Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

SOSİAL

Real həyatı virtuala dəyişənlər

Sosial şəbəkələrdə ünsiyyət bizə nə verir?

Sosial şəbəkələrin, bloqların və saytların Azərbaycan cəmiyyətinə təsiri getdikcə artır. Təxmini hesablamalara görə, təkcə "Facebook"un Azərbaycanda 210 mindən artıq istifadəçisi var. İnternetdəki sosial şəbəkələrə aludə və maraq artdıqca insanlar real həyatdakı hadisələrdən uzaqlaşır. Canlı ünsiyyət virtual, canlı olmayan ünsiyyəti üstələyib.

“Sosial şəbəkələrin meydana çıxması ilə yeni həyəcanlar  da yarandı”

Bir çoxları düşünür ki, "Facebook"da və ya başqa sosial şəbəkədə sutkada 3 saatdan artıq vaxt keçirən insan "cəmiyyət üçün itirilmiş" adamdır. İnternetdə oturan insan üçün vaxt o qədər sürətlə keçir ki, saatların necə keçdiyindən belə, xəbər tuta bilmir. Müxtəlif yaş fərqi olan insanlar arasında internetin insan hayatındakı rolundan danışdıq. Cavablar müxtəlif olsa da, əksəriyyət  internetdə keçirilən vaxtı itki hesab edir.

“Bu günün sosial şəbəkələri dünənin çayxana və dərnəklərini əvəz edib”

Vahiq Qazi:
İnsan canlı varlıq kimi ehtiyaclarını ödəməyə məhkumdu. O, yemək, içmək, yatmaqdan sonra ən çox ünsiyyətə ehtiyac duyur. Robinzon Kruzonu xatırlayın, adam yox idi, özünə kukla düzəldib onunla danışırdı. Bu gün sosial şəbəkə ən dinamik ünsiyyət vasitəsidir. 
Bu gün heç nə inkişaf sürətinə görə informasiya texnologiyalara çata bilmir. Texnoloji inkişaf ölçüləri dəyişib: zaman və məkan məfhumları əvvəlki anlamını itirib, kiçilib. Heç  bir inkişaf bir tərəfli ola bilməz, bir xoşbəxtlik başqa bir bədbəxtliyin sayəsində mümkün olduğu kimi, bir üstünlük də başqa nəyinsə azalması hesabınadı. Bu konteksdən yanaşsaq texnoloji dünya inkişaf etdikcə insan dünyası kiçilir. İnsan dünyanı bir kompüter monitoruna sığdırıb elə zənn edir ki, qəlbinin üfüqləri daha bütöv dünyaya açılıb. Amma kitablarda, kinolardakı kimi burda da həyat realdakı kimi deyil. Bu gün real dünyada ünsiyyət yaratmaq çətinləşib. Bu günün sosial şəbəkələri dünənin çayxana və dərnəklərini əvəz eləyib. Amma bu “təmassız sevg”i kimidi, təmas isə bütün duyğuların fövqündə durur. 

“Canli ünsiyyətin yerini heçnə əvəz edə bilməz”

Aynur Elgünəş:
-Əslində virtual qrupların, sosial şəbəkələrin mövcudluğu çox önəmlidir. İnsanlar fikir mübadiləsi aparır, öyrənir, öyrədir. Təbii ki, mən əyləncə gəzənlərdən danışmıram. Digər tərəfdən, virtual məkanın mövcudluğu vaxta da qənaət etməyə imkan verir. Yəni, iş şəraiti yaxın bildiyimiz insanlarla göruüşməyimi əngəlləyir, ən azı sosial şəbəkələr vasitəsilə ünsiyyətdə ola bilirik. Amma bütün həyatını virtual dünya üzərində qurmaq olmaz. Canlı ünsiyyətin yerini heç nə əvəz edə bilməz. Götürək medianı, virtual münasibət “ayaq” yazılarının sayını azaldıb yeni jurnalist materialı gedib gətirmir, kimdənsə alır. Bu, bir yandan operativliyə səbəb olursa, digər tərəfdən həqiqətin ortaya çıxmasını əngəlləyir. Hətta indi internet vasitəsilə müsahibə götürmək dəb halını alıb. Halbuki üzbəüz ünsiyyət fərqli məqamların ortaya çıxmasına imkan yarada bilər . Bu baxımdan daimi olaraq virtual dünyanın adamina çevrilmək özünü real həyatdan, gündəlik problemlərdən uzaq tutmaqdan başqa bir şey deyil.

“İnternet tənhalığın çıxılmazlığıdır”

Səlim Babullaoğlu:
-Sosial şəbəkənin böyüklüyü və populyarlığı insan tənhalığının böyüklüyü və çıxılmazlığı deməkdi.

“Virtual ünsiyyət insanlara daha asan, rahat görünür”

Fərqanə Novruzova:
-Müxtəlif yaş təbəqələrinə mənsub insanların sosial şəbəkələrə meyilliliyinin günümüzdə son dərəcə aktivliyi danılmaz faktdır. İnsanlar buna qəribə bir zəruri ehtiyac duyurlar. Amma məsələyə dərindən yanaşanda, bu haradasa təəccüblü görünməyə də bilər. Virtual ünsiyyət insanlara daha asan, rahat görünür. Onlar təsəvvürlərində yaratdıqları insanları həqiqətdə görməkdən çəkinirlər desəm, yəqin ki, yalan olmaz. Daxilində qəribə bir intizar, maraq oyanır, haradasa onu kimliyindən asılı olmayaraq görmək istəyirsən. Amma düşünəndə haradasa bunu eləmək istəmədiyini hiss edirsən. Yazdığı sözlərdən yaratdığın obrazın puç ola biləcəyi ehtimalını da fikirləşirsən.

“Sosial şəbəkədə PAFOS XƏSTƏLİYİ” inkişaf edib” 

Elxan Xanəlizadə:
-Dünyanın bir çox ölkələrində sosial şəbəkələr maarifləndirmə məqsədi güdür. Bizsə ağıllı görünməyi xoşlayırıq, biz lazım gəldi-gəlmədi danışmağa çalışırıq, biz hər şeyi bildiyimizi zənn edirik. Tutaq ki, hansısa bir məmur tənqid olunursa, sosial şəbəkədə hamı "böyük-böyük" statuslar, şərhlər yazacaq, amma desən ki, o məmurun istefası üçün və ya ifşa edilməsi üçün imza toplayırıq, onda sosial şəbəkələrin "qəhrəmanları" yoxa çıxır. Deməli, biz sosial şəbəkədə səmimi deyilik, elə bilirik ki, "virtual qəhrəmanlıq" edəndə hamı bizə afərin deyəcək. Azərbaycanda sosial şəbəkə istifadəçəlirində milli xarakterə çevrilən qeyri-səmimilik və PAFOS XƏSTƏLİYİ baş alıb gedir. Məsəlçün, Milli Qəhrəman Mübariz İbrahimov haqqında ağzı köpüklənənə-köpüklənə danışan, yazan virtual qəhrəmanlar, hamıya vətənpərvərlik dərsi keçənlər on şəhidin, beş Milli Qəhrəmanın adını dalbadal çəkə bilməz. Hamı olduğu kimi deyil, saxta formada, olmaq istədiyi kimi özünü göstərir. Realda axtarmadığımızı virtualda axtardığımızdan bu cür acı mənzərə yaranıb.

“Mədəniyyət, cəsarət insanlarda o qədər azdır ki, xırda bir ünsiyyətdən belə çəkinirlər”

Vüsalə Muradova:
-İnsanlar real dünyada edə bilmədiklərini virtual aləmdə edə biləcəklərini düşünürlər. Çünki tərbiyə aldığımız mühit belədir. Mədəniyyət, cəsarət insanlarda o qədər azdır ki, xırda bir ünsiyyətdən belə çəkinirlər. Real həyatda bir qız oğlanla bu qədər uzun müddətli dostluq bəlkə də edə bilməz. Amma eyni dostluq virtual aləmdə uzun müddətli olur.

“İnternet qaranlıq bir otaqdır, orada işıqlar söndürülüb heç kim heç kimi görmür”

Laçın Məmişov:
- İnternetdə çox vaxt keçirmənin səbəbləri müxtəlifdir. Kimin ehtiyacı nəyədirsə onu axtarır. Sizə sadə bir misal, xəbər portallarında statistikaya fikir versəniz görərsiniz ki, zorlama və ya hər hansı bir kriminal xəbərin oxunma sayı rekord vurur. Amma hər hansısa bir mədəniyyət xəbərinin misal üçün "“Qanun” nəşriyyatı yeni kitablar nəşr etdi" oxunma sayı çox aşağı olur. Yəqin ki elementar olaraq bu statistikanı təhlil etməyə ehtiyac yoxdur. Şəxsən mənim bir internet istifadəçisi kimi maraq dairəmə gəldikdə isə çox şaxəlidir.  Aysberqin digər tərəfi isə ən populyar “Facebook” şəbəkəsi, istər işdə və yaxud istərsə də evdə olan zaman kompyüterim həmişə internetə qoşulu olur. Çünki işim birbaşa internetlə əlaqəlidir. Həmin sosial şəbəkənin də aktiv istifadəçisiyəm. Çünki orada hərə öz intelektinə uyğun insanlarla müxtəlif maraqlı mövzuları müzakirə edir.  İnternet qaranlıq bir otaqdır, orada işıqlar söndürülüb heç kim heç kimi görmür. Amma həmin otağın çox bic bir sahibi var ki, onun gözlərində gecə görmə cihazı var. Hamını görür və özü üçün müşahidə aparır lazım gələndə qəfil işığı yandırıb istədiyi istifadəçini ifşa edə bilir. Və ən nəhayəti internetdə buraxılan izlər, real həyatda oğrluq edib barmaq izlərini qoyan qeyri peşəkar oğrunun qoyduğu izdən çoxdur.

“Bəzən lənətləsəm də, “Facebook” mənə çox şey qazandırıb”

Aygün Həsənova:
-İnternet və “Facebook”la tanışlığımın maraqlı, özü qədər də hüznlü tarixi var. Bəzən lənətləsəm də, “Facebook” mənə çox şey qazandırıb, düzdü bura vasitəsilə itirdiklərimdə çoxdu (əsəblərim, vaxtım) amma qazandığımla mügayisə etsəm deyərdim ki daha çox qazanmışam. Məsələn mən işimə görə gəzet və ya TV izləyə bilmirəm, radioya da gulag asma imkanım olmur amma ölkədə və dünyada baş verənlərdən FACEBOOK vasitəsilə xəbər tuta bilirəm. Məndə bəzən fikirləşirəm ki, biz insanların həyatı real həyatı maraqlı olsa virtuala elə də həvəs etmərik.

“Virtualda daha çox etiraz etmək mümkündür”

Fariz Namazov:
-Reallıqda utancaq olan, sözlərini açıq deyə bilməyən gənclər bunun üçün ən rahat yer seçir ki, bu da virtual həyatdır. Burada reallıqdan fərqli bir mənzərə var. Reallıqda edilməyən söhbətləri burda etmək mümkündür, həm də üz-üzə danışıqlar zaman insanlar utanır, amma virtualda hətta yeni tanışlıqlar zamanı bu utancaqlıq olmur. Ona görə insanlar vaxtlarının çox hissəsini virtual həyata sərf edir. Virtualda daha çox etiraz etmək mümkündür, daha ços qəzəbli ifadələrlə emosiyaları biruzə vermək olmur, amma təəssüf ki bu emosiyalar, deyilən fikirlər, çağırışlar elə virtualda komputer arxasında qalır. Kimsə onları reallığa çevirə bilmir. Digər tərəfdən gənclər arasında da bir-birinə inam çox azdır, kimsə hansısa çağırış etdikdə ona virtualda dəstək olan olsa da, reallıqda kimsə dəstək olmağa çalışmır. Hər kəs öz əlim, öz başım deyə yaşamağı üstün tutur. Azərbaycanda sosial şəbəkələrdən gənclər müxtəlif vasitələrlə istifadə edir. Kimisi şəxsi məqsədlər üçün, kim isə ümumi, sosial problemlərin həll olunması üçün bu şəbəkəyə üz tutur, müxtəlif çağırışlar edir. Ermənistanda hətta sosial şəbəkə vasitəsi ilə bir neçə ay əvvəl insanları etiraz etmək üçün mitinqə çağırmışdılar və insanlar da bu çağırışa biganə qalmamışdır. Azərbaycanda da hazırda bu kimi çağırışlara rast gəlinir, insanlar öz bəyanatlarını, fikirlərini reallığa nisbətən daha çox virtual həyatda yaymağa çalışırlar, çünki bu fikirləri, onların yaydıqları məlumatları daha çox insanlar oxuyur və məlumatlanırlar. Gündəlik qəzet oxumayan insanlar da internetə çıxış olduqda bu məlumatlardan tez xəbər tuta bilirlər. İnternetdə həm də hadisələrin obyektiv olaraq yayılması ehtimaldır, burada hər hansı hadisələr təhrif olunaraq insanlara çatdırılmır. Ona görə də insanlar internetə daha çox üstünlük verirlər.

“Həyatımda boşluq yaranan kimi internetə qaçıram”
Nigar:
-“Facebook”da ünsiyyət qurmağa insanlar vərdiş ediblər. Mənim başım qarışıq olanda,  işlərim olanda heç bura yadıma düşmür,  amma həyatımda boşluq yaranan kimi bura qaçıram. Bir sözlə depressiyadan bu yolla çıxmağa çalışıram və müsbət cəhəti də odur ki, illərlə görmədiyim dostlarımı burda tapmışam. Hər gün ünsiyyət qururam, yeni insanlarla tanış oluram. Bir məsələyə etirazim var, şəxsi  məsələləri burda müzakirə etmək bir o qədər də yaxşı hal deyil. Çünki bəzən küçədə facebook dostlarımı görəndə onun bütün tərcümeyi halını əzbər bilirəm. Həyat tərzini, kiminlə dost olmasını, hətta sevgilisini də bilirəm.

“Beyinlərimiz acdır”

Elçin Nəsib:
-Nə harda icad edilirsə, yaradılırsa demək ki, ən uyğun məqsədlər üçün orda istifadə edilir. Biz “millət” olaraq bunu mental düşüncə olaraq formalaşdıra bilmirik. Niyə? Çünki heçnə icad etmirik (xülyalardan başqa), heçnə yaratmırıq (lazımsızlardan və zərərlilərdən başqa). Buna görə də nə niyə? nə cür? nələrlə? işlədiləcək və fayda alınacağını bilmirik. “Facebook” və çatları olan internet saytlarına çox maraq və vaxt sərf etməyimiz də mentalitetimizdən irəli gəlir. Daha doğrusu mədəniyyətlərin çatışmamasını yaşayırıq. Texnologiya, inkişaf, dinamika, gözə və qulağa xoş gələn hər şey Qərb mədəniyyətinin məhsuludur. Bunları qavramaq istəyənlər isə bizlərik. Bu zaman yaranan əlamət, bu vərdiş və düşüncələrin bizim həyatımızda arzuolunmaz nəticələrin ortaya çıxmasıdır.  Kriminal, narkomaniya, sexs düşgünlüyü, yüngül həyat tərzləri, 18 yaşdan sonra heyvan sərbəstliyi və digər yad sosial elementlər. Bunlar Qərb mədəniyyətində var tamam. Amma qərb dünyanın başına od əliyir bu gəncliklə? Yox Qərbin gələcəyini təminat altına alan şəxslər gəncləri yetişdirir necə? O gənclər kitabxanalardan çıxmır, amma bizimkilər o kitabxanalara girmir. IQ, SQ, və EQ üzərinə qurulu təhsil sistemində təhsil alır, amma bizimkilər əzbərlə-danış -əyləş-beş sistemi ilə.  Həqiqətən də bizim beyinlərimiz acdır.

“İnsan real həyatda hər insanla ünsiyyət yarada bilmir”

Aynur Qasımova:
- Bir qism insanlar  günün 12-14 saatını internetdə  keçirirlər. Bunun səbəbini açıqlamaq çox çətindi. Yəni, bu sualın tək bir cavabı yoxdu. Mən deyərdim ki, bəzi insanların internetdə, xüsusilə də “Facebook”, “Twitter”, “Odnoklassnik” kimi internet səhifilərində vaxtlarını keçirməsi heç də qeyri – normal vəziyyət deyil. Belə  bir maraq doğuran sual ortaya çıxır ki, niyə insanlar canlı  ünsiyyətdən daha çox, virtual ünsiyyətə önəm verir? Zənnimcə, insan real heyatda hər insanla ünsiyyət yarada bilmir. Dərdini bölüşə bilmir. Hətta etrafında yüzlərlə dostu tanışı olsa belə. Elə hallar olur ki, internet vasitəsilə yaranan virtual münasibət çətin məqamda, insan üçün problemlərin üst-üstdə gəldiyi bir vəziyyətdə mavi ekranın digər tərəfindəki dost insanın sakitləşməyinə kömək olur. Şərt o deyil ki, o insan mütləq qarşımızda olmalıdır. Dünyanın digər bir tərəfində və yaxud heç bilmədiyimiz bir məkanda, təsəvvür etmədiyimiz uzaq bir adada yaşasa belə qurulan ünsiyyət başqadır.

“Virtual aləm dediyimiz internet daha çox oyun və əyləncədən ibarətdir”

İslam Musa:
-İnternet dediyimiz iki tərəfi də kəskin bir bıçaq olan bu vasitəni “zaman dəyərləndirmə” və “zaman keçirmə” deyə ayıra bilərik. Çox deyil, bundan bir neçə il əvvəl, internetin gələcək illərdə həyatımıza gətirəcəyi asanlıqlardan danışarkən, təyyarə biletlərinin internet üzərindən satın alına biləcəyi nümunəsi verilirdi. Bəli, bu gün yalnız təyyarə biletləri deyil, ağılınıza gələ biləcək bir çox sahədə rezervasiya və satın alma əməliyyatları internet üzərindən əldə edilə bilir. Artıq çantanızda daşıya biləcəyiniz kiçik bir vəsaitdən, içində yaşaya biləcəyiniz evlərə qədər hər şeyi internet vasitəsilə əldə etməniz mümkün. Bu qədər yaxşı və faydalı istiqamətləri yanında təəssüf ki, internet bu gün kimiləri üçün ən böyük soyğunların zəmini, ailə içi ünsiyyətin ən böyük maneəsi, evlilik bağının qopma nöqtəsinə gəlməsində ən əhəmiyyətli faktorlardan biri və nəhayət ailələrin dağılmasına səbəb olan pis bir vasitədir.  Virtual aləm dediyimiz internet daha çox oyun və əyləncədən ibarətdir. Zaman Allahın insanlara lütf etdiyi ən gözəl nemətdir. İnsanlar dünya həyatında, özlərinə tanınan qısa bir zaman ərzində Allahı ən çox razı edəcək işlər görməli və axirətdəki sonsuz cənnət nemətlərinə qovuşmaq üçün çalışmalıdır. İnsanın nə vaxt, harada öləcəyi qədərində yazılsa belə insan özü bu zamanı bilməməkdədir. Ölüm gözləmədiyimiz anda başımızın üstünü ala bilər. Buna görə zaman neməti israf edilməməli, hər saniyəmizi faydalı işlərlə məşğul olaraq keçirməliyik.

“Virtual həyat insanı yorur”

Leyla Əliyeva:
-Əslində real həyatda tapa bilmədiyini sosial şəbəkədə tapmaq qeyri-mümkündür. Virtual həyat insanı yorur. Real həyatdan uzaqlaşdırır. İnsanlarda mütaliyəyə, biliklərin artırılmasına və sairəyə marağı azaldır. İnsanlar daha çox qeybetə, bir-birlərini müzakirə etməyə meyillənirlər. Sosial şəbəkələrin mövcudluğunun fəal gəncliyin olmamasında rolu çox cüzidir.

“Sevgili axtaran gənclər üçün də “Facebook” uyğun yerdi”

Murad Musayev :
-“Facebook” kimi sosial şəbəklərin məqsədi hamıya məlumdur. Yaxşı dostlarım da var virtual aləmdə. Sevgili axtaran gənclər üçün də bura uyğun yerdi. Sırf bu məqsədlə də “facebook”dan istifadə edənlərin sayı az deyil. İnsanlar həmişə canlı ünsiyyətə üstünlük verirlər, amma real həyatda görüşə bilmirlərsə sosial şəbəkələrdə görüşüb danışa bilərlər. Mən inqilabın tərəfdarı deyiləm, inanmıram ki inqilab bizdə nəsə dəyişikliyə səbəb olsun. İnsanların düşüncə tərzi dəyişməlidir. Hamı inqilabı öz içində etməlidir.

“Birinin üzünü görmədən, ona şəxsi həyatından nələrisə güvənib, danışmaq daha asandı”

Bahar Mamedli:
-İnsanlar canlı ünsiyyətdən çəkinirlər,virtual ünsiyyət onlar üçün daha asan olur, həm də virtual ünsiyyət zamanı insan qarşısındakını daha yaxşı tanıyır. Birinin üzünü görmədən, ona şəxsi həyatından nələrisə güvənib, danışmaq daha asantdı. Bəlkə də ona görə həm də insanlar virtual həyatda vaxtlarının çoxunu sərf edirlər. Müxtəlif  fikirli insanlar tanıyırlar. Bəzi sosial şəbəkələrdə insanlar ölkədə yaymaq istədiyi fikri, etmək istədiyi inqilabı burda edir, hətta sosial şəbəkələr vasitəsilə özlərinə tərəfdar da tapa bilirlər. Birilkdə müəyyən işlər  görür, müxtəlif tədbirlərin təşkilatçısı olur. Sosial şəbəkələr həm də insanları bir-biriləri ilə daha sıx əlaqədə olmalarına kömək edir.

“İnsanlar real heyatda tapa bilmədiklərini sosial şəbəkələrdə tapır”
  
Əhməd Heybətov:
-İnsan r eal heyatda tapa bilmədiklərini sosial şəbəkələrdə,  internetdə tapır. İnternet bir dünyadır,  mlyardların dünyası. Virtual ələmdə  insanlar ünsiyyət yaradarkən öz mənfi cəhətlərini gizlədərək, müsbət cəhətlərini qabardırlar və bu da çox zaman uğurlu alınır. Amma əslində əsl həyat real həyatdır.

“Din faktoru önəmlidir”

Ergin Əli:
-Hər kəs internət üçün fərqli fikir bildirsədə mən düşünürəm ki, 1400 il əvvəl Quranın Nəml sürəsinin 82 - ci ayəsində bildirilən Dəbbətulərzin məhz internet olduğunu, İslamın ateizmə qələbəsi və İmam Mehdinin hakimiyyəti üçün böyük zəmin hazırlayan sosial şəbəkə olduğunu düşünürəm.

"O söz onların başlarının üstünü aldığı zaman onlar üçün yerdən elə bir heyvan çıxardarıq ki, onlarla danışıb insanların ayələrimizə yəqinliklə inanmadıqlarını söyləyər. " ( Nəml.82)

“Virtual aləm böyük gələcək vəd etmir”

Babək Hacı:
-Gənclərin sosial şəbəkədə daha çox görünməsi bu gün adi bir hala çevrilib. Gənclər asudə vaxtlarını ən çox sosial şəbəkədə keçirir. Lakin bu elə də ürəkaçan deyil. Çünki bu asudə vaxtı keçirən gənc internetden hansı məqsədlər üçün istifadə etdiyini nəzərə alsaq məsələ daha da sadələşər. Düşünücə tərzi elə formalaşıb ki, bəzi gənclər sosial şəbəkədə saxta münasibət qurmaq və bu münasibətdən güddüyü çirkin fikirlər özü ilə yanaşı ətrafındakıları və onunla həmin sosial şəbəkədən olan tanışlığa can atan insanı və onun da ətrafındakılarının mənəviyyatına az da olsa zərər vura bilər. Əgər gənc nəsil insanın internetin intellektual səviyyəsinin, dünyagörüşünün zənginləşməsində böyük rol ola biləcəyi tədqirdə bundan əks istiqamət üzrə düşünürsə bu onun gələcəyini şübhə altına alır və onun cəmiyyətdə fikir sahiblər arasında mövqeyinə ciddi xələl gətirir. Mən bunu belə qəbul edirəm.  Doğrudur ki, bəzən bəzi insanlar real həyatda tapa bilmədiklərini sosial şəbəkədən axtarır. Bu hec də böyük gələcək vəd etmir. Daha da aydın desəm və ya desək sosial şəbəkədə sevmək və sevilmək artıq adi hala çevrilib.

Aynurə Həsənova






9 Fevral, 2011  00:03 Baxılıb: 2905 Çap

Bu bölmədə

27 Noyabr, 2024
Sabah leysan yağacaq
18 Noyabr, 2024
Sabah qar yağacaq

XƏBƏR LENTİ
29 Noyabr, 2024  12:14

27 Noyabr, 2024  13:23


18 Noyabr, 2024  14:19

18 Noyabr, 2024  13:18


30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16