Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Avrasiya İttifaqı ətrafinda «məkik diplomaitiyası»

Rusiyanın Azərbaycanı bu ittifaqa qoşmaq ücün təzyiqləri işə salacağı gşzlənilir?

Rəsmi Bakı buna hazırdırmı?

Keçmiş SSRİ-nin şöhrətini və fövqəldövlət statusunu öz timsalında bərpa etməyə cəhd edən, bu istiqamətdə fəaliyyətini davamlı olaraq genişləndirən Rusiyanın ictimai-siyasi həyatında diqqət cəlb edən əsas hadisə gələn ilin martında keçiriləcək növbəti prezident seçkiləridir. Sözügedən seçkilərdə hakim Vahid Rusiya partiyasının favoriti əvvəldən də gözlənildiyi kimi artıq noyabrın 27-də namizədlyii rəsmən irəli sürülən indiki baş nazir Vladimir Putin oldu. Rusiyada son illərin seçki təcrübəsi və bu ölkənin mövcud siyasi palitrası nəzərə alınarsa, qarşıdakı 6 il ərzində cənab Putinin şimal qonşumuza rəhbərlik edəcəyi ehtimalının kifayət qədər yüksək olduğu üzə çıxar. KQB şinelindən çıxan bu şəxsin böyük siyasi ambisiyaları, xüsusən də xarici siyasət məsələlərində özünü keçmiş Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibləri kimi aparması Putinin fəaliyyət dairəsinin Rusiya sərhədləri ilə məhdudlaşmayacağını bəri başdan deməyə əsas verir.

Digər tərəfdən,Vladimir Putin üçün prioritet məsələlərdən biri postsovet məkanında Rusiyanın əvvəlki hegemonluğunu bərpa etmək, Qərb dövlətlərini bu ərazilərdən sıxışdırıb çıxarmaq və geosiyasi mübarizənin əsas qalibinə çevrilməkdir. Sözügedən kontekstdə Rusiyanın indiki hökumət başçısının əsas planları sırasında MDB dövlətlərini yenidən bir çətir altına yığmaq və SSRİ-yə bənzər birlik formalaşdırmaqdır. Artıq bununla bağlı Putin yenidən prezident postuna gəlməzdən öncə müəyyən addımlar atmaqdadır. Söhbət bu şəxsin Avrasiya İttifaqı yaratmaq ideyasından gedir. O, Avrasiya İttifaqını hansı formada görmək istədiyini «İzvestiya» qəzeti üçün yazdığı məqalədə açıqlayıb. Putin məqaləsində vurğulayır ki, Avrasiya İttifaqı açıq bir layihə olacaq: «Biz ora digər ölkələrin, ilk növbədə MDB ölkələrinin üzv olmasını alqışlayacağıq». Buradan da aydın görünür ki, Putinin əsas məqsədi ilk növbədə MDB dövlətlərini yeni ittifaqa cəlb etməkdir. Qazaxıstan, Qırğığıstan, Belarus, Ermənistan kimi ölkələrin belə bir ittifaqın yaradılmasına dair razılığını alan Putinin yeni birlik ideyasına Qərbdə olduğu kimi elə MDB məkanında yer alan bəzi dövlətlər, o cümlədən də Azərbaycan müsbət yanaşmır. Elə bunun nəticəsi olaraq Azərbaycan Putinin yeni birliyinə daxil olmaqda maraqlı olmadığını bəyan etdi. Əslində, bununla rəsmi Bakı kifayət qədər düzgün bir addım atdı.

İlk növbədə ona görə ki, Putinin təklif etdiyi Avrasiya İttifaqı daha çox Rusiyanın bura daxil olan ölkələrə iqtisadi, siyasi zəmində təsir imkanlarınıy yüksəlməsinə hesablanıb. Bu isə artıq müstəqil xarici siyasət aparan Azərbaycanın maraqlarına ziddir. İkinci bir tərəfdən Avrasiya İttifaqında yer almaq bütün üzv dövlətlərlə ilk növbədə iqtisadi zəmində əlaqələr yaradılması və ya mövcud əlaqələrin daha da dərinləşdirilməsi deməkdir. Qeyd edək ki, rəsmi Moskvanın yaratmağa çalışdığı vahid iqtisadi komissiya Avrasiya iqtisadi məkanına üzv ölkələrin xarici ticarət, valyuta, enerji, makroiqtisadi siyasətini, nəqliyyat, miqrasiya, maliyyə bazarları sahələrini tənzimləyəcək. Layihədə qurumun digər məsələlərlə məşğul olacağı da göstərilsə də, onların mahiyyəti açıqlanmır. Bütün bunlar isə o deməkdir ki, Azərbaycan Avrasiya İttifaqına daxil olacağı təqdirdə ərazilərini hələ də işğal altında saxlayan Ermənistanla əməkdaşlıq qurmalıdır. Təbii ki, bu, Azərbaycanın milli maraqlarına qətiyyən cavab vermir və düşmən ölkənin sosial-iqtisadi vəziyyətinin yaxşılaşmasına xidmət edən addım sayılır.

Üçüncü bir önəmli faktor Azərbaycanın xarici siyasətinin prioritet istiqaməti kimi Avroatlantik məkana inteqrasiya, o cümlədən perspektivdə Avropa İttifaqı sıralarına daxil olmaq kursu seçməsidir. Lakin Avrasiya İttifaqına daxil olmaq Avroatlantikya gedən yolun kəsilməsi deməkdir. Bütün bunlar Putinin təklif etdiyi yeni birliyin Azərbaycan üçün cəlbedici olmayan qurum qismində çıxış etdiyini aydın surətdə ortaya qoyur.

Həmçinin bu ondan xəbər verir ki, Azərbaycan gələcəkdə də Avrasiya İttifaqına daxil olmaqdan imtina edəcək. Lakin Bakının bu mövqeyi heç şübhəsiz ki, Putinin istək və mövqelərinə uyğun gəlmir. Bu baxımdan onun prezident postuna yiyələndikdən sonra müxtəlif vasitələrlə Azərbaycanı yola gətirməyə çalışacağı şübhə doğurmur. Çünki Rusiyanın indiki hökumət başçısı Avrasiya İttifaqını sadəcə yeni ideya kimi ortaya atmadığını artıq təsdiqləyib. Noyabrın 18-də Rusiya, Qazaxıstan və Belarus prezidentlərinin Avrasiya İttifaqı ideyası ilə bağlı ilkin sənədlərin imzalanmasına nail olması bunu sübutu sayıla bilər.

“Avrasiya iqtisadi birliyi haqqında” deklarasiya bu itttifaqın yaradılması üçün yol xəritəsi sayılır. Qeyd edək ki, politoloqlar Rusiya, Belarus və Qazaxıstanın birliyinə tezliklə Qırğızıstan və Ermənistan kimi ölkələrin qoşulacağını proqnozlaşdırırlar. Yeri gəlmişkən onu da xatırlatmaq lazım gəlir ki, Rusiya postsovet məkanında dövlətlər üzərində bir idarəetmə orqanının formalaşdırılması cəhdlərini MDB çərçivəsində də həyata keçirir. Azərbaycan və Özbəkistan istisna olmaqla, MDB-yə üzv olan bütün ölkələr azad iqtisadi zonanın yaradılması haqqında sazişə imza atıblar. Deməli, Putinin nəzərdə tutduğu Avrasiya İttifaqının reallaşamsı və MDB ölkələrinin buraya cəlb edilməsi üçün əsas diqqət perspektivdə daha çox Azərbaycan və Özbəkistanın üzərinə yönələcək. Çünki Moskvanın nöqteyi nəzərincə məhz bu iki dövlət də Avrasiya İttifaqının real gücə cevrilməsi ücün potensial üzvlərdir. Ümumiyyətlə, Gürcüstan istisna olmaqla qalan bütün MDB dövlətlərinə Kreml rəhbərliyi Avrasiya İttifaqının potensial üzvləri kimi yanaşır. MDB üzvlüyündən də çıxan Gürcüstanda isə Saakaşvili hakimiyyəti dəyişməynə kimi bu dövlətin Moskva ilə münasibətlərinin düzələcəyi inandırıcı görünmür.

Beləliklə, Putinin yenidən prezident kürsüsünə yiyələndikdən sonra reallaşmasına daha böyük şövqlə yanaşacağı qətiyyən şübhə doğurmayan Avrasiya İttifaqı ilə bağlı cərəyan edəcək hadisələrin əsas istiqamətlərindən biri Azərbaycanla bağlı olacaq. Moskva hər vəchlə Azərbaycanı bu quruma daxil etməyə çalışacaq. Bunun isə müxtəlif vədlər, eləcə də təzyiqlər yolu ilə həyata keçiriləcəyini proqnozlaşdırmaq olar. Məsələn, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana müəyyən vədlər verməklə ölkəmizən bu quruma gedən yolunun açılmasına nail ola bilər. Lakin bu məqam az ehtimal olunandır. Çünki Kreml Qarabağ konflikti ilə bağıl Azərbaycanın maraqlarına cavab verən mövqe nümayiş etdirsə, onda Cənubi Qafqazda əsas forpostu sayılan Ermənistanı itirmək təhlükəsi ilə üz-üzə qalacaq. Belə varinat isə Kreml üçün sərfəli sayılmır. Elə bu səbəbdən gözlənilir ki, Rusiya məqsədinə nail olmaq üçün ənənəvi siyasət üsulundan, yəni təzyiqlər metodundan faydalansın. Belə təzyiqlər üçün Moskvanın əlində müəyyən rıçaqlar mövcuddur və onlardan ən birincisi Qarabağ münaqişəsidir. Rusiya yenidən İrəvan üçün məqbul olan sərfəli şərtlər əsasında Ermənistanı müasir əsgəri texnika ilə təchiz etmək, həmçinin Qarabağ cəbhəsində vəziyyəti gərginləşdirməklə Bakı üçün məqbul olmayan addımlar ata bilər. Bundan başqa təzyiqlər yoluna əl atarsa, Kremlin Rusiyada olan çoxsaylı Azərbaycan vətəndaşlarını bu ölkədən deportasiya etmək siyasətinə əl ata biləcəyi də gözləniləndir.

Xatırladaq ki, bu günlərdə analoji siyasəti Moskva Tacikistana tətbiq etdi. Tacikistanda həbs olunan rus pilotlarının azad edilməsi üçün Kremlin tacik miqrantları ölkədən çıxarmaq barədə qərarı dərhal öz effektini verdi və rus pilotlar azad olundular. Deməli, miqrant məsələsinə Moskva hələ də təzyiq vasitəsi kimi yanaşmaqdadır.
Digər təzyiq vasitəsi kimi Rusiya Azərbaycandan bu ölkəyə ixrac edilən məhsullara embarqo tətbiq edə bilər. Kreml artıq bunu Gürcüstan timsalında sınaqdan çıxarıb. Azərbaycandan şimal qonşumuza hələ də böyük miqdarda kənd təsərrüfatı məhsulları ixrac edildiyi nəzərə alınarsa, belə bir embarqonun ölkəmiz üçün qətiyyən sərfəli olmayacağı üzə çıxar. Bütün bunlara paralel olaraq Moskvanın Azərbaycanda separatizm kartını işə sala bilmə ehtimalı da olduqca yüksəkdir. Bu mənada Azərbaycanın şimal rayonlarının Kreml tərəfindən ilk hədəf olaraq seçilməsi tamamilə gözləniləndir.

Deməli, Azərbaycana təsir göstərmək üçün Rusiyanın müəyyən rıçaqları mövcuddur.
Lakin gənc ölkə olmasına baxmayaraq, Azərbaycanın Rusiyanın təzyiqlərinə davam gətirmək iqtidarında olması da xüsusi qeyd olunmalıdır. Əvvəla, bu gün Azərbaycan iqtisadi cəhətdən müstəqil siyasət yürütdüyünü təsdiqləyə bilib. Ölkənin 40 milyard dolları keçən valytua ehtiyatları Azərbaycana həm də tam maliyyə müstəqilliyi verir. Deməli, iqtisadi cəhətdən Moskvanın Azərbaycana hər hansı ciddi təsir imkanlarından danışmaq olmaz. Bakı üçün daha keçərli Qarabağ kartıdır. Lakin o da faktdır ki, son illərdə Azərbaycan ordusunu əhəmiyyətli dərəcədə gücləndirə bilib. Digər tərəfdən Rusiyanın mümkün hərbi təzyiqləri fonunda rəsmi Bakı NATO ölkələri, o cümlədən Türkiyə ilə əsgəri müstəvidə daha sıx əməkdaşlıq edəcək. Elə Qərbin özünün də Azərbaycanı Rusiya təzyiqləri qarşısında yalnız qoyacağı inandırıcı deyil. Çünki bu, Cənubi Qafqaz kimi mühüm geosiyasi məkanda Kremlin Qərb Qarşısında birmənalı üstünlük əldə etməsi demək olardı. Bundan başqa Rusiyanın təzyiqləri meydana çıxarsa, Azərbaycanın Qərblə digər sferalar üzrə də əməkdaşlığını daha da dərinləşdirəcəyi qaçılmaz olacaq və bunu da Rusiya qətiyyən istəmir.
Bütün bunlar qarşıdakı dövr ərzində Avrasiya İttifaqı ilə bağlı hadisələrin kifayət qədər maraqlı müstəvidə cərəyan edəczyini, Rusiya və Azərbaycan arasında bu məsələ ətrafında əsl «məkik diplomatiyası»nın yaşanacağıın deməyə əsas verir.

Qeyd: Məhşur diplomat və dövlət xadimi Henry Kissincerin vaxtilə ABŞ dövlət katibi olarkən Yaxın Şərqdə həyata keciridiyi siyasəti xaraktrerize edən “məkik diplomatiyası” eyni istiqamət üzrə nəticəsi olmasa belə müzakirələr aparılmasını etiva edir.

“Azmedia” Analitik İnformasiya Agentliyi, xüsusilə Simsar.az üçün






1 Dekabr, 2011  18:12 Baxılıb: 1663 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner