Azərbaycan xalqının qürur və şərəf günü olan 8 Noyabr – Zəfər Günü münasibətilə 221 nömrəli tam orta məktəbdə “5 ildir müzəffərik” adı altında tədbir keçirilib. Simsar.az xəbər verir ki, tədbir məktəbin hərbi rəhbəri Bədəlov Rəsad tərəfindən təşkil olunub. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Daha sonra şagirdlər tərəfindən Vətənə, igid əsgərlərimizə və qəhrəman şəhidlərimizə həsr olunmuş şeirlər səsləndirilib, səhnəciklər nümayiş olunub. Tədbir boyunca Zəfər Gününə həsr edilmiş slaydlar və qısa film nümayiş etdirilib. Sonda məktəbin direktoru Cavid Əliyev, həmçinin baş tacımız olan şəhid anaları və icra hakimiyyətinin nümayəndəsi çıxış edərək şanlı Zəfərin tarixi əhəmiyyətindən, xalqımızın birliyindən və qəhrəman ordumuzun göstərdiyi misilsiz igidlikdən danışıblar. Tədbirin əsas məqsədi Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı qələbənin əhəmiyyətini gənc nəslə aşılamaq, şagirdlərdə vətənpərvərlik ruhunu, dövlətə və xalqa sədaqət hissini daha da möhkəmləndirmək, şəhidlərimizin müqəddəs xatirəsinə ehtiram ifadə etməkdir. Zəfər Gününə həsr olunmuş bu tədbir bir daha sübut etdi ki, qəhrəman oğullarımızın göstərdiyi igidlik xalqımızın yaddaşında əbədi yaşayacaq, gənclərimiz isə bu şanlı tarixi daim qürurla xatırlayacaqlar.










