Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

EHTİMALLARA SÖYKƏNƏN QADAĞA -ARAŞDIRMA

Azərbaycanda olmayan «quş qripi»nə görə ETSN-nin «ov yasağı» hələ də qüvvədədir

7 il bundan öncə - 2005-ci ildə xəbər yayıldı ki, dünyanı «quş qripi» adlı virus bürüyüb. Virusdan qorunmaq üçün bütün dünya ölkələri, o cümlədən Azərbaycan qabaqlayıcı tədbirlər görməyə başladı. İlk addımlardan biri kimi, 2005-ci ilin oktyabrın 15-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) çöl quşlarının ovuna və ev quşlarının satışına qadağa qoydu. Ev quşlarının satışına qoyulan qadağa bir müddət sonra aradan götürülsə də, çöl quşlarının ovlanmasına hələ də icazə verilmir.

ETSN-nin qərarı brokonyerlərin işinə yarayıb

Azərbaycan Ovçular Cəmiyyətinin (AOC) üzvü, Lənkəran rayon sakini İslam Fətəliyev bildirir ki, o, qanuni ovçudur. Tüfəngi də polis idarəsində qeydiyyatdadır. Amma 7 ildir ki, bu imkanlarından yararlanıb, ova çıxa bilmir. Səbəb isə ETSN-in çöl quşlarının ovlanmasına qadağa qoymasıdır.
İslam kişi tüfənginin müəyyən yerlərinin paslandığını, lülələrində siçanların yuva saldığını deyir: «Lazımsız əşya kimi, tüfəngimi evdən asmışam. Qadağaların nə vaxt götürüləcəyini gözləyirəm. Gedib təzə tüfəng alacam».
Azərbaycanda 20 minədək ovçunun, o cümlədən İslam kişinin üzvü olduğu AOC-nin sədri Füzuli Əşrəfov bizimlə söhbətində təəssüflə qeyd edir ki, qurum üzvlərinin hüquqlarını qoruya bilmir. Onun sözlərinə görə, ovçular «quş ovu qadağası»nın hələ də götürülməməsindən narahatdılar: «Qadağanın qüvvədə qalması qeyri-qanuni ovların sayının artmasına və qeyri-peşəkarların əldə tüfəng tutmalarına gətirib çıxarır».
Elə İslam kişi də bundan narahatdır. O, özünü peşəkar hesab etdiyindən, brokonyerliklə məşğul olmur: «Mənə yaraşmaz ki, oğru kimi, məmurlardan gizlənə-gizlənə ova gedim. Amma bunu edənlər var. Gizli şəkildə quş ovlayanların sayı artıb. Lənkəranın bazarlarında, yol qıraqlarında açıq şəkildə övlanmış çöl quşları satılır. Belə olan halda qadağanın mənasını anlamıram».
Digər ov həvəskarı, millət vəkili Aqil Abbas da hesab edir ki, çöl quşlarının ovu ilə bağlı qadağanın 7 il qüvvədə saxlanılması absurddur: «Məşhur bir deyim var: Əgər səhnədən tüfəng asılıbsa, deməli, tamaşada ondan istifadə olunacaq. Bu məntiqdir. Məntiqsizlik isə odur ki, minlərlə adamın evində tüfəng var, amma ondan istifadə olunmur. Əsaslandırılmamış qərara görə, minlərlə ovçunun, o cümlədən mənim arzularım ürəyimdə qalıb. Nazirliyin nümayəndələrinin sözlərindən belə çıxır ki, Azərbaycana gələn quşlar Xəzər dənizinə çatana qədər xəstələnmir, Azərbaycana daxil olan kimi "quş qripi"nə tutulur, Azərbaycandan köçən kimi yenə həmin quşlar sağalır".
A.Abbas hesab edir ki, yaranmış vəziyyət daha çox brokonyerlərə sərf edir: «Müəyyən şəxslərlə sövdələşib ov edirlər, təlabat çox olduğundan bazarları da yaxşı gedir».
Azərbaycan Ornitoloji Cəmiyyətindən verilən məlumata görə, qış aylarında ovlanın quşların böyük əksəriyyəti dövlət qoruqlarında, özü də brokonyerlər tərəfindən ovlanır. Cəmiyyətdən hesab edirlər ki, bu gün quşların məhv olmasında başlıca problem heç də «quş qripi» və ya digər xəstəliklər deyil, brokonyerlərin fəaliyyətidir.
AOC-nin sədri F.Əşrəfov hesab edir ki, ETSN brokonyerlərə qarşı mübarizə aparsa, daha yaxşı olar: «Ovçuluq kimisi üçün biznes, kimisi üçün istirahət, əyləncə xarakteri daşıyır. Turistlər üçün də bu sahə cəlbedicidi. Onsuz da bəzi xarici vətəndaşlar, imkanlı şəxslər üçün dövlət qoruqlarından ov etmək problem deyil. Nazirliyin qərarından daha çox əziyyət çəkənlər yerli peşəkar ovçulardı».
F.Əşrəfov qeyd edir ki, Dövlət Baytarlıq Xidməti (DBX)
Qadağanın götürülməsinin tərəfdarı olsa da, ETSN iki ayağını bir barmağa dirəyib «yox» deyir.

DBX - «Quş qripi» yoxdur, qadağa götürülməlidir

DBX-nin rəis müavini Emin Şahbazov quş ovuna qoyulan qadağanın ləğv olunması üçün Nazirlər Kabinetinə müraciət etdiklərini, lakin müraciətə müsbət cavab verilmədiyini deyib.
E.Şahbazov deyib ki, “donuz qripi” virusu ilə bağlı dünyanı bürüyən ajiotajın təxribat olduğu müəyyən olub və bu məsələ yalan çıxıb.
Dövlət Baytarlıq Xidmətinin rəis müavini bildirib ki, son illər davamlı olaraq Azərbaycanda 12 ayda 8-10 dəfə monitorinq aparılır, amma “quş qripi” xəstəliyinin simptomları müəyyən olunmayıb. “Bu virus nə vizual, nə də laborator müayinə yolu ilə aşkarlanıb. Onu da qeyd edim ki, biz vəhşi, sənaye və ev quşları arasında monitorinq aparırıq. Hətta vaxtaşırı kəndlərdən bizə qan nümünələri gətirilir və yoxlamalar “quş qripi” xəstəliyinin olmadığını deməyə əsas verir. Ona görə də Azərbaycanda quş ovuna qadağa götürülməlidir”.
Bazarda satılan çöl quşlarına gəlincə, E.Şahbazov əlavə etdi ki, əgər satılan ov və ev quşları baytarlıq-sanitariya ekspertizasından keçibsə, satış üçün icazəsi varsa, onların satışına qadağa qoymaq düzgün deyil: «Yalnız özbaşına ev və ov quşlarının açıq satışını həyata keçirənlər cəzalandırılır».

Qadağa turistləri Azərbaycandan qaçırır

Çöl quşlarının ovuna qoyulan qadağa həm də turizmin inkişafına əngəl olur. Dünyada geniş yayılan ov turizmi gəlirli sahələrdən biri hesab olunsa da, ETSN-nin qərarına görə, Azərbaycan bu imkandan məhrum olub.
Mədə niyyət və Turizm Nazirliyi Turizm şöbəsinin müdir müavini-Daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanovun sözlərinə görə, ovçuluq turizminin inkişafı üçün ölkəmizin kifayət qədər potensialı var. Turizmin bu növü bütün dünyada çox gəlirli biznes kimi qəbul edilir. Azərbaycan ovçuluq turizminin geniş potensialı baxımından Afrika ölkələri ilə müqayisə oluna bilər. Amma quş ovuna qoyulan qadağa aradan qalxsa, ov turizminə maraq xeyli artar».

Nazirlər Kabineti aciz qalıb

F.Əşrəfov sonda bir məqamı da diqqətə çatdırdı. Bildirdi ki, 2010-cu ilin oktyabrında Nazirlər Kabineti 2 saylı qərarla quş ovuna qoyulan qadağanı ləğv edib: «Amma ay yarımdan sonra Ekologiya Nazirliyi quş ovuna yenidən qadağa qoydu. Səbəb kimi isə İndoneziyada və bəzi Afrika ölkələrində "quş qripi"nin mövcudluğu göstərilib".
Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri Akif Əli hesab edir ki, yaranmış problemlə bağlı Dövlət Baytarlıq İdarəsi, AOC və ETSN birgə razılığa gəlməlidirlər: «Azərbaycan Respublikasında "quş qripi" xəstəliyinin qarşısının alınması və bu sahədə bütün qurumların birgə fəaliyyətinin əlaqələndirilməsi üzrə Dövlət Komissiyası"nın bir araya gəlməsi, məsələyə bir daha baxılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mülahizələri və təklifləri təqdim olunmalıdır. Bundan sonra Dövlət Komissiyası bu məsələni araşdıra bilər. Həmçinin Ovçular Cəmiyyəti də öz növbəsində qadağanın aradan qaldırılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etməlidir».


«Bir neçə insan əylənəcək deyə, milyonların həyatını təhlükədə qoya bilmərik»


Görünən odur ki, quş ovuna qoyulan qadağanın götürülməsi hazırda birbaşa olaraq ETSN-dən asılıdır. Həm DBX, həm AOC, hətta Nazirlər Kabineti qadağanın götürülməsində maraqlıdılar. Amma məsələ ETSN-də dolaşıb qalıb. Maraqlıdır ki, nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bu mövzu barədə mətbuata şərtlə danışır. Ya AOC-nin mövqeyi dərc ediləcək, ya da Nazirliyin. Əlbətdə ki, heç bir jurnalist bu cür «təslimçi şərtlə» razı ola bilməz. Odur ki, xeyli əziyyət çəkib birbaşa ETSN-nin Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamentinin direktor müavini Hikmət Əlizadə ilə əlaqə saxlamağa cəhd etdik. Və cəhdimiz uğurlu alındı.
H.Əlizadə quş ovuna qoyulan qadağanın götürülməməsinin əsas səbəbini «quş qripi» təhlükəsinin tam sovuşmaması ilə əlaqələndirdi: «Bizə çoxlu müraciətlər olur ki, qadağanı götürək. Düzdür, son illər Azərbaycanda «quş qripi» aşkarlanmayıb. Ölkəmiz köçəri quşların miqrasiya marşrutunun üzərində yerləşdiyindən təhlükə hələ də qalır. Azərbaycana Cənub-Şərqi Asiya və Şimali Afrika ölkələrindən 2 milyona yaxın quş miqrasiya edir. Həmin ölkələrdə virus mövcuddu».
H.Əlizadə əlavə etdi ki, 2010-cu ilin noyabrında qadağa götürülmüşdü. 10 gün sonra qonşu Gürcüstandakı həyəcanlı xəbər qərarın ləğv olunması ilə nəticələnib: «Gürcüstanda bir neçə adamın «quş qripi»nə yoluxduğu təsdiq ediləndən sonra məcbur olub, qadağanı yenidən bərpa etdik».
Ovçuların giley-güzarlarına da münasibət bildirən nazirlik rəsmisi bildirdi ki, Azərbaycanda peşəkar ovçular barmaqla sayılacaq qədər azdır: «Bizdə ovçuluqla kef, əyləncə xatirinə məşğul olurlar. Bir neçə adam əylənəcək deyə, milyonların həyatını təhlükə altına ata bilmərik».
Qadağanın nə vaxt götürüləcəyinə gəlincə, H.Əlizadə hələlik bu barədə danışmağın tez olduğunu dedi.
Nazirlik rəsmisinin fikirlərinə münasibət bildirən AOC sədri F.Əşrəfov qeyd etdi ki, Afrika ölkələrində olan quşların miqrasiya xətti Azərbaycandan keçmir: «Nazirliyin əməkdaşı qaranquş, sarıköynəklə vəhşi çöl quşlarını səhv salır. Azərbaycana gələn quşların miqrasiyası xətti Sibirdən Volqa çayı boyunca, Xəzər sahillərini əhatə edir. Yaz aylarında isə həmin xətt boyunca geri qayıdırlar. Afrika ölkələrindən bizə quşlar gəlmədiyi üçün «quş qripi»ndən söhbət gedə bilməz.
Azərbaycanda və quşların gəldikləri ölkələrdə son iki-üç ildə «quş qripi» virusuna rast gəlinməyib. Azərbaycana gələn quşlar əsasən İran, Türkiyə, Gürcüstan və Rusiyadan gəlirlər. Həmin ölkələrdə quş ovuna qoyulan qadağa çoxdan qaldırılıb».

Ekspert: «Ehtimalla inzibati akt qəbul etməzlər»

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov hesab edir ki, burada məntiqsizlik var: «Ekologiya və Təbii Sərvətlər Nazirliyi çöl quşlarının ovuna qadağa qoyub. Amma qeyri-qanuni yolla quşları ovlayıb bazarlarda açıq şəkildə, qanunla satırlar. Nazirliyin isə ixtiyarı yoxdur ki, bazarda həmin quşların satışını dayandırsın».
Ekspert hesab edir ki, ETSN ehtimallara söykənərək vətəndaşların hüquqlarını pozan inzibati akt qəbul etməməlidir: «Hansısa ölkədə «quş qripi» virusu var deyə, 7 il quş ovuna qadağa qoymaq məntiqsizlikdir».
E.Hüseynov bildirir ki, ölkə başçısının 16 fevral 2006-cı il tarixli sərəncamı ilə Azərbaycanda “quş qripi” xəstəliyinin qarşısının alınması və bu sahədə bütün qurumların birgə fəaliyyətinin əlaqələndirilməsinə dair Dövlət Komissiyası yaradılıb: «Amma bir ildən sonra quş qripi aşkar olunmadğına görə, komissiya fəaliyyətini dayandırıb. Komissiya fəaliyyətini dayandırıbsa, quş ovuna qoyulan qadağa da aradan götürülməlidir».
«Hüquqi Dövlət» Araşdırmalar Fondunun prezidenti Müzəffər Baxışovun sözlərinə görə, ovçular ETSN-nin məlum qərarından Konstitusiya Məhkəməsinə şikayət verib, onun ləğvinə nail ola bilərlər: «Nazirlik quşların ovlanmasına müəyyən məhdudiyyət qoya bilər, amma ovu tam qadağan edə bilməz. Qanuni sənədlərə malik olan ovçuların ov etmək hüquqlarıdır. Bu hüquqları onların əlindən almaq düzgün deyil. Üstəlik, əgər ölkədə «quş qripi» yoxdursa, olmayan şeyə görə, qadağa tətbiq etmək absurddur».


Ruslan XƏLİL






21 Fevral, 2012  16:02 Baxılıb: 1649 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner