Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Günel Mövlud: YENİ VƏ KÖHNƏ...

Bu yazını dünyadan köçən və hansısa səbəblər üzündən ayrı düşdüyüm insanlara ithaf edirəm...

Üç gün qaldı yeni ilin gəlişinə. Tarixdəki bütün illər kimi bu il də bir daha təkrarlanmayacaq. Bir daha heç vaxt 2011-ci il olmayacaq yəni.
Bu il dünyasını dəyişən nənəm bir daha olmayacaq. Anamın bir daha heç vaxt 50, atamın 55, mənim bir də heç vaxt 30 yaşım olmayacaq. Qardaşımın balaca Şahvələdi bir də heç vaxt bu ilki kimi 6 aylıq, yumru körpə olmayacaq...
Bir daha heç nə təkrarlanmayacaq. Bu yaxşıdımı, pisdimi, bilmirəm..
Təsirləndiyi şeylər barədə burnunun suyunu axıtmadan danışa bilmək bacarığı verilməyib qadınlara...
Gözünün yaşı ovcunda olan qadının içində həmişə bir saxlamaq istəyi olur. Solan gülü, ölən quşu, sovulan yayı, batan günəşi, uçan evi, ölən xəstəni, çıxıb gedən sevgilini, yəni saxlaya bilməyəcəyi, yəni saxlanması mümkün olmayan şeyləri...yəni ötüb keçən ili...
Amma saxlanmağı mümkün olmayan şeylərin içində ən çox saxlaya bilmədiyin il yandırır adımı. Özü də o ili boş keçirmisənsə...
İnsan kimi keyidiyim bir il keçirdim. Nə sevgim oldu, nə nifrətim. 2011 heç yaşanmamış kimi keçdi. Amma mən yenə də onun bir daha təkrarlanmayacağına kədərlənirəm.
Bu il təkcə itki ilə yadımda qalacaq. Bu il itkinin ən pisini yaşadım - insan itirdim. Həyatın məndən alıb-apardığı insanlar da oldu, öz günahım ucbatından yaxın kimi, dost kimi itirdiyim insanlar da. Amma çox ağrıya da bilmədim. 2011 ağrımaq bacarığımın çoxunu itirdiyim, keyidiyim il oldu.
Bu yazını yaza-yaza qarşıladığım ən kədərli yeni ili yadıma salmaq istədim. Maraqlıdır, ağır, pis gün, kasıb həyat, əsəblə dolu illər düşdü yadıma. Amma kasıbyana, sevincsiz, ağır-ağır qarşıladığım il yadıma düşmədi. İl necə keçir keçsin, il necə gəlir-gəlsin, yeni il günü sevinmədiyim olmayıb.
Köhnə və sevimli sovet filmləri, paytaxt salatı, mandarinlər, şampan...sevinmək üçün adama o qədər də çox şey lazım olmur. Hələ üstəlik, sevinmək üçün bir bəhanə də varsa. Bilirsən ki, bəlkə gələn ildə də heç nə dəyşməyəcək. Bəlkə lap bu ildən də pis gələcək. Bəlkə ən yaxın adamını itirəcəksən. Bəlkə ömrnün ən əzablı ilini yaşayacaqsan. Bəlkə də ömrünün sonuncu ili olacaq...
Amma inanırsan. Bunların heç birinin olmayacağına. İlin ildən daha gözəl olacağına. İnanırsan, çünki inanmaqdan başqa əlindən heç nə gəlmir. Çünki başqa əlac qalmayanda inanmaq çıxış yoludur. Ümid eləmək isə xilas...
Nə vaxtsa yeni il günlərində çəkdirdiyimiz şəkillərə baxıram. Ən fərqli yerlərdə, ən fərqli evlərdə, ən fərqli insanlarla qarşılamışam yeni ilin gəlişini. Elə şəkillər var ki, süfrə kasıb, yolka balacadı. Əynimizdəki üst geyimlərindən evin soyuqluğu bilinir. Amma o şəkillərdə indi tapa bilməyəcəyimiz bir şey var: o şəkillərdə hamı daha gəncdi.
Çünki həmişə belə olur. Çünki həmişə, hər təzə ilə biz bir az da köhnəlmiş çıxırıq. İl təzə gəlir, köhnələn isə tarix və insandı...
Köhnəliyiniz mübarək...






27 Dekabr, 2011  18:19 Baxılıb: 2189 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner