Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

DÖVLƏT TƏBİƏT QORUQLARI MİLLİ SƏRVƏTİMİZDİR

Dövlət Təbiət Qoruqları nadir təbiət obyektlərini qoruyub saxlamaq məqsədilə yaradılır.

Bu ərazilərdən elmi-təcrübə mərkəzi kimi istifadə edilir. Azərbaycanda 13 dövlət təbiət qoruğu var. 

Göygöl dövlət təbiət qoruğu Azərbaycanda yaradılan ilk qoruqdur. 1925-ci ildə Xanlar rayonu ərazisində təşkil edilən qoruğun əksər hissəsi meşəliklərdən ibarətdir. Göy-göl, Maral, Zəli göllərinin ekosistemi qoruğun əsas mühafizə obyektləridir. Ərazidə 1100-2200 metr hündürlükdə 76 növ ağac (şərq fısdığı, şərq palıdı, vələs və s.) və kolluqlar, 420-dən çox bitki növləri (quşarmudu, itburnu, yemişan, alça, gərməşov) qorunur. Burda Qafqaz maralı, qonur ayı, cüyür, vaşaq, kiçik dələ, toğlugötürən quş, qara quzğun, dağ kəkliyi, Xəzər uları var. Şərqi Qafqaz təkəsi və Zaqafqaziya qonur ayısının, Göygöldə yaşayan forel balığı və bir çox quşların adı “Qırmızı kitab”a düşüb.

Zaqatala dövlət təbiət qoruğu 1929-cu ildə Zaqatala və Balakən rayonlarının ərazisində, yaradılıb. Qoruqda fıstıq, dəfnəgilas, Qafqaz qaragiləsi, məxməri ağcaqayın, ayı döşəyi, palıd, vələs, cökə, göyrüş, şabalıd, qoz, qaraçöhrə, qarmaqvari şama rast gəlmək olar. Burada Dağıstan dağ kəli, qararaça, maral, cüyür, çöl donuzu, ayı, porsuq, tülkü, meşəpişiyi, vaşaq, sincab, gəlincik kimi heyvanlar yaşayır. Qoruğun ərazisi mürəkkəb relyefdən ibarətdir. Burada dağ və yüksəkliklər dərin dərələrlə, daşlı-qayalı çay sahilləri ilə kəsilir. Əsrlər boyu burdan keçən çaylar hündürlüyü 20 metrə çatan gözəl şəlalələr, keçilməz dərələr yaradıb. Ərazisində 10-a yaxın şəlalə və 15-17 müxtəlif sulfatlı-mineral bulaq var. Qoruğun şimal hissəsində yerləşən dağlar şiş zirvəli sal qayalardan ibarətdir. Bu qayalar ilin çox vaxtı qarla, cənubdakı günbəzvari dağlar isə alp çəmənlikləri ilə örtülü olur.

Qızılağac dövlət təbiət qoruğu 1929-cu ildə Xəzər dənizinin cənub-qərbində köçəri, su, bataqlıq və çöl quşlarının qışlaması, artırılması və qorunması məqsədilə yaradılıb. Qoruq YUNESKO-nun beynəlxalq əhəmiyyətli “Sulu-bataqlıq yerlər haqqında Ramsar konvensiyası”nın siyahısına daxil edilib. Burada 248 növ quşa rast gəlmək olar. Hər yaz yuva qurmaq üçün qoruğa Şərq ölkələrindən qaranazlar, ərsindimdiklər, sarı və ağ vağlar, misir vağları uçub gəlir. Qoruqda turac, sultan toyuğu, qızılqaz, bəzgək, çay ördəkləri, qaşqaldaqlar, qu quşları məskunlaşıb. Quşlardan 20-yə qədəri “Qırmızı kitab”a daxil edilib. Su hövzəsində 54 növ (siyənək, kütüm, çəki, naxa, sıf, çapaq, kefal, xul və s.) balıq var. Böyük Qızılağac körfəzində isə Xəzər suitisi qorunur.
Qoruqda həmçinin çöl donuzu, canavar, qamış pişiyi, porsuq, su samuru, tülkü yaşayır. Ərazidə bataqlıq, yarımsəhra və çəmənlik bitkiləri yayılıb. Böyük Qızılağac körfəzinin dərin sulu hissələrini kiçik dənizotu cəngəllikləri, dayaz yerlərini isə yaşıl, diatom və göy-yaşıl yosunlar əhatə edir. Kiçik Qızılağac körfəzində sualtı bitkilərdən su çiçəkləri, buynuzyarpaq, sulələyi, həmçinin qamış, dəniz lığvari, ciyən və s. bitir.

Türyançay dövlət təbiət qoruğu 1958-ci ildə Bozdağın arid meşələrinin qorunması, bərpası məqsədilə təşkil edilib. Qoruqda 3 növ ardıc (iyli, qırmızı, çoxmeyvəli), Gürcüstan palıdı, adi göyüş, sarağan, efedra, saqqızağacı, nar və başqa ağaclar inkişaf etdirilir. Ərazisi alçaq dağ tirələrdən ibarətdir. Yayı isti, qışı mülayim isti keçir. Burda çöl donuzu, qonur ayı, porsuq, dələ, tülkü, dovşan, çaqqal, vaşaq kimi çöl heyvanları məskən salıb. Qoruq ərazisi qışlaq yeri kimi əlverişlidir. Burada müxtəlif ilanlara (daha çox gürzə) və kərtənkələyə rast gəlinir. Türyançayın sularında Xəzər tısbağası yaşayır. Quşlardan kəklik, göyərçin, adi qur-qur, ağbaş Asiya kərkəsi, leşyeyən qartal, qara kərkəs, sərçələr, qaratoyuqlar, zığ-zığ, payız bülbülü, dağ vələmirquşu, böyük və uzunquyruq arıquşu və s. məskunlaşıb. Qoruqda ayı, şahin, berkut, çöl qartalı yaşayır. Üçüncü dövrün relikt ağacı olan ardıcın Azərbaycanda yayılmış 6 növündən 4-ü Türyançay qoruğunda yayılıb. Qeyd edək ki, bir hektar ardıc meşəsi 10-15 min əhalisi olan sənaye şəhərinin havasını təmizləmək gücünə malikdir.

Pirqulu dövlət təbiət qoruğu Şamaxı rayonunda yerləşir. 1968-ci ildə dağ-meşə landşaftlarını, müxtəlif növ bitki örtüyünü, torpağın münbit qatını qorumaq, meşə sahələrini artırmaq məqsədilə yaradılıb. Qışda soyuq, yayda isti iqlimə malik qoruqda boz ayı, canavar, meşə pişiyi, vaşaq, gəlincik, çöl donuzu, cüyür yaşayır. Quşlardan qırqovul, zığ quşu, qara tetra və başqaları var. Meşəlikləri vələs, palıd, fısdıq, söyüd, qaracöhrə, ağcaqayın, göyrüş ağaclarından ibarətdir.

Şirvan dövlət təbiət qoruğu Şirvan düzənliklərinin cənub-şərq hissəsində Salyan və Neftçala rayonları ərazisindədir. 1969-cu ildə ceyranların və digər fauna növlərinin mühafizəsi, bərpasını təmin etmək məqsədilə yaradılıb. 2003-cü ildə Qoruğun bazasında və ətraf ərazilərdə Şirvan Milli Parkı qurulub. Qışı mülayim, yayı quru və isti keçir. Qoruq yarımsəhra və düzənlik ərazidə yerləşdiyindən burada çay və bulaq yoxdur. Ərazidən keçən kollektorlar vasitəsilə qoruqdakı Çala gölü su ilə təmin olunur. Göldə qamış və digər su bitkiləri inkişaf edib. Su-bataqlıq ərazilərdə nadir köçəri (turac, bəzgək, dovdaq, qu quşu, boz qaz, qızıl qaz, Quba qazı, qızılbaş ördək, boz ördək, anqut, qaşqaldaq, böyük ağ vağ, kiçik ağ vağ, boz vağ, sarı vağ, bizquyruq ördək, enliburun ördək və s.) quşlar qışlayır. Qoruqda ceyran, qunduz, çöl donuzu, dovşan, Xəzər suitisi, canavar, çaqqal, tülkü, porsuq və s. heyvanlar var.

Qarayazı dövlət təbiət qoruğu 1978-ci ildə, Qazax rayonu ərazisində yaradılıb. Burda əsas qorunan obyekt Kür çayının orta axarı boyunca yerləşən tuqay meşələridir. Qoruqda ağac növlərindən ağyarpaq qovaq, palıd, qızılağac və ağ akasiya üstünlük təşkil edir. Heyvanlardan qunduz, dələ, gəlincik, dovşan, çöl donuzu, tülkü, çaqqal, porsuq, çöl pişiyi, quşlardan qırqovul, göyərçin, alabaxta, qaratoyuq, ağacdələn, sığırçın və bülbülə rast gəlmək olar. Çay yatağının sahili boyunca söyüd, böyürtkən, iydə, zirinc kimi kollar var. Qoruqda qurbağalar, bataqlıq tısbağası, müxtəlif ilanlar və kərtənkələlər məskunlaşıb.

İsmayıllı dövlət təbiət qoruğu 1981-ci ildə yaradılıb. Qoruqda fıstıq, vələs, palıd, şabalıdyarpaq palıd, qaraçöhrə, ağcaqayın, göyüş, cökə ağacları meşəliklər əmələ gətirir. Burda boz ayı, meşə pişiyi, vaşaq, Qafqaz nəcib maralı, cüyür, qararaça, Dağıstan turu və başqa heyvanlar yaşayır. Quşlardan toğlugötürən, Qafqaz tetrası, qartal, qırğı dimdikli tetraçalan, balıqlardan çay xallı balığı Azərbaycanın “Qırmızı kitab”ına düşüb.

İlisu dövlət təbiət qoruğu nadir və nəsli kəsilməkdə olan fauna və floranı qorumaq, artırmaq, meşələrin əvvəlki vəziyyətini bərpa etmək məqsədilə 1987-ci ildə yaradılıb. Qax rayonunda yerləşən qoruqda 500 növ bitki vardır ki, onlardan 60-a yaxını endemik növlərdir. Burada maral, cüyür, dağ kəli, çöl donuzu, dələ, qararaça və s. heyvanlar yaşayır. Qoruqda dərman, endemik, nadir və nəsli kəsilmək təhlükəsi altında olan bitki növləri çoxdur. Ərazidə şərq fısdığı, Qafqaz vələsi, şərq palıdı, Litvinov tozağacı, Trautvetter ağcaqayını, quşarmudu, itburnu, böyürtkən, dovşanalması, topulqa, yabanı gilas, zoğal, moruq və s. bitkilər yayılıb. Qaraçöhrə, Radde ağcaqayın bitkilərinin adları “Qırmızı kitab”lara daxil edilmişdir. Qoruqda nəcib maral, cüyür, köpgər, təkə, çöl donuzu, qonur ayı, canavar, tülkü, daş və meşə dələləri, gəlincik, porsuq, yenot, meşə pişiyi, vaşaq, dovşan, süleysinlər, siçanlar, sincablar var. Qoruqdakı çaylarda forel balığı yaşayır.

Şahbuz dövlət təbiət qoruğu 2003-ci ildə Naxçıvanda yaradılıb. Ərazidə dərman bitkiləri, palıd ağacları qorunur. Burada quşlardan Avropa tüvüyü, kəklik, enliquyruq bülbül, heyvanlardan qonur ayı, porsuq, vaşaq yaşayır. Azərbaycanda olan 50 növ sürünənlərin hamısına - 3 növ tısbağaya, 22 növ ilana və 25 növ kərtənkələyə - qoruğun ərazisində rast gəlinir. Qoruğun geniş hissəsini palıd, ardıc, ağır iyli ardıc, Araz palıdı ağacları, yemişan, alma, alça, şərq palıdı, vən, daş armud, acı badam kolları təşkil edir.

Eldar Şamı dövlət təbiət qoruğu 2004-cü ildə Samux rayonunda yaradılıb. Qoruğun yaradılmasında məqsəd nadir və endemik növ Eldar şamının və ardıc ağaclarının qorunub saxlanılmasıdır. Qoruqda həmçinin murdarça, doqquzdon, nar, efedra, zirinc, qarağan, dovşan alması, qaratikan kimi ağac və kollar var. Eldar şamı ağaclarının yaşı 100-120 il, hündürlüyü 2-6 metrdir. Onun adı Azərbaycan Respublikasının «Qırmızı kitab»ına daxil edilib. Burada heyvanlardan yalnız dovşan, quşlardan isə kəklik diqqəti cəlb edir.

Palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu Bakı və Abşeron yarımadasında yeroləşir. 2007-ci ildə ərazidəki 52 palçıq vulkanına dövlət təbiət qoruğu statusu verilib. Məqsəd palçıq vulkanlarından antropogen təsirə məruz qalanları (Pirəkəşkül, Keyrəki, Qaradağ, Daşgil, Bozdağ, Qobu, Hökməli və s.) mühafizə etmək, ərazilərdə tikinti işlərinin qarşısının alınması və elmi araşdırmaların aparılmasıdır.

Korçay Dövlət Təbiət Qoruğu 2008-ci ildə Goranboy rayonunda yaradılıb. Burda nadir və nəsli kəsilməkdə olan heyvan növləri qorunur. Ərazisi düzənlik, təpəlik və alçaq daglıq sahələrdən ibarətdir. Ərazidə efemerlər yaxşı inkişaf edib. Təbiəti heyvan və quşlar üçün mühüm əhəmiyyətə malikdir. Burda yaşayan ceyran və turac quşunun adı Azərbaycanın «Qırmızı kitab»ına daxil olunub. Burada dovşan, tülkü, çaqqal, canavar; kəklik quşu da var.

Hazırladı: Arifə Mikayılova (“Simsar” jurnalı)






30 Dekabr, 2011  14:45 Baxılıb: 15918 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner