“Xoşunuz gəlmir gedin başqa yerdə yaşayın”
Binaya daxil olan kimi blokdakı natəmizlikdən, üfunət qoxusundan buradakı şərait haqqında ilkin təsəvvürümüz formalaşır. Bir neçə xanım bizi dördüncü mərtəbəyə çağırır. Hamısı ətrafımızda toplaşıb, eyni vaxtda şiakyətlənməyə başlayırlar: “15-20 ildir ki, burada yaşayırıq. Hamımızın da həyat yoldaşımız illərdir neft şirkətində fəhləlik edir. Bizə heç bir xəbərdarlıq etmədən sayğac quraşdırıblar. Amma təkcə lampalar yanır, razetkaların heç birinə elektrik enerjisi verilmir ki, yemək bişirək, su qızıdırb çimək, çirkli paltarlarımızı yuyaq”.
Sakinlər gileylənir ki, yataqxanada sayğac quraşdırılandan sonra onlar üçün ciddi problemlər yaranıb. Bura Dövlət Neft Şirkətinin (ARDNŞ) Bakının Badamdar qəsəbəsi “Bibiheybət” neft-qaz çıxarma şirkətinə məxsusdur.
Yataqxana subaylar üçün nəzərdə tutulsa da ailəlilər yaşayır. 5 mərtəbəli binanın hər mərtəbəsində ən azı 20 ailə var. Sakinlər deyirlər ki, 1989-1990-cı illərdən burada yaşayırlar. Yataqxanada hamamın, ayaqyolunun və mətbəxin ümumi istifadəsi onlar üçün çətin olsa da, indi də yeni problem çıxıb-işıq problemi...
Səs-küydən imkan tapıb öyrənirik ki, onlar təxminən bir aya yaxındır ki, bu problemlə yaşayırlar. Xanımların sözlərinə görə, işıqsızlıq ucbatından nə yoldaşları üçün yemək hazırlaya, nə də uşaqların paltarlarını yuya bilirlər.
Nənəş xanım söyləyir ki, onsuz da şərait qənaətbəxş deyildi, indi vəziyyət daha da qəlizləşib: “Mən işıq pulu verməyə razıyam, amma normal şərait də olmalıdır. Razetkaların heç birindən istifadə edə bilmirik. Bir mətbəximiz, bir sobamız var idi, həmin sobada həm yemək bişirirdik, həm su qızdırıb çimirdik, həm də paltar qaynadırdıq, indi o da yoxdu. Uşaqlarımızın hamısı kirli paltarda gedir məktəbə”.
Yaşadıqları şəraitdən danışa-danışa xanımların hərəsi bizi bir mərtəbəyə çağırır. Filan mərtəbənin hamamı, filan mərtəbənin mətbəxi daha pisdi deyə-deyə mərtəbələri “yarışdırırlar”. Amma hər mərtəbədə eyni mənzərə və eyni ağır qoxu ilə rastlaşırıq. Mətbəxdə soğanlarla bir yerdə gül dibçəkləri, hamam və ayaqyolunun dəhşətli qoxusu və rütubət...
Problem təkcə işıq deyil
Nərdivanın bir tərəfindən soğan yığılmış torbalar, bir tərəfindən döşəmə silmək üçün asılmış dəsmalların yanından keçib pilləkənlə növbəti mərtəbəyə düşürük. Bu qədər narahatlığı vecinə almayan yeganə sakinlər uşaqlardır. Bilərəkdənmi, yoxsa uşaq şıltaqlığındanmı tez-tez “Villadır ey, villa”, “Gör nə qəşəng yerdə yaşayırıq?!” – deyə söz atırlar. Fotolarını çəkdiyimiz zaman üzlərindəki ifadəyə qayğısız təbəssüm qatmağa çalışırlar. Amma bütün bunlar nə onları, nə böyükləri buradakı çətinlikdən xilas etmir.
Tofilə Mehdiyeva deyir ki, 24 ildir neft şirkətində aşpaz kimi çalışır. Üç uşağı var və cəmi 250 manat maaş alır. O da işıq puluna etiraz etmir, amma onu bir sual maraqlandırır: “İşıq çəkən ustanın da pulunu mənim verməyimi istəyirlər. Bəs uşaqlarıma kim baxsın? Dərslər başlayıb heç nələri yoxdur”.
Yataqxana sakinləri darısqallıqdan, işıqdan, təmirsizlikdən başqa su problemindən də narahatdır. Deyirlər ki, su çənləri xarab olur, heç kim maraqlanmır. Məcbur olurlar ki, su kranından plastik qablara su doldursunlar.
“Xoşunuz gəlmir gedin başqa yerdə yaşayın”
Onlar danışdıqca düşdündük ki, sakinləri ən azı bu problemlər qədər narahat edən başqa bir amil də var – laqeydlik...
Xanımlar dörduşaqlı ailənin yer olmadığından uşaqları stolun altında yatırmasından, yoldaşı veteran olan başqa bir sakinə ev verilmədiyindən danışırlar: “Burada gəlinlərdən biri və onun veteran həyat yoldaşı ev üçün müraciət edəndə aldıqları cavab bu oldu ki, “veterandır, özü üçün gedib müharibəyə veteran olub”...
Onlar gileylənir ki, həyat yoldaşları illərdir əziyyət çəkir, qarşılığında isə layiq olmadıqları münasibətlə üz-üzə qalırlar: “Cəmi 300-400 manat maaşla ailə dolandırmağa çalışırıq. Bu az deyil, hələ bir bu şəraitdə də yaşamalı oluruq. Neft şirkəti o qədər layihələrə sponsorluq edir , amma fəhləsi bax belə sürünür. Neftçilər günündə həyat yoldaşlarımız normal yemək yeyə bilmədi və qaranlıqda oturmalı olduq. Çünki həmin gün belə bizi işıqsız qoymuşdular”.
Şikayət edənlər isə “Xoşunuz gəlmir gedin başqa yerdə yaşayın” – cavabını eşidir.
Buradakı vəziyyətin səbəbini yataqxananın komendantından öyrənməyə çalışırıq. Uşaqlar otağın yerini tanıdıqlarını deyib irəli düşürlər. Bir-birini itələyə-itələyə qaçan balacaların müşayiətilə birinci mərtəbəyə enirik. Yolüstü məlumat verirlər ki, komendantın maşını həyətdə gözə dəymir, yoxdu burada. Amma müdir buradadır.
Problemlə bağlı mənzil komunnal istismar sahəsinin rəisi Şahin Ağaməmmədovla söhbətləşirik. Onun sözlərinə görə, bunun səbəbi yataqxananın neft şirkətinin tabeliyindən çıxarılması və Bakı şəhər 3 saylı təssərrüfat birliyi idarəsinə verilməsidir: “Hazırda təhvil-təslim prosesi gedir, ona görə vəziyyət belədir. Sayğaclara gəlincə isə onlar Bakelektrikşəbəkə tərəfindən quraşdırılıb və hələ də proses davam edir”.
Yataqxananın hazırkı vəziyyətinin sakinlər üçün yaratdığı çətinliklərdən danışanda isə sahə rəisi bildirir ki, bunların həlli onun səlahiyyətləri daxilində deyil: “Biz əvvəlkindən fərqli olaraq burada demək olar ki, heç nəyə cavabdeh deyilik. Yalnız həyətin süpürülməsi və zibilin daşınması işinə baxırıq”.
Sakinlərsə çəkdiyimiz şəkillərin, onların problemlərinin harda işıqlandırılacağı ilə maraqlanırlar. Yaşadıqları şəraitdən lazımi qurumların tezliklə xəbərdar olacağı ümidi ilə yaşayırlar...
Fatimə Kərimli
FOTO: İlknur Salamova