Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Günel Mövlud: KÜÇƏ FƏNƏRLƏRİ VƏ TƏBƏSSÜM

İşığa qədər

İl yadımda deyil. Amma aradan xeyli keçib. Bakıda bəlkə də on ildə bir dəfə yağan güclü qar yağmışdı. Nəinki yollar, insanların nəfəsləri də buz bağlamışdı. Enli asfaltlarda maşın əvəzinə insan qaynayırdı.
Həmin günün axşamı işdən çıxanda çaşıb qaldım. Evə getməyə nə avtobus tapdım, nə də taksi. Əlac evə piyada getməyə qaldı. Əslində, mərkəzdə yaşayan dost-tanışlardan kiminsə evində qala bilərdim, amma nəsə məhz öz evimizə getmək istədim. Mərkəzdən uzaqlaşdıqca gecənin ən gec saatlarına qədər yanan mərkəz işaqları geridə qaldı. Ucqar məhəlləmizə çatanda isə artıq göz-gözü görmürdü.
Xislətcə qorxaq adam deyiləm. Amma həmin gecənin qəribə xofu vardı. Şaxtalı havaya görə küçələrdə kimsə yox idi. Zülmət, şaxta, uzaqda bəlkə də soyuqdan dilə gələn küçə itlərinin ulartısı - canıma dəhşətli qorxu gəldi.
Məhəllə ucqar yerdədi, buralara gəliş-gedişin az olduğundan, yollar daha qarlı idi. Bəlkə də gün uzunu adam ayağı dəyməyən, üst-üstə qar yağan yollarda ayağım dizə qədər qara batırdı - yerimək get-gedə çətinləşirdi. Zülmət, şaxta, qorxu da bir yandan.
Güc-bəla ilə addımladıqca birdən hiss elədim ki, ətraf aydınlanmağa başlayır. Başımı qaldıranda gözüm o dəqiqə uzaqdakı ikimətəbəli, iri bir evə sataşdı.
Uşaq vaxtımdan böyük evlərdən xoşum gəlmir. Uşaq vaxtı həmişə evimizi özüm silib-süpürdüyümdən, böyük evləri görəndə gözüm qorxurdu. Ev sahibinin yerinə mən yorulurdum. O boyda evi necə təmizlədiyini düşünürdüm. Onda hələ bilmirdim ki, belə böyük evləri olan adamlar evlərini özləri yığışdırmır...
İşıq o evin pəncərələrindən gəlirdi. Gecə vaxtı pəncərəsi yola işıq salan ev qədər sadə bir şey yoxdur bəlkə də dünyada, amma bu evin pəncərələri həddən artıq çox idi. hər iki mərtəbənin divarlarındakı pəncərələri saymaq çətin idi. Elə buna görə də, pəncərələrin pərdə ilə qapanmağına baxmayaraq, onların işığı bu qarlı yola uzanıb gedən çoxlu işıq zolaqları salmışdı.
O qarlı yolu gedib evə çatana qədər bəlkə hələ çox əziyyət çəkdim. Amma o işığı görəndən sonra yaşadığım qorxu və narahatlıq yadımda qalmayıb. Yadımda qalan və xatırlayanda hələ də canıma qorxu, soyuq gətirən o yolun həmin işığı görənə qədər yeridiyim hissəsidi.

Gülüşə qədər

Bu hadisə də təxminən elə həmin illərdə baş verib. Amma qış deyildi, yayın qorabişirən vaxtlarıydı. O vaxt əsəblərimin dəhşətli dərəcədə gərgin vaxtları idi. Günüm-saatım psixiatrlarda, sonra da onların mənə yazdıqları psixotropları axtarmaq üçün apteklərdə keçirdi. Əsəbdən damarlarım ağrıyırdı.
Günlərin birində yaxın dostlarımdan biri mənə mənzərəli rayonlarımızın hansındasa yerləşən istirahət mərkəzinə hədiyyə kartı tapdığını dedi. Dedi ki, əsəblərimə də yaxşı təsir eləyər, baxma, gözəl mənzərə, tarixi yerlər, təmiz su və hava, gülərüz insanlar, şux ovqat...razılaşdım və dostumun təklifini qəbul elədim.
İstirahət mərkəzinə çatar-çatmaz bura gəlməyimə it kimi peşman oldum. Mərkəz ən bahalılarından idi, orada dincələnlərin böyük əksəriyyəti varlı adamlar idi. Gün uzunu gördüyüm bər-bəzəkli, qır-qızıllı arvadlar, harın, yekəqarın kişilər, aclığın, yoxluğun, yoxsulluğun nə olduğunu bilməyən ərköyün uşaqlar idi. Uşaqlıqda bircə dəfə olsun aclıq çəkməyən bütün uşaqlardan zəhləm gedir.
İndi burada gördüklərim məni daha çox əsəbiləşdirir, daha çox ağrıdırdı.
Dərd gələndə batmanla gəlir. Özümü heç cür toparlaya bilmirdim. Həyatımın ən uğursuz vaxtları idi. Özümü heç nədə, heç harda təsdiq edə bilmirdim. Öz gözümə dünyanın ən uğursuz insanı kimi görünürdüm - qadınlıqda, dostluqda, yaradıcılıqda, övladlıqda...bir yandan da dörd yanımı saran bu harın adamlar vardı...
Və əsəblərim dözmədi. O qədər ağrıyırdım ki, o ağrını bitirməyin yolu ancaq ölümdən keçirdi. Yəni mən belə düşünürdüm. İntihar eləmək qərarına gəldim. Zarafatsız, pafossuz, məqsədsiz. Sadəcə ağrıdığım üçün, bu ağrıya daha dözə bilmədiyim üçün.
Yollarını axtardım. Həmin gün dərimi diddirəcək qədər dözülməz ağrı ilə mərkəzin bağ-bağatlı yerini gəzirdim. Kol-koslu cığırda qarşıma hündür, alagöz, bığlı kişi çıxdı. Yaşı əlli ancaq olardı, amma daha yaşlı görünürdü. Onu bir neçə gün idi ki, burada görürdüm. Ailəsi ilə gəlmişdi. Bir yığın arvad-uşaqla. Özünün də, ailəsinin də davranışlarından hiss olunurdu ki, çox da varlı adamlar deyillər. Burada dincəlmək üçün bəlkə də il uzunu qənaət eləmişdilər. Ya da mən elə düşünürdüm. Buna inanmaq istəyirdim.
Kişidən nəsə soruşdum. Nə soruşduğumu xatırlamıram. Çünki sualım ağzımdan çıxar-çıxmaz üzümə elə gülümsədi ki, bir anda bütün dünyam dəyişdi. Bəlkə də o təbəssümdə qeyri-adi heç nə yox idi. Bəlkə də dünyanın ən adi təbəssümü idi. amma mənim həmin anda kiminsə üzümə gülümsəməyinə o qədər ehtiyacım varmış ki...buna görə də mənə elə gəlir ki, sonralar heç vaxt elə təbəssüm görmədim. Təmiz, mehriban, qayğı ilə, tanımadığı birinə canıynanlıqla, kömək etmək arzusu ilə dolu. Ya da mən elə görmək, elə hiss eləmək istəyirdim.
Neçə gün ərzində ilk dəfə üzüm güldü, ağrılarımın, gərginliyimin əriyib harasa yoxa çıxdığını, darmadağın olan əsəblərimin düzəldiyini hiss elədim. Kişi isə mənə nəsə dedi və keçib getdi.
O kişi həmin gün məni xilas elədi. Bilmirəm, o olmasaydı mən intihar edəcəkdim, yoxsa yox. Amma dəqiq bilirəm ki, nə olacaqdısa, çox ağrılı, çox pis olacaqdı. Amma gülüşü bir qadını xilas eləyən o adamın birinə ömür bağışladığından xəbəri olmadı.
Aradan illər keçib. Ömrümdə cəmi bir ya iki dəfə yaxından gödüyüm o kişini harda görsəm, tanıyaram. O adamı, məni ölümdən, ən azı ölməyi arzulamaqdan qurtaran o adamı...

Küçə fənərləri və təbəssüm

Başqalarının yoluna işıq salan küçə fənərləri, evlərin böyük pəncərələri kimi bir şeydi insan təbəssümü. Özümüzün də xəbərimiz olmur pəncərəmizdən düşən işığın kiminsə yolunu aydınlatdığından. Dodaqlarımıza elə-belə, məqsədsiz qonan sadə təbbəssümün kimisə ağrılarından qurtardığından. Təbəssüm - qəlbimizdən insanların yoluna düşən işıqdı. Təbəssüm bizim işığımızdı, qəlbimizin işığıdı. Çovğunlu və zülmət gecədə yolunu azmış bir yolçunun yolu üstünə işıq salan bir pəncərə qədər köməyimiz dəysin insanlara.
Gülümsəyək...






21 Dekabr, 2011  15:28 Baxılıb: 2068 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner