Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

NƏHƏNG İNSAN, NƏHƏNG REJİSSOR

Hüseyn Seyidzadənin doğum günündə dostları Simsar.az- a danışdı

Bu gün görkəmli kinorejissor Hüseyn Seyidzadənin doğum günüdür. O, 1910-cu il, oktyabrın 19-da İrəvanda anadan olub.

Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu bitirən H.Seyidzadə sənət korifeylərindən Sergey Eyzenşteyndən, Mixail Rommdan, Lev Kulicanovdan sənətin sirlərini öyrənib. Bakıya qayıdaraq, yaradıcılığını vətəndə davam etdirib.
Müharibənin qızğın dövrü olsa da, Bakı kinostudiyasında filmlər çəkib. Hüseyn Seyidzadə müharibədən əvvəl rejissor Niyazi Bədəlovla “Ayna” adlı filmin çəkilişlərinə başlayıb.
Təsadüfü deyil ki, hind kinosunun məşhur aktyor və rejissoru Rac Kapur Hüseyn Seyidzadənin filmlərinə baxandan sonra deyib ki, “Hindistana gəl, səni milyoner edərəm”.
1956-cı ildə Bakının kinoteatrlarında ekrana “O olmasın, bu olsun” filmi çıxdı. Bu film Hüseyn Seyidzadə yaradıcılığının şah əsərlərindəndir. Hüseyn Seyidzadənin çəkdiyi “Dəli Kür” filmi də onun istedadından xəbər verir. O, Bütün filmlərində milli xüsusiyyətləri qorumağa çalışıb. İstəyirdi ki, filmlərimizdə xalqın mənəvi ruhu olsun, onun taleyinin ağrıları əks etdirilsin. “Yenilməz Batalyon”da da, “Koroğlu”da da, “Qayınana”da da bunlar çox aydın görünür.

Ömrünün sonuna yaxın Natəvan haqqında film çəkmək istəyirdi. Ancaq amansız ölüm buna imkan vermədi. 1979-cu il iyunun 2-də böyük sənətkar dünyasını dəyişib.

Simsar.az saytı görkəmli kinorejissor Hüseyn Seyidzadəni doğüm günündə anır və onunla çiyin-çiyinə çəkiliş meydanında işləyən dostlarının fikirlərini öyrənib. Dostları onu belə xatırlayır.
Kinorejissor Eldar Quliyev Hüseyn Seyidzadə ilə bir dövrdə çalışıb. Onunla bağlı xatirələrinin çox olduğunu və onun əvəzsiz rejissor olduğunu deyir: “Hüseyn Seyidzadə çox tanınmış, həmçinin məşhur Sergey Eyzenşteyn, Mixail Romm, Lev Kulicanov kimi sənətkarların tələbəsi olub. Mən kinostudiyaya gələndə o, artıq tanınmış, bir çox filmlərin çəkən kinorejissor idi. Onun çəkdiyi “O olmasın bu olsun” Azərbaycan mədəniyyət və incəsənət tarixində öxüsusi yeri olan filmdir. Biz və bizdən sonra gələn bütün nəsillərə örnəkdir. O, kinonun romantiki, kinoya vurğun adam idi. Onun əsas məqsədi kino çəkmək idi. Bu gün onun ənənəsini davam etdirənlər bəlkə də var. Amma o, öz dəsti xətti, öz yolu olan rejissor idi. O adam tarixdə qalır ki, onun öz yolu var. Bu gün hərənin öz yolu var. Amma hər şeydən öncə Hüseyn Seyidzadə peşəkar idi. Amma bu gün peşəkarlıq yoxdur”.

Əməkdar incəsənət xadimi, kinooperator Amil Novruzov Hüsey Seyidzadə ilə çəkiliş meydanlarında çox olub. Onun sözlərinə görə, rejissor kimi H.Seyidzadə həm çətin, həm asan insan idi: “O, çox böyük rejissor idi. Çəkdiyi filmlər də buna bariz nümunədir. “Qatır Məmməd”ə o vaxt 3 ssenari yazılmışdı. Ən mükəmməlini isə Hüseyn Seyidzadə yazıb. Amma ona bu filmi çəkməyə icazə verilmədi. O, həmişə çalışırdı ki, çəkdiyi filmlərdə Azərbaycana məxsus xarakteri, milli mentaliteti göstərsin. Onunla çəkiliş meydançasında çox olmuşam. Çox narahat adam idi. Çəkiliş zamanı aktyorun paltarının düyməsi qırılsaydı, çəkilişləri dayandıracaqdı. Orijinallığı onda idi ki, hər bir detala fikir verirdi. Onunla bağlı çoxlu xatirələrim var. Bir dəfə Mingəçevirdə çəkilişdə idik. Tanınmış aktyorlardan çoxu orda idi. MirCəfər Bağırovun vaqonunu bizə vermişdilər. Çəkiliş bitəndən sonra Yevlaxa, ordan da Bakıya qayıtmalı idik. Çəkilişi bitirdikdən sonra həmin günü qeyd edirdik. Rəhmətlik aktyor Ceyhun Mirzəyev vaqona yaxınlaşıb deyir ki, Hüseyn Bakıya çatdıq. O isə buna inanır və vaqondan düşmək istəyir. Sonra hamımızın gülməyindən başa düşdü ki, bu, bir zarafatdır. O nə qədər ciddi adam idisə, bir o qədər də zarafatı sevən idi”.

Əməkdar incəsənət xadimi, professor, kino və televiziya rejissoru Tariyel Vəliyev Hüseyn Seyidzadə ilə çəkiliş meydanında olmasa da, onunla bağlı çox gözəl təəssüratları var. Dyir ki, Hüseyn Seyidzadə yaxşı rejissorlar içərisində birincilərdən idi: “Məşədi İbad filmindən sonra onun çəkdiyi bütün filmləri heyranlıqla izləmişəm. Hüseyn Seyidzadə mübariz sənətkar idi. O, sözünü açıq deməyi xoşlayırdı. Çoxları isə bunu sevmirdilər. “Qatır Məmməd” filmini ilk dəfə çəkməyə başlayanda açıqca demişdi ki, niyə ssenarini ruslar yazmalıdır. Ssenarini özü yazmışdı. Bədii Şuranın senzurasından keçən ssenariyə baxmamışdı. O isə cavabında demişdi ki, Qatır Məmmədi məndən yaxşı tanıyacaqsız. Sonra isə filmi yarımçıq qoydular, ona çəkməyə icazə vermədilər. Filmi Rasim Ocaqov çəkdi. Bütün filmlərində milli xüsusiyyətləri qorumağa çalışırdı. İstəyirdi ki, filmlərimizdə xalqın mənəvi ruhu olsun, onun taleyinin ağrıları əks etdirilsin”.

Sənət adamlarının təəssüratlarından bir daha təsdiq olunur ki, Hüseyn Seyidzadə böyük sənətkardır. Azərbaycan kinosu belə insana borcludur.


Aynurə Həsənova






19 Oktyabr, 2011  17:10 Baxılıb: 2237 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
29 Noyabr, 2024  12:14

27 Noyabr, 2024  13:23


18 Noyabr, 2024  14:19

18 Noyabr, 2024  13:18


30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16