Niyazinin ev-muzeyində görkəmli bəstəkarın həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib
Dekabrın 7-də Niyazinin ev-muzeyində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Klassik Musiqisevərlər Klubunun dəstəyi ilə görkəmli bəstəkar, Xalq Artisti, Prezident təqaüdçüsü, “Şöhrət” ordenli, Bakı Musiqi Akademiyasının professoru Tofiq Bakıxanovun anadan olmasının 80 illiyinə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə görkəmli bəstəkarın həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib. Muzeyin elmi işçisi Təranə Qurbanova T.Bakıxanovun həyat və yaradıcılığı haqqında məlumat verib.
Bildirilib ki, 1930-cu ildə Xalq Artisti Əhmədağa Bakıxanovun ailəsində dünyaya göz açmış Tofiq Bakıxanov mükəmməl musiqi təhsili alıb, Azərbaycan və dünya klassik musiqi ənənələrini mənimsəyib. İstər gəncliyində, istərsə də ömrünün ixtiyar çağlarında musiqimizi dünyanın bir çox ölkələrində təbliğ edib. Hələ erkən gənclik illərində skripka ifaçısı kimi də tanınan böyük sənətkar yorulmadan bir çox səhnə əsərlərinə musiqi yazıb, baletlər, simfonik əsərlər, simfonik muğamlar, çoxlu sayda kamera-instrumental və kamera-vokal əsərləri, mahnılar, romanslar bəstələyib.
Tədbirdə tanınmış ifaçılar bəstəkarın əsərlərini ifa etmişlər. Klassik Musiqisevərlər Klubunun üzvlərinin ifasında müəllifin “Xəzər balladası”, “Şərq poeması”ndan parçalar və s. əsərləri səslənib.
Sonda Tofiq Bakıxanov tədbirin təşkilatçıları və iştirakçılarına minnətdarlığını bildirib.