Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Hacı Şahin: HƏMSƏDRLƏR DİN XADİMLƏRİNƏ NİYƏ ÜZ TUTUR?

Siyasətçilərdən ümid kəsilib, yoxsa din xadimlərinin beynəlxalq məsələlərdə rolu artıb?

ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bradtke, İqor Popov, Bernar Fasye Ermənistan və Azərbaycana son səfər zamanı katolikos II Garegin və Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə ilə görüşüblər. 20 ilə yaxın Dağlıq Qarabağ münaqişəsinin həllinə vasitəçilik edən diplomatlar indiyəcən yalnız dövlət rəsmiləri ilə görüşürdülər. Görünür, ATƏT dini rəhbərlərin də prosesə cəlb olunmasını istəyir. Niyə: siyasətçilərdən ümid kəsilib, yoxsa din xadimlərinin beynəlxalq məsələlərdə rolu artıb?

Bu suala cavab verməmişdən öncə Dağlıq Qarabağ münaqişəsinin mahiyyətinə nəzər salaq. İstənilən azərbaycanlıdan bu münaqişənin tarixini soruşsan, deyər ki, SSRİ süqut edərkən Azərbaycanda yaşayan ermənilər Ermənistandakı soydaşlarının yardımı ilə Dağlıq Qarabağ Muxtar Vilayətini işğal edib qondarma dövlət qurub. Bu fikir rəsmi dildə belə səslənir: “Dağlıq Qarabağ münaqişəsi ermənilərin Azərbaycana qarşı ərazi iddiaları əsasında yaranıb”.

Ermənistanın isə məsələyə tam fərqli yanaşması var. Düşmən hesab edir ki, tarixən müsəlman xalqlarının sıxışdırdığı ermənilər Azərbaycan SSR-də də müsəlman azərbaycanlıların “vəhşiliklərinə” dözməyib öz “tarixi” torpaqlarında azad yaşamaq və müstəqildövlət qurmaq uğrunda mübarizəyə qalxdı. Yəni ermənilər Dağlıq Qarabağ münaqişəsinə dini-etnik rəng qatmaq istəyirlər. Ona görə də hüquqi müstəvidən daha çox tarixi müstəvidə danışmağı xoşlayırlar. Bu işdə hansı faktlara əsaslandıqları mövzuya aid deyil, mahiyyət etibarilə münaqişənin həll olunmamasının kökündə tərəflərin fərqli yanaşmaları durur. Biz bu məsələni separatizmə, hətta irredentizmə bağlayırıq, onlar isə müqəddəratın təyin olunması hüququna.

Azərbaycan “Qarabağın tarix boyu ermənilərə məxsus olduğunu” qəbul etsə belə, problem öz çözümünü tapmayacaq. Çünki hər hansı bir xalq öz müqəddəratını təyin etmək prinsipini rəhbər tutub müstəqillik elan edərsə, onda gərək dünyada etnik qrupların sayına görə dörd mindən artıq dövlət yaransın. Bu gün xəritədə monoetnik dövlət tapmaq çox çətindir, ermənilərin məntiqinə görə isə gərək Rusiya, Fransa, Britaniya, İspaniya, Çin, ABŞ və ümumiyyətlə dünyanın əksər ölkələri parçalansın. Belədə inteqrasiya və qloballaşma məsələləri arxa plana atılmalı, tarixin arxivinə atılmış etnik millətçilik isə gündəmə gətirilməlidir.

Etnik millətçilik son iki əsrdə bəşəriyyətin üzləşdiyi ən əsas problemdir ki, Qərbə iki dünya müharibəsi bahasına başa gəldi. Tarixə tez-tez istinad edən ermənilər gərək tarixdən ibrət almağı da bacarsınlar. Əfsuslar olsun ki, bəzi siyasi qüvvələr Azərbaycanda da etnik millətçilik mövqeyindən, şovinist platformadan çıxış edir. Lakin ümumi götürdükdə Azərbaycan xalqına bu ideyalar yaddır. Azərbaycanlı heç zaman ermənilərlə erməni olduqlarına görə müharibə aparmayıb, vətəninin bütövlüyü uğrunda vuruşub. Ermənilərdə isə tarix boyu tam əksi olub - onların bütün mübahisələrinin kökündə kiminsə qeyri-erməni olması durur. Erməni millətçiliyinin bir özəl xüsusiyyəti də var - ermənilər nəinki etnik baxımdan heç bir xalqa yaxın deyil, hətta dini baxımdan da onlar digər xristianlardan fərqlənirlər. Bu da bəllidir ki, azlıqda olan katolik ermənilər həmişə qriqorianların təqibinə məruz qalıblar. Yəni erməni millətçiliyi həm də dini rəngə boyanıb.

Bizdən fərqli olaraq ermənilər dini mənsubiyyətdən məharətlə istifadə edirlər. Qərbdə islamofob ovqat tüğyan etdiyi fonda ermənilər özlərini müsəlmanların əlindən dad çəkən bir xalq kimi təqdim etməyi bacardılar. Biz siyasi səhnədə diplomatik uğurlarımızdan nə qədər danışsaq da, ermənilər qərblilərin şüuruna nüfuz edə biliblər. Rus pravoslav kilsəsi ermənilərə İsa peyğəmbərin (ə) həvarilərinin yadigarı kimi baxır. Patriarx Kirill Ermənistana səfəri öncəsi bildirmişdi ki, siyasət gəldi-gedərdir, rus və erməni xalqlarının bölüşdürdüyü dəyərlər və amallar isə əbədi. Roma Papası II İohan Pavel isə deyirdi: “Məzlumluq erməni tarixinin ayrılmaz hissəsidir... Məzlumların qanı ilə suvarılmış erməni torpağını öpəcəyim günü gözləyirəm”. Bu gün Avropa ermənilərə ən qədim və ən məzlum xristian xalqı gözü ilə baxır. “Zalım” rolunda, təbii ki, Azərbaycan çıxış edir. Yəni beynəlxalq hüquqdan və Azərbaycana qarşı qərəzsiz mövqedən daışmağa belə dəyməz.

Qeyd olunan məsələ dünyada dinin beynəlxalq siyasi faktor kimi ikinci dəfə həyata gəlməsinin göstəricisidir. Sivilizasiya nəzəriyyəçiləri Toynbi və Hantinqton boş yerə demirdilər ki, dünyada dini kimlik əsasında böyük sivilizasiyalar formalaşır. Həmin sizivilizasiyalar arasında isə dəyərlərin toqquşması böyük fəlakətlərə səbəb ola bilər. Ələlxüsus, belə qarşıdurmaya prozelit dinlər sayılan islam və xristianlıq meyillidir.

Lakin Hantinqtonun sivilizasiyaların toqquşması nəzəriyəsini mütləq bir həqiqət kimi dəyərləndirmək olmaz. Dəyərlərin uyğun gəlməməsi heç də münaqişənin qaçılmazlığı anlamına gəlmir. Bugünkü Qərb mədəniyyəti bütün humanizm və demokratiya ideyalarına görə protestant dünyagörüşünə borcludur. Daha doğrusu, insanpərvərlik və xalqın hakimiyyəti məsələsinə protestant nöqteyi-nəzərindən yanaşır. Elə Qərbin öyündüyü sekulyarizm əslində protestantlığın təqdim etdiyi din-dövlət münasibətləri modelidir və bu model heç də dinin ictimai həyatdan sıxışdırılmasını nəzərdə tutmur.

Ən azından unutmaq lazım deyil ki, Avropa Parlamentinin ən iri fraksiyası xristianyönlü siyasi partiyalardan ibarətdir. Britaniya baş naziri Devid Kemeronun bu il Münhen təhlükəsizlik konfransında multikulturalizmin tənqidi və müsəlmanlara qarşı əzələli liberalizmin tətbiqi barədə söylədikləri Avropanın dini kimliyinin nə qədər qabarmasından xəbər verir. Rusiyadan isə heç danışmağa da dəyməz. Son zamanlar pravoslav kilsəsi ictimai münasibətlərin tənzimləyicisi qismində çıxış edir. Kilsə kitablara senzuranın, qadınların geyimləri üçün dres-kodun tətbiq edilməsi təklifi ilə çıxış edir, bu təklif ictimai müzakirələrə çıxarılır.

Deyilənlərdən belə anlamaq olarmı ki, dinin ikinci dəfə siyasi meydana gəlməsi bəşəriyyəti orta əsrlərə sürükləyəcək? Xeyr, çünki orta əsrlərdə din bir siyasi alət idi. Səlib yürüşləri Avropa kralları üçün, cihadlar da müsəlman sultanları üçün yeni qənimət mənbəyi, zənginləşmə fürsəti idi. Son iki yüz illik tarixin din üçün bir xidməti də ondan ibarət oldu ki, artıq ilahi təlimlərdən siyasi məqsədlər üçün sui-istifadə etmək olmur. Din kənara atıldı, özü ilə təkbaşına qalıb, insan tamahının əsarətindən qurtulub əsas funksiyası üzrə - insanların hidayəti və birləşməsi üçün çalışmağa fürsət tapdı.

Bu gün də gündəmə gələn din insan şüurunda belə formalaşıb. Dindən sui-istifadənin istisna olunduğunu iddia etmək fikrindən uzağam, amma hər halda müasir dönəmdə dinlərə yanaşma orta əsrlərdəkindən xeyli fərqlənir. Dini baxışlar dağıdıcı qüvvə olduğu kimi, qurucu qüvvə də ola bilər. Hər şey dinə yanaşmadan, dindarların təfəkküründən asılıdır. İraqda və Livanda milli vəhdəti təmin edən siyasətçilər yox, din xadimləri oldular. Misir inqilabı zamanı müsəlman alimləri ilə xrsitian ruhanilərinin həmrəyliyi mühüm rol oynadı. Rusiyanın özündə, xüsusən Şimali Qafqazda bir sıra etnik münaqişələrin qarşısını məhz din xadimlərinin əli ilə həll etmək mümkün oldu.

ATƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycan və Ermənistan din xadimlərinə üz tutması təsadüfi deyil, dünyada cərəyan edən böyük bir prosesin təzahürüdür.






26 Oktyabr, 2011  18:50 Baxılıb: 1889 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42

sagbanner