Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

MÜSAVATIN QURULTAYDAN SONRAKI TALEYİ – ARAŞDIRMA

Ekspert: “Kimsə düşünürsə ki, İsa Qəmbər lider kimi partiyanı idarə edə biləcək, o yanılır”

Müsavat Partiyasının qurultayı yaxınlaşdıqca partiyanın taleyilə bağlı narahatlıqlar artır. Partiyanın VIII qurultayının bu il martın 3-4-də, Şəhriyar adına Mədəniyyət Sarayında keçirilməsi artıq qərara alınıb. İsa Qəmbərdən sonra başqan olacaq şəxsin partiyada monolitliyi qoruyub saxlaya bilməyəcəyi, mərkəzdənqaçma hallarının sürətlənəcəyi iddia olunur. Bu iddiada olanların sayı getdikcə artmaqdadı. 


Məsələn, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu mətbuata açıqlamasında bildirib ki, uzun illərdir İsa Qəmbərin özünü musavatçılıq ideologiyası ilə bərabərləşdirməsi ona gətirib çıxarıb ki, əksəriyyət ideologiya ilə İsa Qəmbərin şəxsiyyətini eyni görür: «Ona görə də İsa Qəmbər ordan gedəcəyi təqdirdə Müsavat Partiyasının darmadağın olacağı fikrindəyəm. Biz bu cür situasiya ilə bir neçə dəfə üzləşmişik. Məsələn, Etibar Məmmədov AMİP-dən gedəndən sonra bu partiya ümumiyyətlə əvvəlki gücünü cəmiyyətə təqdim edə bilmədi. Eyni aqibətlə Lalə Şövkətin sədrlikdən getməsi ilə Liberal Partiyası da üzləşib».

Qeyd edək ki, İsa Qəmbərsiz Musavatın çökəcəyindən hətta partiya daxilində də narahat olan qüvvələr var. Həmin qüvvələr təklif edirlər ki, Partiyanın nizamnaməsindəki başqan seçkilərilə bağlı nəzərdə tutulan limit aradan qaldrılsın. Amma İsa Qəmbər başqanlıqdan getməkdə israrlıdır. Onun yerini Musavatda kimin tutacağı maraqlıdır.


Başqan postuna sahiblik uğrunda Mərkəzi İcra Aparatının rəhbəri, 2 aprel məhbusu Arif Hacılı açıq mübarizə apardığı ortadadı.
Onun vəkili Əsabəli Mustafayev qeyd edib ki, Arif Hacılı ilə görüşdə Müsavat Partiyasının martın 3-4-də keçiriləcək qurultayını da müzakirə ediblər: “Arif Hacılı dedi ki, qurultay gününün müəyyənləşdirilməsini alqışlayır və başqanlığa mütləq namizəd olacaq. O, başqan seçkisində qələbə qazanacağına əmindir”.
A.Hacılıya rəqib olacaq ikinci şəxsin adını çəkmək çətindir.


Bu sırada partiya funksionerləri Vurğun Əyyubun, Qubad İbadoğlunun, Arzu Səmədbəylinin və Nüşabə Sadıxlının adları çəkilir. Bu şəxslər konkret qərar verməsələr də, başqan seçkilərində iştirakda maraqlı olduqlarını da gizlətməyiblər.
Məsələn, V.Əyyub müsahibəsində bildirib ki, o, namizədliyini verməklə bağlı partiyadaşlarından təkliflər alsa da, bu barədə konkret qərarını sonra açıqlayacaq. Həmçinin o, hesab edir ki, Arif Hacılının xarakteri başqan olmağa imkan vermir: «Hesab edirəm ki, Müsavata başqa bir tip və xarakterdə olan şəxs rəhbərlik etməlidir. Həmin namizədi mən özüm üçün müəyyənləşdirmişəm. İndi yalnız onu deyə bilərəm ki, həmin şəxs namizədliyini irəli sürmək niyyətindədir.


Qeyd edək ki, hələ ötən qurultaydan az sonra V.Əyyub A.Hacılının Müsavat Partiyası icra aparatına sədr təyin olunana qarşı çıxmışdı və başqanın təyinatını tənqid etmişdi.
A.Hacılıda başqanlığa uyğun gəlməyən xarakter kimi onun qalmaqallara meylli və qruplaşmalara rəhbərlik etməsi göstərilir. Bu mənada hesab olunur ki, əgər A.Hacılı başqan seçilsə, partiyada parçalanmalar sürətlənəcək, daxili çəkişləmələr artacaq və istefalar genişlənəcək.

Müşahidələr göstərir ki, İ.Qəmbər A.Hacılıya stavka etsə də, partiyada hacılı qruplaşmasının mövqeyi kifayət qədər zəifdir. İctimai Palatanın Koordinasiya Şurasında İ.Qəmbərin namizədliyini şəxsən irəli sürməsinə və səs istəməsinə baxmayaraq A.Hacılının qardaşı Vaqif Hacıbəylinin seçilməməsi bunu deməyə imkan verir.
Amma partiyada İ.Qəmbərin Hacılı qruplaşmasına yaşıl işıq yandırmasına qarşı çıxanlar həmişə olub.

Məsələn, keçən il Müsavat Məclisinin sədri Sülhəddin Əkbər və başqan müavini İbrahim İbrahimli, Qabil Hüseynli istefalarını AXCP ilə Musavat Partiyasının birləşməməsinə görə qəbul etdiklərini bildirsələr də, əslində bu qərarın qarşıdan gələn qurultayla ilgili olduğu heç kimdə şübhə doğurmayıb. Qeyd olunur ki, İ.Qəmbərin başqanlıq yaraşında kimə stavka edəcəyi artıq məlum olduğundan narazı tərəf qabaqlayıcı addımlar atıb. Güman etmək olar ki, İ.Qəmbər Müsavatı formal olaraq məhz A.Hacılıya təhvil verməyə hazırlaşır. Arif bəy Müsavatın yeni başqanı olacaq və beləliklə də partiya İ.Qəmbərin nəzarəti altında qalmaqda davam edəcək.


Həmçinin demək olar ki, istefa verənlərin İ.Qəmbərlə aralarında hər hansı problem yoxdur. Problem partiyada bəlli qruplaşmaya rəhbərlik edən A. Hacılının rəhbərliyi altında bir sıra musavatçının fəaliyyət göstərmək istəməmələridir. Partiyadan istefa verənlər kənardan partiyaya başqan gətirilməsinin tərəfdarı idilər. Təklif olunurdu ki, AXCP ilə Musavat Partiyası birləşsin, Əli Kərimli başqan, İ.Qəmbər isə 2013-cü ildə müxalifətin prezidentliyə vahid namizədi olsun. Hətta başqan sonradan sözünü geri götürsə də, belə bir təkliflə şəxsən çıxış etmişdi. İl gündən bu plana qarşı çıxan A.Hacılıya İ.Qəmbərin dəstək verməsi istefalara səbəb oldu.

Siyasi ekspert Azər Rəşidoğlunun sözlərinə görə, başqanın kim olacağından asılı olmayaraq İ.Qəmbərdən sonra Musavatın taleyi qaranlıq görünür: «İstər Arif Hacılı, istər Qubad İbadoğlu, istərsə də, Vurğun Əyyub olsun. İsa Qəmbərsiz Musavatda mərkəzdənqaçma tendensiyası olacaq. Qruplararası mübarizə güclənəcək və partiya bir neçə siyasi təşkilata bölünəcək. Kimsə düşünürsə ki, qurultaydan sonra İsa Qəmbər lider kimi partiyanı idarə edəcək, o yanılır. AMİP lideri Etibar Məmmədovun timsalında biz bunın mümkün olmadığıın gördük. Seçkilərdə Müsavat Partiyasındakı qruplardan birinin qalib gəlməsi, digər qrupun partiyadan getməsi ilə nəticələnəcək. Kənardan gətirilən namizədin isə partiyada kifayət qədər nüfuzu olmayacaq. Müsavat Partiyasında hər kəsin qəbul edəcəyi bir şəxs yoxdur. İsa Qəmbər hesablayır ki, o, İctimai Palatanın 2013-cü il prezident seçkilərində namizədi olmaqla Musavat Partiyasını itkilərdən sığortalaya biləcək. Amma yanılır. Çünki AXCP sədri bu vəziyyətdə İsa Qəmbərə güzəştdə getmək istəmir. Yəni bütün hallarda Müsavat Partiyası qurultaydan sonra zəifləyəcək, əvvəlki gücünü itirəcək».

Ruslan XƏLİL












14 Yanvar, 2012  14:44 Baxılıb: 1643 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner