Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

QANUNDANKƏNAR “JEK”LƏR

Və yaxud sovet idarəçiliyinə əsaslanan mənzil-kommunal təsərrüfatı

Son dövlər Bakı şəhərində fiziki şəxslərdən əmlak vergisinin mənzil-istismar sahələri tərəfindən yığılması təcrübəsi geniş yayılıb. Bu qurumlar öz ərazilərindəki mənzillərin sahiblərinə müraciət edərək onlardan verginin ödənilməsini tələb edirlər. Halbuki bu, birbaşa bələdiyyənin səlahiyyətinə daxildir. Vergini vermək istəməyən sakinlərə mənzil-istismar sahələri yaşayış yerindən arayış verməkdən imtina edir.

Bələdiyyələrin “effektiv mexanizm” hesab etdikləri, əslində isə qanunla bir araya sığmayan bu təcrübə əhalidə narazılıq yaratmaqla yanaşı mənzil-istismar sahələrinin öz səlahiyyət həddini aşmasını göstərir.

Mənzil-istismar sahələri ətrafında uzun müddətdir ki, müzakirələr gedir. Bu qurumların hüquqi statusunun sual altında olduğu bir məqamda onların bələdiyyələrin də səlahiyyətlərinə “şərik” olmaları mənzil-kommunal təsərrüfatı idarəçiliyində böyük bir problemin olmasından xəbər verir. Ona görə də mənzil-istismar sahələrinin bələdiyyələr üçün vergi yığmağa nə dərəcədə səlahiyyətli olmasını araşdırmazdan öncə bu qurumların hüquqi statusuna diqqət yetirək.


Sovet dövrünün yadigarı

Hər birimizin danışıqda “JEK” deməyə adət etdiyimiz mənzil istimar sahələri (MİS) bizə sovet dövründən miras qalıb. Dövlət mənzil fondunun istismarı üzrə təsərrüfat hesablı təşkilat olan MİS-lər 1959-cu ildə yaradılıb və SSRİ-də mənzil təsərrüfatının ilkin həlqəsi hesab olunub. Bu qurumlar yaradılanda Mənzil İstismar Kontoraları (Жилищно-эксплуатационные конторы - ЖЭК) adlanıb. “JEK” adı da məhz həmin dövrdən məişət dilimizə oturuşub. Sonrakı illərdə MİS-lərin adları dəyişsə də bu günə kimi hamı bu qurumu “JEK” adlandırır.

Ötən əsrin 70-ci illərində keçmiş SSRİ-nin bəzi regionlarında “JEK”lər Binaların İstismarı üzrə Müdiriyyət (Дирекции по эксплуатации зданий - ДЭЗ) ilə əvəz olunub. 80-ci ilin əvvəllərində onlar Rayon İstismar İdarələrinə (Районные эксплуатационные управления - РЭУ) çevriliblər. “JEK”lər Yerli Sovetlərin mənzil idarəsinə tabe olublar. Bu qurumlar müəyyən ərazilərdə yaşayış evlərinin və xidməti binaların saxlanması üçün zəruri işləri yerinə yetirən, zibil yığımı, yaşıllaşdırma, ərazinin təmizliyi və s. kimi xidmətlərə məsul olublar.

SSRİ-nin mənzil təsərrüfatının bir hissəsi olmuş Azərbaycanda MİS-lər hələ də fəaliyyət göstərirlər. Əvvəllər bu qurumların fəaliyyəti 1982-ci ildə qüvvəyə minən və son 2 ilə qədər qüvvədə olan “Azərbaycan SSR Mənzil Məcəlləsi” ilə tənzimlənib. Belə ki, Məcəllə ilə dövlət və ictimai mənzil fondunun idarə edilməsi mənzil-istismar təşkilatlarına həvalə olunmuşdu. Məcəllənin 19-cu maddəsində göstərilirdi ki, dövlət və ictimai mənzil fondunun istismarı üçün təsərrüfat hesabı əsasında fəaliyyət göstərən mənzil-istismar təşkilatları yaradılır. Məcəlləyə görə, bu təşkilatların funksiyası mənzil fondunun qorunmasını və ondan lazımınca istifadə olunmasını, vətəndaşlara yüksək səviyyədə xidmət göstərilməsini təmin etmək, habelə yaşayış sahəsindən istifadə, yaşayış evini və evyanı ərazini saxlama qaydalarına vətəndaşlar tərəfindən əməl olunmasına nəzarət etmək olub. Ancaq 2009-cu ildə qüvvəyə minən yeni Azərbaycan Respublikasının Mənzil Məcəlləsi mənzil-istismar təsərrüfatlarını mənzil fondunun idarə edilməsi prosesindən hüquqi baxımdan kənarlaşdırdı.

Yeni Məcəlləyə görə, dövlət mənzil fondu müvafiq dövlət qurumları, bələdiyyə mənzil fondu bələdiyyələr tərəfindən idarə olunur. Özəl mənzil fondu isə mülkiyyətçinin birbaşa özü və ya onun seçimi əsasında idarəedici təşkilat tərəfindən idarə olunur.

Məcəllənin 141-ci maddəsində göstərilir ki, çoxmənzilli binanın sahə mülkiyyətçiləri binanın aşağıdakı idarə edilməsi üsullarından birini seçməyə borcludur:

- binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilməsi;

- mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilməsi;
- idarəedici təşkilat tərəfindən idarə edilmə.


Göründüyü kimi, mənzil fondunun hər üç (dövlət, bələdiyyə və özəl) mülkiyyət formasında MİS-lərin xidməti barədə heç nə deyilmir. Məcəllədə əsasən müştərək cəmiyyətlərin və ya ixtisaslaşmış istehlak kooperativlərin yaradılması və idarəedilmənin onlara verilməsi nəzərdə tutulur.

Bəzən müzakirələrdə MİS-lərin fəaliyyətinə hüquqi don geyindirmək üçün Mənzil Məcəlləsinin icrası ilə bağlı Prezidentin 24 may 2010-cu il tarixli fərmanına istinad edilir. Həmin fərmana əsasən Mənzil Məcəlləsinin 143-cü maddəsində (Dövlət və ya bələdiyyə mülkiyyətində olan çoxmənzilli binanın idarə edilməsi) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları və ya müvafiq mənzil fondunun idarəetməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanları həyata keçirir. Halbuki 143-cü maddədə müvafiq icra hakimiyyəti orqanına binanın (yalnız dövlət mülkiyyətində olan – S.Ə.) idarə edilməsi üçün açıq müsabiqələrin keçirilməsi və seçilmiş idarəedici təşkilatla müqavilənin bağlanmasını təşkil etmək tapşırılır.

Hazırda MİS-lər şəhər və rayon icra hakimiyyətlərinin bir bölməsi kimi fəaliyyət göstərirlər. Məsələn, paytaxt MİS-ləri Bakı şəhər İcra Hakimiyyətinin nəzdində olan Mənzil-Kommunal Təsərrüfatı Departamentinə (MKTD) tabedirlər. Bu departament Bakı Şəhər İcra Hakimiyyəti başçısının 12 may 1999-cu il tarixli, 444 saylı sərəncamı əsasında yaradılıb. MKTD-nin funksiyası mənzil-kommunal təsərrüfatının təkmilləşdirilməsi, mənzil fondunun və kommunal təyinatlı obyektlərin istismar səviyyəsinin yüksəldilməsi, abadlaşdırılması, onların qorunması sahəsində tədbirlər görülməsi və s. əhatə edir. Bura habelə mənzil fondunun və kommunal təyinatlı obyektlərin əsaslı təmiri, modernləşdirilməsi və qurulması, aşınmalara uğramış liftlərin dəyişdirilməsi və texniki xidməti də daxildir. Halbuki adıçəkilən sərəncam və Mənzil-Kommunal Təsərrüfatı Departamentinin mövcud səlahiyyətləri yeni Mənzil Məcəlləsi ilə birbaşa ziddiyyət təşkil edir. Çünki əvvəla, Məcəllə istənilən sərəncam və ya əmrdən üstün hüquqi qüvvəyə malikdir. İkincisi, icra qurumlarının sərəncam və ya əmrləri konkret qanunvericilik aktına söykənməlidir. Belə ki, “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 4-cü maddəsindəyerli icra hakimiyyətləri başçılarının fəaliyyət dairəsi göstərilir. Həmin maddəyə görə, rayonlarda, şəhərlərdə və şəhər rayonlarında icra hakimiyyəti başçısı Azərbaycan Respublikasının Konstitusiyası, qanunlar və digər normativ hüquqi aktları əsasında icra fəaliyyətini həyata keçirir... Ancaq 444 saylı sərəncamın söykəndiyi sovet Mənzil Məcəlləsi 2009-cu ildən qüvvəsini itirib. Deməli, hazırda MİS-lərin fəaliyyəti isə heç bir qanunla tənzimlənmir.

Konstitusiya Məhkəməsi 1999-cu ildə Bakı şəhər İcra Hakimiyyəti başçısının mənzil xidməti tariflərini müəyyənləşdirməklə bağlı sərəncamını ləğv etmişdi. Bu gün də paytaxtın icra başçısının 444 saylı əmri Mənzil Məcəlləsi ilə ziddiyyət təşkil etdiyi üçün onun hüquqiliyi şübhə altındadır. Çünki MİS-lərin indiki səlahiyyət çərçivəsində fəaliyyət göstərmələri üçün onların hüquqi statusu qüvvədə olan Mənzil Məcəlləsi ilə müəyyən olunmalı idi. Ancaq qanunvericilikdə mövcud olan boşluqlardan istifadə edərək MİS-lər dövlət və özəl mənzil fondunun idarə edilməsi prosesində birbaşa iştirak etməkdə davam edirlər.

Mənzil-kommunal təsərrüfatının yeganə inhisarçısı

Bu gün MİS-lərin fəaliyyətinə xitam verilməli olduğu halda bu qurumlar ölkədə mənzil-kommunal təsərrüfatı sistemini tam inhisara götürüblər və sistemin demək olar ki, yeganə iştirakçısına çevriliblər. MİS-lər özəl mənzil fondu mülkiyyətçilərinin seçim hüququnu pozaraq onların razılıqlarını almadan “mənzil haqqı” və “zibil pulu” yığırlar. Halbuki qanunvericiliyə görə, MİS-lər yalnız mənzil sahibinin istəyi əsasında onlara xidmət göstərə bilərlər. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” 26 yanvar 1993-cü il tarixli Qanunun 14-cü maddəsində qeyd edilir ki, dövlət mənzil-istismar və təmir-tikinti təşkilatları özəlləşdirilmiş mənzillərin mülkiyyətçiləri ilə ancaq müqavilə əsasında bu mənzillərə xidmət göstərə bilərlər. Tam özəlləşdirilmiş evdəki mənzillərin mülkiyyətçilərinin evə xidmət və onun təmiri üçün müstəqil surətdə təşkilatlar, o cümlədən dövlət mənzil-istismar və təmir-tikinti təşkilatları, kooperativlər, xüsusi firmalar və başqa təsərrüfatçı subyektlər seçməyə ixtiyarı vardır. Həmin qanuna görə, MİS-lər yalnız qismən özəlləşdirilmiş evlərin mənzillərinə xidmət göstərə bilərlər. Bu halda evlər tam özəlləşdirildikdən sonra MİS-lərin də missiyası bitmiş hesab olunur. Ancaq reallıq bundan ibarətdir ki, hazırda Azərbaycanın mənzil-kommunal təsərrüfatı sistemində nativsizlik hökm sürür. Mənzil fondunun idarə edilməsi üzrə ixtisaslaşmış özəl şirkətlər və ya birliklər olmadığından mülkiyyətçilərin seçim imkanı məhdudlaşır. Bu isə MİS-lərin “cəmiyyətdə nativi olmayan bir qurum” imicinin formalaşdırılmasına xidmət edir. Vaxtilə Bakı şəhərində məişət tullantılarının daşınması işinə özəl müəssisələr cəlb edilmişdi. Hətta paytaxtın bəzi ərazilərdə bu işə bələdiyyələr də qoşulmuşdu. Ancaq sonradan həmin şirkətlər və bələdiyyələr icra hakimiyyətləri tərəfindən sıxışdırıldı və zibil daşınması işi MİS-lərin inhisarına keçdi.

Hazırda mənzil-kommunal xidmətlərinə görə tariflər Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında” 10 mart 2000-ci il tarixli, 40 saylı Qərarı əsasında müəyyənləşir. Həmin Qaydaya görə, özəlləşdirilmiş mənzillərin mülkiyyətçilərinə mənzillərin yerləşdiyi evlərin saxlanılması üçün xidmət haqqı 1 kvadratmetr yaşayış sahəsi üçün ayda 1,5 qəpik, məişət tullantılarının daşınması və zərərsizləşdirilməsinə görə adambaşına ayda 14 qəpik müəyyənləşdirilib.

MİS-lər qanunvericilikdəki boşluqdan istifadə edərək davamlı olaraq əhalidən “zibil pulu” və “mənzil haqqı” yığırlar. Bu addım isə Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş mülkiyyətçinin özünə məxsus əmlaka öz mülahizəsinə görə sahiblik, onlardan istifadə və onun barəsində sərəncam vermək hüququnu məhdudlaşdırır və bu sahədə münasibətlərin məcburi qaydada tənzimlənməsini nəzərdə tutur.

Statussuz qurum yeni “statusda”

İndi isə qayıdaq MİS-lərin vergi yığmaq “təşəbbüsünə”. Bələdiyyələrin “çıxış yolu” hesab etdikləri bu təşəbbüs əslində ölkə qanunlarını ilə ziddiyyət təşkil edir. Bir tərəfdən qanunlardakı boşluqlar bələdiyyələrə öz öhdəliklərini yerinə yetirməyə - yerli vergi yığmasına imkan vermir. Digər tərəfdən bələdiyyələr qanunları pozaraq öz öhdəliyini digər quruma – MİS-lərə həvalə edir. MİS-lər isə əllərindəki rıçaqlardan istifadə edərək insanları incidirlər və onlardan əmlak vergisi tələb edirlər.

Vergi qanunvericiliyinə əsasən, bələdiyyələrin vergi yığımını MİS-lərə həvalə etməsi qanunaziddir. Çünki Vergi Məcəlləsində qeyd edilir ki, dövlət vergilər dövlətin vergi orqanları, yerli vergilər isə bələdiyyələrin vergi orqanları tərəfindən yığılır. Vergi orqanlarının səlahiyyətlərini bəzi hallarda (yol vergisi və idxal-ixrac əməliyyatları sahəsində) ancaq gömrük orqanları həyata keçirə bilər. Ayrı digər qurumun bu işə müdaxiləsi yolverilməzdir.

“Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Qanunun 15-ci maddəsində qeyd edilir ki, bələdiyyələrin vergi xidməti orqanları formalaşanadək yerli vergi və ödənişlərin yığılması və yerli büdcələrə köçürülməsi bələdiyyələrin müraciəti əsasında bağlanılan müqavilə ilə dövlət vergi xidməti orqanları tərəfindən həyata keçirilir. Bu maddə keçid müddəadır və bələdiyyələrin yarandığı ilk dövrə təsadüf etsə də, bugünkü dövrdə də aktuallığını itirməyib. Yəni bələdiyyələrin böyük əksəriyyətində hələ də vergi xidməti orqanı formalaşmayıb. Ancaq bu vergi yığımının MİS-lərə verilməsinə əsas vermir. Bu işin müvəqqəti olaraq dövlət vergi xidməti tərəfindən həyata keçirilməsi mümkündür.

Deməli, yerli vergilərin MİS-lər tərəfindən yığılması təşəbbüsləri vergi və bələdiyyə qanunvericiliyinə ziddir.


Son...

Keçmiş SSRİ respublikaları müstəqillik qazandıqdan sonra mənzil fondunun özəlləşdirilməsi, bu isə öz növbəsində mənzil fondunun idarəçiliyinə yeni yanaşmanın tətbiqi zəruri etdi. Reallıq isə bundan ibarətdir ki, hazırda bu ölkələrdə mənzil fondunun idarəçiliyi sistemi ən çox axsayan sahələrdən biridir. Bu ölkələrin bir çoxunda sovet Mənzil Məcəlləsi uzun müddət qüvvədə olub. Cəmiyyətdə mənzil təsərrüfatı idarəçiliyinin mülkiyyətçinin səlahiyyətinə verilməsi fikirləri zaman-zaman səslənsə də məsələ hələlik açıq qalıb. Bəzi respublikalarda, o cümlədən Baltikyanı ölkələrdə “JEK”lər ləğv edilib, idarəçilik özəl sistemə verilib. Bəziləri isə sənəd üzərində imtina etsələr də reallıqda gözləmə mövqeyi tutublar. Məsələn, Rusiya, Ukrayna və Azərbaycan kimi ölkələrdə “JEK”lər qanunvericilik baxımından mənzil idarəçiliyindən kənarlaşdırılsalar da faktiki fəaliyyət göstərirlər və hökumət onları ləğv etməyə tələsmir. Rusiya və Ukrayna hökumətləri artıq yaxın 1-2 ildə idarəetməni özəl qurumlara vermək niyyətlərini açıqlayıblar. Azərbaycanda isə hələlik sakitçilikdir...

Azərbaycanda “JEK”lərin həm də başqa missiyası var. Onlar seçki dövrünün əsas iştirakçılarından biridir. İstər imza toplanması mərhələsində, istərsə də səs yığılması prosesində bu qurumların rolu əvəzedilməzdir. Yəqin ki, “JEK”lərin bu günə qədər mövcudluğunun səbəbini onların siyasi “əhəmiyyəti”ndə axtarmaq daha düzgün olardı.






5 Sentyabr, 2011  17:08 Baxılıb: 2233 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner