|
DAŞLARI DA AZƏRBAYCAN TARİXİNDƏN DANIŞAN “ATƏŞGAH” MƏBƏDİ – REPORTAJ – FOTOSESSİYA
“...Şəkərbura ayın, paxlava ulduzların, qoğalsa günəşin rəmzidir”
Darvazaya yaxınlaşdıca sanki qədim zamanların qoxusu duyulur. Fərqli adətlərin, qədim inancların izi ilə gedirik. Əvvəllər bura od məskəni adlanırdı. Yerdən çıxıb sönməyən alov insanlara o qədər qeyri-adi görünürdü ki, onlar odu müqəddəs sayır, ona sitayiş edirdilər. Suraxanıda yerləşən Atəşgah məbədinə çatmışıq. Geniş həyətin tam mərkəzində böyük bir məbəd və onu əhatə edən hücrələr... İlk baxışdan səcdəgahın daşları da Azərbaycan tarixindən danışır...
“Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunun direktoru Rəşid Babai deyir ki, II-III əsrə aid olan bu məbədin Suraxanıda tikilməsi təsadüfü deyil. Azərbaycanda Zərdüşt dininin yayıldığı bir dövrdə burda yerdən alov çıxırdı: “Sonradan bilindi ki, bu təbii qazdır. Lakin o zaman yerin alovlanması möcüzə kimi görünürdü. Zərdüştlər üçün od müqəddəs idi. II əsrdə onlar burda məskən salaraq məbədin əsasını qoyublar. Güman ki, hücrələri Azərbaycanın usta memarları tikib. Çünki məbəd sırf Abşeron arxitekturasında qurulub. Məbədin tikilməsi üçün hansı tacirin nə qədər pul verdiyi daş kitabələrdə qeyd olunub”. VII əsrdə Azərbaycanda İslam dini yayıldıqdan sonra zərdüştlük təsirini itirməyə başlayır. Artıq məbədə az adam gəlirdi. Atəşgah tədricən dağılırdı. R.Babai deyir ki, məbədin ikinci həyatı XVI - XVII əsrlərdən başlayır. Həmin dövrdə Azərbaycandan keçən İpək Yolu sayəsində başqa ölkələrlə geniş ticarət və mədəni əlaqələr qurulurdu. Tacirlər ölkələrinə qayıdanda Suraxandakı təbii alovdan danışırdılar. Bundan sonra, xüsusilə, Hindistandan bura çoxlu zəvvarlar gəlir, zərdüştlərin və atəşpərəstlərin sayı artır. Onlar dağılmış məbədi ilkin adını saxlayaraq bərpa edirlər. “Atəşgah” - “od yeri”, “od səcdəgahı” deməkdir. Məbəddə ən müqəddəs yer mərkəzi ibadətxana sayılıb. Ora yalnız baş kahinlər buraxılırdı. Adi zəvvarlar isə həyətdə, hücrələrdə dini ayinləri yerinə yetirirdilər. Məbəd 26 hücrədən ibarətdir. Onlar qonaq otağı, karvansara və ibadət yerləri kimi istifadə olunurdu.
Dünyaca məşhur şəxsiyyətlər də məbədin ziyarətçisi olub
Məbədi gəzintiyə son hücrədən başladıq. Hücrə hündürdə tikildiyindən burdan “Atəşgah”ın həyəti və baş ibadətgahı tam görünür. Rəşid bəylə söhbətdən məlum oldu ki, məbədi ziyarət etməyə gələn dünyanın görkəmli adamları məhz bu hücrədə qalıb, oradan zəvvarların ibadətini izləyirmiş: “Rus-İran müharibəsi ilə əlaqədər Böyük İpək Yolu müvəqqəti olaraq əhəmiyyətini itirir və bura axın kəsilir. Zərdüştlər və atəşpərəstlər dolanmaq üçün buranı qonaq otağı kimi tikib, müvəqqəti olaraq qalmağa gələnlərdən əlavə pul alırdılar. Bura çox məşhur adamların diqqətində olub. Fransız yazıçısı Aleksandr Düma, məşhur rus kimyaçı Mendeleyev, rus rəssamı Qriqori Qaqarin bura gəlib, ibatət edənlərə baxırdılar. Azərbaycana kim səyahətə gəlirdisə, mütləq buranı görməliydi. Məbədin şöhrəti bütün dünyaya bəlli idi”. Rus kimyaçısı Mendeleyev həyat yoldaşına yazdığı məktubda indiyəcən belə məbəd görmədiyini bildirib. 1888-ci ildə Atəşgaha ailəsi ilə birlikdə gələn Rus çarı III Aleksandr indiyə qədər ikinci belə bir məbəd tanımadığını deyib. 1925-ci ildə məbədi ziyarət edən Hindistan alimi Moidi ən müqəddəs məbədlərdən birinin Suraxanıda yerləşdiyini yazıb. R.Babai qeyd etdi ki, məbədə indi də dünyanın hər yerindən qonaqlar gəlir: “Dövlət adamları, turistlər məbədlə maraqlanırlar... Azərbaycanın qədim və zəngin tarixini göstərmək ilk növbədə, bütün muzeylərin, qoruqların əməkdaşlarının borcudur. Buna görə də, elə şərait yaradırıq ki, hər kəs buranı ziyarət edə bilsin”. “Atəşgah”a gələn şagirdlər üçün bilet qiyməti 20 qəpik, bir sinif üçün ekskursiya qiyməti 1 manatdır. Tələbələr üçün bilet 1 manat, ekskursiya qiyməti isə 3 manatdır. Başqa vətəndaşlar və turistlər üçünsə giriş qiyməti 2 manatdır. R.Babai sırf zərdüştlüyə aid ekspozisiya hazırladıqlarını və təqdim edəcəklərini də bildirdi. Direktor söylədi ki, eksopzisiyanın hazırlanmasında məqsəd zərdüştlüklə yaxından tanış olmaqdır: “Məbəddə illərdir toplanan xeyli material var. Bunun üçün Mədəniyyət və Turizm Nazirliyi vəsait ayırıb. Eksponatların bəzilərini Azərbaycandan, bəzilərini isə xarici ölkələrdə yaşayan zərdüştlərlə əlaqə saxlayıb toplamışıq. Hazırda dünyada 200 minə qədər zərdüşt var. Əksəriyyəti Hindistanın Mumbay şəhərində, İranda və Kanadada yaşayır”.
“Xeyir fikir, xeyir söz və xeyir əməl”
R.Babai o zamanlar ibadətlərin yerinə yetirilməsi qaydalarından bəhs edir. Deyir, zərdüştlərlə atəşpərəstlərin dini ayinləri yerinə yetirmə qaydası fərqli olub. Onun sözlərinə görə, insanın öz ruhunu istismar etmək adəti atəşpərəstlərə aid idi. Zərdüştlərdə isə insanın özünə əzab verməsi günah sayılırdı: “Zərdüştlərin üç əsas prinsipi var idi: xeyir fikir, xeyir söz və xeyir əməl. Zərdüşt tacirlər, səyyahlar getdikləri yerlərə özləriylə balaca atəşdan aparırdılar. Vaxtı çatanda atəşdanda alov yandırır, ibadətlərini edirdilər. Onlarda belə bir düşüncə vardı ki, yemək bişirərkən bir damcı yağ oda düşsəydi, bu, böyük günah sayılırdı. Ağ rəng müqəddəs hesab edilirdi. Kahinlər ağ geyinir, ağızlarını örtürdülər ki, nəfəsləri ilə alovu murdarlamasınlar. Atəşpərəstlikdə isə inanclar zərdüştlükdən fərqlənirdi”. Məbədin hücrələrini tanıtmaq üçün bizə Ədilə Hüseynli bələdçilik edir. Bəzi hücrələrdə Azərbaycanın regionlarından qazıntılar zamanı tapılan əşyalar – sərniclər, dolçalar, küplər, iri boşqablar, çölmək (qida saxlamaq üçün qab), kasalar sərgilənir. Bütün hücrələrdə divarın içində oyuqlar var. Ə.Hüseynli deyir ki, balaca oyuqlara otağı işiqlandırmaq üçün məşəl qoyulur, bir qədər iri oyuqlardan isə rəf kimi istifadə olunurdu. Əvvəllər Xəzər dənizi məbədə çox yaxınmış. Qoruğun həyətində qədimdən qalma su quyusu və qidanı sərin saxlamaq üçün yeraltı anbar var. Bu quyularda hələ də arxeoloji qazıntılar aparılır. Hücrələrin birində I-III əsrə aid xəncərlər, qılınclar, muncuqlar nümayiş etdirilir. Burda qəpiklərin üzərində Makidoniyalı İsgəndərin, həmçinin, o dövrdəki məşhur tacir və hökmdarların adı həkk olunan dəmir və mis sikkələr də var. Hücrələrdə səyyahların, rəssamların, tacirlərin “Atəşgah”, Suraxanı nefti haqqında dediyi fikirlər yer alıb. “Atəşgahı”ın ilk görünüşünü əks etdirən fotonu burda görmək olar. Ə.Hüseynli zərdüştlüyün rəmzləri barədə məlumat verir: “Hər il keçirilən Novruz zərdüştlükdən qalan bayramdı. Şamların yandırılması alova olan simvolik münasibəti ifadə edir. Şəkərbura ayın, paxlava ulduzların, qoğalsa günəşin rəmzidir”. Başqa hücrədə “Atəşgah”ın rus rəssamı Qaqarinin göstərişi ilə hazırlanan maketi yerləşdirilib. Burda odun ətrafına toplaşan zəvvarların ibadət mənzərəsini görürük. Zəvvarların birinin əlində tütək var. Bələdçi deyir ki, bu şər qüvvələrin qovulması anlamını ifadə edirdi. Onlar düşünürdü ki, şər qüvvələr alova da ibadət edə bilərlər.
Rus kimyaçısı D.Mendeleyev burda çalışıb
Ə.Hüseynli bildirir ki, oddan gündəlik məişət xidmətləri üçün istifadə olunurdu: “Zəvvarlar üçün alov həyat, möcüzə idi. Od onları işıqlandırır, isindirir və yedirirdi”. Rus taciri Konerevin 1855-ci ildə, “Atəşgah”ın arxasında tikdirdiyi kerosin zavodunun maketi də bura yerləşdirilib. Rus kimyaçısı D.Mendeleyev burda çalışıb: “O burda neftin düzgün istifadə olunması, israf edilməməsi barədə məsləhətlər verir, fabrikin işinə kömək edirdi. Onun zamanında kerosin fabriki yüksək şəkildə inkişaf edirdi”. Məbədin balaca hücrəsində bütün ömrünü oda sitayiş etməklə keçirən zahidin maketi var. Başqa bir hücrədə daşdan düəzəldilmiş taxtda qaynar əhəngin üzərinə uzanaraq özünə əzab verən tərki-dünyanın fiqurunu görürük. Hücrələrdə dəstəmaz üçün istifadə olunan əşyalara da rast gəlmək olar. Zərdüştlər gündə 5 dəfə ibadət edirdirlər. Səcdəgahın yanında arıqlamış, üzərinə 30 kiloqramlıq zəncir asaraq, özünə fiziki əzab verən tərki-dünya və onun yanında heç nə yeməyərək əzab çəkən zahidin fiquru yerləşdirilib. Bu hücrədə mətbəx kimi istifadə olunan guşə də var. Burda yemək bişirilir, müxtəlif heyvanların fiqurları, qurban camları qoyulurdu. Hücrə sakinləri yedikləri yeməyin az hissəsini camlara qoymaqla allahlara qurban payı ayırmış olurdu. Zərdüştlük dinində armud, alma və başqa meyvələr müqəddəs hesab olunurdu. Onlar meyvələri, xaoma bitkisinin şirəsini alova qurban verirdilər. Bu mərasimi təsvir edən mənzərəni digər hücrədə görmək olar. Məbəddəki karvansarada Hindistandan gələn zərdüşt tacirlər qalırdı. Karvansaranın içərisində və çölündə yükdaşıyan heyvanları bağlamaq üçün daş halqaları düzəldilib. Digər hücrələrin qapısının üstündəki daş lövhədə hücrələrdə qalan tacirlər haqqında məlumatlar qeyd edilib. “Atəşgah”ın hər tərəfini gəzdikdən sonra məbəddə yanan alovun ətrafına gəldik. Allahın yaratdığı odun nə qədər dəyərli nemət olduğunu bir daha anladıq...
P.S. Bu reportajı hazırlamaqda məqsədimiz heç də zərdüştlüyü təbliğ etmək deyil. Çünki odu Allah yaradıb. Və Ulu Tanrı yaradan, digərləri isə Onun yaratdıqlarıdır. Onu da deyək ki, vaxtilə insanlar od vasitəsilə Allah sitayiş edirmişlər. Ancaq İslam dininin həqiqətləri insana daha doğru yolu göstərdi. Təbii ki, “Atəşgah” bizim tarixi keçmişimiz və onu əks etdirən bir muzeydir.
Arifə Mikayılova
"SİMSAR" jurnalı
18 İyul, 2012 17:21 ⁄ Baxılıb: 5819 ⁄ Çap
Bu bölmədə
|
|
|