Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Reportaj

PALTARLARI XARAKTERLƏRƏ UYĞUN TİKƏN DƏRZİ

Pərvanə Əliyeva: “BAZARDAN ALINANI ONSUZ DA DƏRZİYƏ DÜZƏLTDİRİRLƏR”

 

Bayıl qəsəbəsində yerləşən dərzi atelyelərindən birindəyəm. 21 ildir dərzi işləyən Pərvanə Əliyeva sifarişçiləri mülayim qarşılayıb, razılıqla yola salır. Müştərilərin də onunla mehriban münasibəti diqqəti çəkir, dərzinin işindən məmnun olduqları hiss olunur.


Pərvanə Əliyava dərziliyin səbr və həvəs tələb etdiyini söyləyir: “Əsas çətinliyi budur, onun da öhtəsindən gəlirəm. Düşünürəm ki, haçan həvəsdən düşsəm dərzi işləməyəcəm. Hələk ki, peşəmi sevirəm və işimdən zövq alıram.”
Dediyinə görə, dərzi olmamışdan əvvəl sənədlərini Tibb Texnikomuna verib. Qəbul olunmadığından dərzilik məktəbinədə oxuyub. Amma peşman deyil. Çünki hazırda həvəslə məşğul olduğu peşəsi əslində, məktəb arzusu imiş: “Əmək dərsində tikməyi öyrənirdik, müəlliməyə baxanda həvəslənirdim. Deyirdim, mən də dərzi olacam. Məktəbi bitirəndə bir müddət müəlliməmin yanında öyrəndim. Dərzilik məktəbindəki dərslərdə də yaxşı idim”.
Bazarda satılanla dərzi tikənin fərqli olduğunu bildirir müsahibim. Deyir, onsuz da bazardan alınanı gətirib dərziyə düzəltdirirlər, çünki mağazada satılanlar standart formada tikilir. Hər kəsin ölçüləri müxtəlifdir. Dərzi bədən formasına uyğun kəsib tikdiyindən paltar da adamın əynində yaraşıqlı görünür.
Sifarişlər müxtəlifdir. Dərzinin sözlərinə görə, bəziləri tikdirmək istədiyi geyimin modelini zövqülərinə görə tərif edir və ya paltarın şəkilini gətirirlər. Bəziləri isə dərzinin fantaziyasına və məsləhətinə güvənir. Qiymətlərsə əlbisələrin formalarına uyğun müəyyənləşdirilir. Tikilişi çətin olan paltarlar baha, asan hazırlananlar nisbətən ucuzdur.
“Qiyməti aşağı salmağa çalışanlar olurmu?”–deyə, soruşuram. Gülümsəyərək “olur” - cavabını verir: “Müştəri deyir ki, yoxumdu, neyləsin, başa düşürəm. Ona görə məcburam aşağı qiymətə razılaşım”.
Dərzi müştəri sarıdan korluq çəkmədiyini bildirir. Bu səbəbdən özünə paltar tikməyə də vaxt çatdırmır: “İş çox olur, nə qədər parçalarım qalıb, tikə bilmirəm”.
Dərzinin müştəriləri müxtəlif yaşlarda, əsasən kasıb təbəqənin adamlarıdır: “Varlı təbəqə məşhur brendlərin geyimlərini alır. İndi mağazalarda yaşlı qadınlar üçün paltarlar az olduğundan onlar da müraciət edirlər. Axı, bazardakılara yaşlılar üçün paltar satmaq sərf eləmir. Cavanlar tez-tez geyim dəyişir, gündə bir model alırlar. Ona görə gənclər üçün hazırlanan mallar tez satılır. Yaşlılarsa bir-iki əlbisəylə qane olurlar”.

Xarakterə uyğunlaşan əlbisələr

Bəzən dərzinin işlərini bəyənməyənlər də olub: “Hamı eyni fikirdə deyil. Elə olur ki, həqiqətən də iş əldən yaxşı çıxmır. Sanki paltarlar da adamların xarakterinə uyğun alınır”.
Deyir ki, kaprizli adamın sifarişi də çətin başa gəlir. Belə müştərilərin işinə nə qədər diqqətlə yanaşsa da istədiyi kimi alınmır: “Ona görə kaprizli adamlardan sifariş götürmürəm. Xasiyyətini bildiyim üçün başımı ağrıtmaq istəmirəm. Hər dəfə bir bəhanə edirəm, deyirəm, vaxtım yoxdur. Adam da var ki, üzünə baxanda mehribanlığını, sadəliyini görürsən. Eləsinin işi də yaxşı və asan alınır. İllərdir belələri ilə çalışıram, daimi müştərilərimdir”.
Pərvanə xanım yalnız sifarişlə işləyir. Deyir, müştəri olmasa tikib bazara da təklif edə bilər: “Qəşəng əlbisələr tikib satışa çıxarsam əminəm ki, satılar. Hələ tikmədiyim, fikirimdə uydurduğumçox modellər var”.
Qazancı hər ay müxtəlif olur, 200 manatını işlədiyi atelyenin arenda puluna ödəyir: “İşləmək həvəsindən də çox şey asılıdır. Bir də görürsən həvəslə işləyirəm, 5-6 gün sonra yoruluram. İstirahətsiz çalışmaq olmur, biz də ki, istirahətsiz işləyirik”.
Pərvanə xanımın sözlərinə görə, gənc qızlar arasında dərziliyə maraq göstərənlər çoxdur. Bacarığı olanlar bu peşəni öyrənməyə həvəslidir: “Yaşlı qadınlar da maraqlanır, öyrənmək istəyirlər. Bu işdə çalışanlar modelin kəsimini yaxşı bacarmalıdır. Onu da hər adam bilmir. Bəziləri ölçülərə görə forma götürür, amma tikməyi bacarmır və ya əksinə”.
Dərzi deyir ki, mülayim xasiyyətli, şirin dilli olmaq müştərilərlə münasibəti asanlaşdırır: “Gərək sifarişçilərə xoş üzlə baxasan ki, gələn dəfə də gəlsinlər. Adam var, qapıdan bir söz soruşur, mehriban cavab verirsən, deyir başqasına gedincə elə sən tik paltarı. Kobud adamlar da olur - yüzdən biri. Məsələn, işini gecikdirəndə kobudluq edirlər. Çoxlarısa başa düşən olur, adamın əziyyətini qiymətləndir”.

Arifə Mikayılova -“Simsar” jurnal






10 Noyabr, 2011  20:44 Baxılıb: 5700 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner