn uşaqlar da var. Onda belə çıxır ki, nikahsız ailədə doğulan uşaqlara müavinətlər verilməyəcək. Müavinətlər ata-anaya görə yox, uşağa görə verilir».

Millət vəkili daha öncə mətbuata açıqlamasında bildirib ki, doğumla əlaqədar Azərbaycanda birdəfəlik müavinət 83 manatdırsa, Rusiyada 350 dollara bərabərdir: «Ukraynada dövlət 3-cü uşağa görə ailəyə 600 dollardan artıq pul verir. Qazaxıstanda işləməyən qadınlar uşağa qulluq etməklə əlaqədar 1 il müddətinə hər ay müavinət alırlar. İşləyənlər isə orta əməkhaqqının 40 faizini 1 il alırlar. Azərbaycanda isə qadın uşağa qulluq etmək üçün yalnız bir neçə ay pul alır. Sonra isə özhesabına məzuniyyətə çıxmalıdır. Gənc analara belə ögey münasibət neft və qaz ölkəsi olan Azərbaycana qətiyyən yaraşmır».


Fazil Mustafa: “Körpülərin tikilməsinə milyonlarla pul tapa bilirlər, amma uşaqlara yox»

Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa isə hesab edir ki, uşaqların sağlam doğulması və böyüməsi üçün valideynə dövlət qayğısı lazımdır: «83 manatlıq müavinət uşağın heç bir probleminin həllinə kömək etmir. Bu məbləğ çox aşağıdır və onun artırılmasına ehtiyac var. 30 milyard manatdan çox büdcəsi olan bir dövlətin öz insanına qiymət verməməsi utandırıcıdır. Hələ ana bətnindəykən övladlarımıza yüksək səviyyədə qulluq göstərməliyik ki, sağlam olsunlar. İnsan kapitalı hər şeydən üstündür. Körpülərin tikilməsinə, yolların çəkilməsinə milyonlarla pul tapa bilirlər, amma uşaqlara yox».

Ekspertlər hesab edirlər ki, dövlət qayğısının olmaması gənc ailələrdə uşaqların sayının az olmasına gətirib çıxarır.
Statistik məlumatlara görə il ərzində Azərbaycanda 152 min uşaq doğulur. Hər doğulan uşağa 500 manat vermək üçün 76 milyon manat lazımdır. 30 milyardlıq büdcəsi olan dövlət üçün uşaqlara 76 milyon manat pul ayırmaq o qədər də çətin deyil.

Ruslan XƏLİL






29 Fevral, 2012  21:03 Baxılıb: 2556 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner