Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Medianın informasiyalara çatım problemi-ARAŞDIRMA

Redaktor, sıravi jurnalist, hüquqşunas, hətta dövlət məmuru - hamı durumdan şikayətçidir

Mediamız problem içində çabalayır. Ən tirajlı qəzetimiz heç 20 min deyil, ən çox izlənən veb resursların oxuyucularının sayı da 20-30 minə çatmır, televiziyalarımızı isə vur-tut əhalinin 10-15 faizi izləyir. Nədir mediamızı bu qədər maraqsız edən, hansı problemlərdir? Bir çox hallarda reklam bazarının olmaması, yayımın yarıtmaz olması, informasiya əldə etmənin çətinliyi, jurnalist peşəkarlığının aşağı olması medianın maraqsız olmasının əsas səbəbi kimi göstərilir. Bu yazımızda informasiya əldə edilməsi sahəsindəki durumu, bu durumun medianın ümumi hüquqi görüntüsünə təsirini araşdırmağa çalışacağıq.


2005-ci ildə «İnformasiya Əldə Etmək Haqqında Qanunun» qəbul olunanda ictimaiyyət, xüsusilə də, media nümayəndələri bu sahədəki mövcud problemlərin tezliklə aradan qalxacağına ümid bəsləyirdilər. Dövlət qurumları ilə ictimaiyyət arasında körpü rolunu oynayan jurnalistlərin əhəmiyyətli məlumatlara əlçatımlığının asanlaşacağı gözlənilirdi. Amma media və digər ictimai təşkilatlar bəzi dövlət qurumlarından lazımi məlumatları almaqda hələ də çətinlik çəkirlər. Qazancı informasiyadan çıxan jurnalistlərin üzünə dövlət qurumlarının qapıları bağlaması adi hal alıb. Bu isə qeyri-qanuni yollarla əldə edilən və ya təhrif olunmuş məlumatların mediaya çıxmasına səbəb olur.


İnformasiyalara çatım problemi medianın düşdüyü ağır durumda nə qədər günahkardır?

Ekspertlərin əksəriyyəti bu problemi medianın üzləşdiyi hüquqi çətinliklərin ilk pilləsinə qoyur. “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyevin informasiya əldə etmək sahəsində problemi çox ciddi sayıt. Onun sözlərinə görə, informasiya əldə etmək sahəsindəki çətinliklər hələ də medianın əsas hüquqi problemlərindən biri olaraq qalmaqdadır. Ən adi bilgilərin sitənildiyi sorğular belə bir çox hallarda vaxtında cavablandırılmır, bu da münasibətlərin aydınlaşdırılması üçün məhkəmə müstəvisinə çıxmasına səbəb olur. Ekspertə görə, sevindirici haldır ki, son illər jurnalistlər, ayrı-ayrı ictimaiyyət nümayəndələri İnformasiya əldə etmək haqqında qanunun verdiyi imkanlardan istifadə edərək məhkəməyə üz tuturlar. Məhkəmələr də çox hallarda onlara dəstək vermir. Amma bununla belə jurnalistlərin bəzi hallarda dövlət qurumları üzərində qələbə çalma hallarına da rast gəlirik.

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu da informasiya əldə edilməsini medianın əsas problemlərindən biri sayır. O, deyir ki jurnalistin çörəyi informasiyadan çıxır. İnformasiya varsa jurnalist yazacaq, bilgiləndirəcək. İnformasiyaların gizli tutulması, verilməməsi verilməməsi müxbirin çörəksiz, ac qoyulması deməkdir. Həm də bu problem jurnalistləri bəzən dəqiqləşdirilməmiş bilgiləri yaymağa zorlayır. Bu gün jurnalistlər ifadə azadlığının əsas cinahı, aparıcı fiqurları hesab olunur, onların qanunla qorunun informasiya əldə etmə üstünlükləri mütləq təmin olunmalıdır.

“...doğru bilgilərə söykənməyən medianın reklam, yayım probleminin çözülməsi də mümkünsüzdür...”

Hazırda “İnformasiya əldə etmək haqqında” qanunun layihəsini hazırlamış Media Hüququ İnstitutunun İdarə Heyətinin üzvü, hüquqşünas Ələsgər Məmmədli də medianın əsas probleminin informasiya əldə etməklə bağlı olduğunu deyir. O deyir ki, su balıq üçün nədirsə, bilgi də jurnalist üçün eyni rolu oynayır, bilgi yoxdursa media artıq öz funksiyalarını itirmiş olacaq. «İnformasiya əldə etmək haqqında» qanun 6 il öncə qəbul olunsa da, qanunun tələbləri yerinə yetirilmir. Nə qədər ki, dövlət və qeyri-dövlət qurumları öz üzərlərində bu qanunun təzyiqini hiss etmirlər, media bu problemlə yaşamalı olacaq.

Dəqiqləşdirilməmiş, doğru mənbəyə söykənməyən bilgilərin yayılmasının medianı gözdən saldığını deyən “Azadlıq” qəzetinin redaktoru Rövşən Hacıbəyli də düşünür ki, əsas problem informasiya əldə edilməsidir. Medianın reklam, yayım kimi iri problemləri də var, ancaq doğru bilgilərə söykənməyən medianın reklam, yayım probleminin çözülməsi də mümkünsüzdür.

İnformasiya əldə etmək haqqında qanun niyə işləmir?


“Korrupsiya, korrupsiya, korrupsiya...”

“Bizdə informasiya varmı, vermirik? İnformasiya yoxdur, informasiyanı bir komanda işləməlidir, araşdırmalıdır. Belə komanda yoxdur”


Eksperlərimizdən Arif Əliyevə görə, informasiyaların qapalı saxlanılmasının səbəbləri çox müxtəlifdir: «Elə dövlət qurumları var ki, onların rəhbəri prezidentdən başqa heç kəsə məlumat verməmək xəstəliyinə yoluxublar. Mətbuat xidmətlərinə rəhbərin icazəsi olmadan mətbuata məlumat vermək yasaq olunur. Bizdə ictimaiyyətə qapalı dövlət və qeyri-dövlət müəssisələrinin sayı kifayət qədərdi. Ümumilikdə, informasiya sorğularına cavab verilməməsi korrupsiya ilə bağlıdır. Korrupsiya qaldıqca, problemlər də həllini tapmayacaq».
Bununla belə birlik sədri jurnalistlərdə də günah görür: Dövlət qurumları ilə medi münasibətlərində problemlərin yaranmasının günahı həm də jurnalistlərdədir. Mətbuat xidmətlərinin rəhbərləri jurnalistlərin məlumat almaq istədiyi mövzu barədə tam bilgisiz olmalarından şikayətlənirlər. Və ya qəzetlər qarşı tərəfin mövqeyini öyrənmədən məlumatı dərc edirlər. Bu kimi faktorlar münasibətləri korlayır.».

Rauf Arifoğlu da informasiya verilməməsini ölkədəki korrupsiyaya bağlayır: “Əsas səbəb korrupsiyadır. Problemi həll etmək üçün korrupsiyanın kökünü kəsmək lazımdır. Korrupsiya olduqca informasiya azadlığı da olmayacaq. Hansı informasiyanı versinlər, korrupsiuya faktları barədə bilgilərimi?..

“informasiya xidmətləri vətəndaşları bilgiləndirməkdən daha çox informasiyaları gizləməyə xidmət edərlər”

Hüquqşünas Ələsgər Məmmədli qapalılığın səbəblərinə daha geniş prizmadan baxır. O qeyd edir ki, 6 ildən çoxdur ki, media məsələləri üzrə ombudsman təyinatı həyata keçirilmədi, ictimai informasiya mərkəzləri yaradılmadı. Hansı ki, bunlar vətəndaşların, o cümlədən jurnalistlərin dövlət informasiyalarına çıxışına. Qanunun işləməsinə ciddi faydalar verə bilərdi. İndi diqqətlər «Elektron hökumət» dövlət proqramının icrasına yönəlib. Qanunun indiki işləyişi durumuna baxsaq deyə bilərik ki, bu hökumətin təkşili də problemi tam aradan qaldıra bilməyəcək. DÇünki, elektron resurslara daxil edilən məlumatlar jurnalistlər üçün az əhəmiyyət daşıyır. Ciddi araşdırma aparmaq istəyən jurnalistlər ciddi problemlərlə üzləşirlər. Bilgilərin qapalı tutulmasının digər səbəbisə təbii ki, korrupsiyadır. Bu səbəbdəndir ki, informasiya xidmətləri vətəndaşları bilgiləndirməkdən daha çox açıq informasiyaların məxfiliyinin saxlanılmasına xidmət edərlər.

Rövşən Hacıbəylisə qapalılığın bir səbəbini dönə-dönə vurğulayır: “İnformasiya sorğularının cavablandırılmamasının, ümumilikdə informasiya verilməməsinin kökündə dövlət qurumlarının korrupsiyaya bulaşması dayanır. Bu səbəbdən «İnformasiya Əldə Etmək Haqqında» Qanunun icrasına barmaqarası yanaşırlar. Dövlət qurumlarının xəsisliyi jurnalist olaraq bizim işimizə ciddi maneə yaradır. Bu gün medianın ən ciddi problemi siyasi azadlığın olmaması və informasiyasız mühitdə saxlanılmasıdır.

Dövlət qurumlarının informasiya bölmələri nümayəndələri isə bu mövzuda danışmağa həvəs göstərmirlər. Əlaqə saxlamaq istədiyimiz rəsmilər bu sahədə problem olmadığını deyir. Ancaq yuxarı pillədə duran qurumlardan birinin adının çəkilməsini istəməyən əməkdaşı problemlərin kifayət qədər olduğunu bildirdi: “Axı necə işləsin? Bizdə informasiya varmı, vermirik? İnformasiya yoxdur, informasiyanı bir komanda işləməlidir, araşdırmalıdır. Belə komanda yoxdur. Bizdən jurnalistlər nə isə soruşanda axtarıb nəsə tapıb veririk. İnformasiya bankımız yoxdur, bunu qurmaq üçün zəruri kadr potensialımız, maliyyəmiz yoxdur”.
Həmsöhbətimiz deyir ki, İnformasiya əldə etmək haqqında qanun qəbul ediləndən bu yana xeyli işlər görülüb: “Saytlar yaradılıb. Həmin resurslara ümumi xarakterli bilgilər vaxtaşırı da olmasa yerləşdirilir. Ancaq bu işi lazımi kadr qüvvəsinə mailk bölmələr həyata keçirməlidir. Mən jurnalistlərin peşəkarlığının aşağı olduğunu da qeyd edə bilərəm. Ancaq qanunvericilik bütün qurumların üzərinə informasiya istəyən hər bir şəxsə onlar məlumatsız olsalar belə yardım etmək vəzifəsi qoyub. Yəni problemin jurnalist peşəkarlığından qaynaqlandığını desəm qeyri-səmimi olardım. İnformasiya sahibləri üzərlərinə düşən bütün işləri yerinə yetirməlidir, bundan sonra biz jurnalist peşəkarlığından danışa bilərik”.


Durum çıxılmaz deyil

Arif Əliyev problemə çözməyin yolunu peşəkarlarda görür. Onun fikrincə informasiya sahibi sayılan qurumlarda informasiya xidməti göstərən bölmələr olmalıdır. Bu ağır problemin həlli yollarından biri mətbuat xidmətlərinə, informasiya bölmələrinə peşəkar kadrların cəlb olunmasıdır. Media ilə işləyəcək kadrlar jurnalistlərin içindən seçilməlidir ki, münasibətlər daha asan qurula bilsin. Bundan başqa ombudsman bu məsələdə jurnalistlərə köməklik göstərməlidir. Əlimdə səlahiyyətim olsaydı, informasiyaların verrilməsi məsələsini qısa müddətdə həll edərdim. Sadəcə, hökumıətin ortaya siyasi iradə qoyması zəruridir.

“korrupsiyanın kökü kəsilməsə olmayacaq”

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun qənaətincə isə problemi çözmək o qədər də asan deyil. “Problemi həll etmək üçün korrupsiyanın kökünü kəsmək lazımdır. Bu o qədər də asan məsələ deyil. Kadr təminatı lazımdır. Kadr təyinatınlarında peşəkarlara yer vermək lazımdır. Nə qədər ki, bu sektorda çalışanlar şəxsi tanışlıq, məmurlara sadiqlik və sair kimi ölçülərlə təyin olacaqlar, informasiya azadlığına nail olacağımızı düşünmək sadəlövhlük olardı».


Ekspertlərimizdən Ələsgər Məmmədli də problemə kompleks yanaşmağı vacib sayır. Onu qənaətincə, media məsələləri üzrə ombudsman institutunun yaradılması vacibdir. Bununla yanaşı vətəndaşları asan bilgi çatımı naminə ictimai informasiya mərkəzlərinin yaradılmasına ciddi ehtiyac var. Bütün bunların edilməsi informasiya əldə edilməsində əlavə imkanlar yaratmış olacaq. Cə təbii ki, dövlət qurumlarının korrupsiya çamurundan təmizlənməsi vacbdir. Bunsuz durum yenə də çox ağır olacaq.

“informasiya verməyən bütün məmurları məhkəməyə çəkməliyik”

İnformasiya çatışmazlığı problemini ümumilikdə ölkədəki siyasi sitemin mahiyyətinə bağlayan Rövşən Hacıbəyli isə xatırladır ki, qanunlar mediaya informasiya əldə etməkdə problemlə üzləşən zaman məhkəmələrə müraciət imkanı verir. Bütün bu imkanlardan yararlanmaq lazımdır. “İnformasiya əldə etməyin ən yaxşı yolu qanunvericilikdə nəzərdə tutulduğu kimi, sorğu ilə dövlət qurumuna müraciət etmək, cavab almadıqda məhkəməyə üz tutmaqdır. İnzabati qanunvericiliyə görə, informasiya sahibləri informasiya vermədikdə cərimələnə bilərlər. Jurnalistlər bütün bu imkanlardan faydalanmalıdır. Bu durumu yaxşıya doğru dəyişə bilər. Şəxsən mən öz fəaliyyətimdə bir neçə dəfə qanunların mənə verdiyi bu imkandan yararlanıb, dövlət qurumları üzərində qələbə qazanmışam.

“Peşəkar kadrlar, pul, sərbəst, təsirsiz işləmə şəraiti yetər”

Adının çəkilməsini istəməyən məmur-həmsöhbətimiz korrupsiya ilə bağlı deyilənlərlə razılaşır. O, deyir ki, doğrudan da belə hallar var, hansı ki, korrupsiyaya bulaşan sahələrə aid bilgilərin yayılmasını mümkünsüz edir. “Yəni büdcədən yeyinti halları olubsa informasiya bölməsi bunu necə informasiya çevirib yaysın?” - deyən hömsöhbətimiz problemin həllinin çox sadə olduğunu deyir: ”İnformasiya ldə edilməsi haqqında qanun informasiya əldə olunması prosedurunun xəritəsini dəqiq çəkib. Dövlət qurumları informasiya xidməti göstərən bölmələr yaratmalıdırlar. Bu bölmələr lazımi kadr potensialı ilə təmin olunmalıdır. Bu bölmələr təşkil olunan zaman nəzərə alınmalıdır ki, o bütün qurumun informasiya siyasətinə cavabdehdir. Həm də onlara zəruri maliyyə ayrılmalıdır. Maliyyə olmasa bu işi keyfiyyətli qurmaq mümkün olmayacaq. Dediklərim istiqamətində real addımlar atılarsa problemi mərhələ-mərhələ çözmək mümkündür”.



Yazı Media Hüququ İnstitutu və Amerika Hüquqşunaslar Assosiasiyasının (ABA CEELİ) Medianın hüquqi problemləri mövzusunda keçirdiyi jurnalist müsabiqəsinə təqdim olunur.

Ruslan XƏLİL






22 Yanvar, 2012  20:03 Baxılıb: 2269 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner