"Lənkəran xanın vəziri" 147 il öncə tamaşaya qoyulub
Bu gün milli teatr günüdür. Teatrımızın əsası 1873-cü ilin martın 10-da qoyulub.
İlk tamaşa isə Mirzə Fətəli Axundzadənin "Lənkəran xanın vəziri" əsəri olub. Teatrın yaranması heç də cəmiyyətdə birmənalı qarşılanmayıb, bu sənətin yaradıcıları tənqidlərə, basqılara məruz qalıb.
Həmin illərdə "Artistlər ittifaqı"nın yaradılması teatrın inkişafına təkan verib. Teatrın repertuarında milli dramaturqların – Mirzə Fətəli Axundzadə, Nəcəf bəy Vəzirov, Nəriman Nərimanov, Əbdürrəhimbəy Haqverdiyev, Cəlil Məmmədquluzadə ilə yanaşı, rus və Qərbi Avropa dramaturqlarının əsərlərinə də meydan verilib. V.Şekspir, F.Şiller, H. Heyne, J.B.Molyer, N.V.Qoqol, İ.S.Turgenev, L.N.Tolstoy kimi klassiklərinin əsərləri teatr səhnəmizi zənginləşdirib.
İlk illərdə Azərbaycan teatrının məqsədi maarifçilik və demokratik ideyaların tətbiqi idi.
Azərbaycan teatrı 70-ci illərdə xüsusilə inkişaf mərhələsinə qədəm qoydu.
Sənətkarlara fəxri adların verilməsi, yeni tamaşalar, qastrol səfərləri teatrımın uğurlarının siyahısına daxil oldu.
Müstəqillik dövründə yeni teatrların yaranması bu sənətdə janr, forma müxtəlifliyi, üslub zənginliyinin meydana gəlməsinə şərait yaratdı. Pantomim, Bələdiyyə, Yuğ, Gənclər, Miniatür, Kamera teatrları "Dövlət teatrı" statusu aldı.
Dünyanın, demək olar ki, bütün teatr səhnələrində Azərbaycan teatrlarının hazırladıqları tamaşalar oynanılır.
Təəssüf ki, son dövrlərdə cəmiyyətdə teatr sənətinə maraq azalıb, tamaşalar əvvəllər olduğu kimi anşlaqla qarşılanmır.
Simsar.az olaraq teatr adamlarını – teatrşünasları, rejissorları, aktyorları və teatrla bağlı hər kəsi teatr günü münasibəti ilə təbrik edirik.