Məhərrəm ayında onlarla görüşüb söhbət etmək yerinə düşər dedik. Çünki onları daha çox məhz bu ayda görürük. Məhərrəm ayında əzadarlıq məclislərində roizə oxuyub, mərsiyyə deyən məşhur qardaşlar Seyyid Taleh və Peyman Boradigahilər Simsar.az saytının qonağı oldular. Qonağlarımızı görməyi arzulayanlardan biri də balaca dostumuz Zeynəb Həsənli idi. Görüş günü Boradigahi qardaşlarını Zeynəblə bərabər qarşıladıq. Simsar.az roizəxanlardan alınan müsahibəni sizə təqdim edir.
-Bir az fəaliyyətinizdən danışardız. Daha çox sizləri məhərrəm ayında məscidlərdə olan mərasimlərdə görürük.
-Taleh Boradigahi(T.B-bundan sonra -red)-Bəli doğrudur, Məhərrəm ayında məscidlərdə, ayrı-ayrı yerlərdə təşkil edilən əzadarlıq məclislərində oluruq. Amma bizim “Azərbaycan İlahi Nəğmələr” adlı qrupumuz var, islam qaydası ilə keçirilən toylarda, el şənliklərində də iştirak edirik. Adətən müğənnilər Ramazan və Məhərrəm aylarında işləmirlər, ancaq bizim ilin bütün günlərində işimiz var. Biz 3 qardaşıq, üçümüz də bu fəaliyyətlə məşğuluq.
"Azərbaycanda ilk Ərdəbil yolu ilə mərsiyyəni, roizəni mən oxudum"
-Yəqin ki, sizi bu sahəyə yönləndirən olub. Yoxsa özünüz seçmisiz?
-T.B-Biz Masallı rayonunun Boradigah kəndindənik, ancaq Rusiyada yaşamışıq. Atamız ruhani olub. Onun rolu var bu sənətə gəlməyimizdə. Həm ana, həm də ata tərəfimizdə xüsusi istedadı olanlar var, hansı ki mərsiyyəxan, roizəxan olublar. Mənim Azərbaycanda və ölkədən kənarda tanınmağımın bir neçə səbəbi var. Biri odur ki, Azərbaycanda ilk olaraq Ərdəbil yolu ilə mərsiyyəni, roizəni mən oxudum. Bizdə roizə və mərsiyyə Bakı yolu ilə oxunurdu. Ərdəbildə məşhur roizəxan Səlim Müəzzinzadə var, mən ona bu sənətin kralı deyərdim. Mənim oxuduğum yol o ustadın yoludur. Onu özümüzə ustad, örnək bilirik. Etiraf edim ki, 9-10 il əvvəl mən bu yol ilə oxumağa başlayanda yeganə qəbul edib dəstəkləyən ruhani Hacı Şahin oldu.
-Musiqi təhsiliniz varmı?
-T.B- Xeyr heç birimizin musiqi təhsilimiz yoxdur. Amma toylarda oxuduqca muğamları da öyrənmişik. Fərdi olaraq, özümüz. Məsələn, Hacıbaba Hüseynov, Yaqub Məmmədov, Seyid Şuşinski kimi korifey sənətkarların səs yazılarına qulaq asıram. Bu sahədə təhsil almağı düşünmürəm. Çünki bizə lazım olan qədərini öyrənmişik. Ladları, notları, harmoniyanı bilirik. Mən dəf götürüb dəsgah oxusam artıq roizəxan yox xanəndə olaram.
-Fəaliyyətinizin bir adı da məddahlıqdır. Adətən məddah sözü kimisə mədh eləmək, tərifləməkdir...
Bu arada söhbətimizə Peyman Boradiğahi qoşulur (red.)
-Peyman Boradigahi (P.B-bundan sonra-red)-Bəli məddahlıq kimisə tərifləmək, kimisə mədh eləməkdir. Amma baxır kimi mədh edirsən? Bizim məddahlıq etdiyimiz Allah, peyğəmbər, əhli beytdir. Eyni zamanda bizə sadəcə məddah yox əhli-beyt məddahı deyilir.
-Azərbaycanda əhli-beyt məddahları çoxdur?
-T.B-10 il əvvələ nisbətdə çox demək olar. Amma yeniyetmələr də çoxdu. Səhvsiz iş yoxdur, mən də yeni başlayanda səhvlərim olurdu. 10 il əvvəl oxuduqlarıma indi qulaq asa bilmirəm utandığımdan. Biz əzadarlıq məclisi aparanda oluruq roizəxan. Türklər isə bizə mərsiyyəxan deyir. Mən əvvəllər sırf roizəxan kimi başlamışam fəaliyyətə. Sonralar ilahilər oxumağa başlayanda birmənalı qarşılanmadı, tənqid edənlər oldu.
-P.B-Yeniyetmələr arasında səhv edənlər var, həm də indi sosial şəbəkələr var, bir məlumatın ifanın yayılması saniyə , dəqiqə çəkir. Belə videolar da sosial şəbəkələrdə izləndikcə müəyyən yanlış fikirlər formalaşır. Ona görə də əhli beyt məddahları diqqətli olmalıdırlar
"Ərdəbil şairləri bu işdə daha peşəkardırlar"
-Ümumiyyətlə işiniz həddindən artıq məsuliyyətlidir. Allahdan, peyğəmbərdən, əhli-beytdən danışmaq xüsusi bilgi və məsuliyyət tələb edir. Klassik şairlərimiz bu mövzuya öz yaradıcılıqlarında müraciət ediblər. Füzuli, Seyid Əzim Şirvanı, Xətai və sairlərin adlarını çəkmək olar. Amma nədənsə əzadarlıq məclislərində onlarin qəzəllərini eşitmirik.
-P.B-Biz klassiklərə əsasən toylarda müraciət edirik. Doğrudur onların istər əhli-beytə istər Kərbəla hadisəsinə həsr etdikləri qəzəllər var. Ancaq o qəzəllər mərsiyyə deyil.
-T.B-Əzadarlıq məclislərində biz əsasən Ərdəbil şairlərinə müracət edirik. Bu məclislərin xüsusiyyəti odur ki, gərək ağlatmağı bacarasan. Klassiklərin yazdıqları qəzəllər poeziya baximindan çox mükəmməl yaradıcılıq əsərləridir. Amma o əsərlər insanları ağlatmaq gücündə deyil. Məsələn:
Mahi Muharrəm oldu məsərrət haramdır
Matəm bu gün şəriyyətə bir ehtiramdır
Tecdid-i matəm-i şühda nefsüz deyil
Qəflət -seray-ı dəhrdə tenbih-i amdur
Bu çox gözəldir, amma məscidə gələn camaat bunu anlamayacaq axı, bununla insanları necə ağladım? Xətainin divanı var Həzrəti Əlidən hərdən ona müraciət edirəm.
-Bəs müasir şairlərimiz necə?
-T.B-Müasir şairlərmiz də var bu movzulara müraciət edirlər, amma Ərdəbil şairləri bu işdə daha peşəkardırlar deyərdim. Ərdəbil şairlərindən nə oxuyuruqsa, çox keçmir dillər əzbəri olur. Son mərsiyyələrimizdən biri “Dərdlərə dərman Hüseyn” qısa bir zamanda belə məşhurlaşan mərsiyyələrdəndir.
-Roizə demək üçün gərək həm də çoxlu mütalıə edəsən...
-T.B-Mən İslam Universitetini bitirmişəm. Dini vəsaitləri, poeziya kitablarını oxuyuram. Amma etiraf edim ki, başqa janrlarda olan kitabları oxumuram.
-P.B-Mən deyərdim ki Seyid Talehi digər məddahlardan fərqləndirən onun dini təhsilinin olmasıdır.
-Bəs mərsiyyələrin melodiyalarını kim hazırlayır sizin üçün?
-T.B-Melodiyaları özümüz hazırlayırıq. Qədimdə adətən mərsiyyələri segah və çahargah üzərində oxuyublar.
-P.B-Bəzən elə olur ki, məclis gedəndə bizə bədahətən gəlir o melodiyalar. Məsələn məclislərin birində “Ay Kərbəla” mərsiyyəsi belə yaranıb. Yani bədahətən, əvvəldən hazırlanmış mərsiyyə deyildi. İnsanlar da çox sevdi həmin mərsiyyəni.
-T.B-Türkiyənin bir neçə məscidlərində də o mərsiyyəni artıq səsləndirirlər.
"Məşhur xanım müğənnilərin birindən mənə duet təklifi gəlib"
-Bəzən hazır bəstəkar yaxud da xalq musiqilərinə də müraciət edirsiz. Məsələn xalq mahnısı “Dilbərim”, Türk ifaçılarından Mahsum Kırmızıgül, İbrahim Tatlısəsin repertuarlarından bəzi mahnıları deyə bilərəm.
-T.B-Düzdür arada istifadə edirik. Amma son zamanlar mənim də qardaşım Peymanın da oxuduqlarımız hamısı özümüzə aiddir. Dediyiniz türk mahnıları ki var üzərində mərsiyyə oxunur, o adət də bizə Ərdəbildən gəlib. Açığı orda insanlar İbrahim Tatlısəsi, Mahsum Kırmızıgülü az tanıyırlar. Məsələn Ərdəbildə həıtta “Dağlar qızı Reyhan” mahnısının sözlərini dəyişib İmam Rza haqqında ilahi oxuyurlar. Yani bu hallar ordan keçmədir bizə. O ki qaldı xalq mahnısı “Dilbərim”ə, o artıq deyərdim insanlar tərəfindən qəbul edilib. Çünki mahnının özündə ele əvvəldən yanğı, qəm var.
-Peşəkar musiqiçilərə müraciət etmək olmazmı, sırf bu üslubda musiqilər yazsınlar?
-T.B-İlahidən elə yaranır ki heç musiqiçiyə ehtiyacımız olmur. Bəzən hansısa melodiya yaranır tez diktafona köçürürəm ki, yadımnan çıxmasın.
-Bu günlərdə Namiq Qaraçuxurlunun ifasında mərsiyyə sosial şəbəkələrdə yayıldı. “Hər kəs öz işi ilə məşğul olsa yaxşıdır” – deyimi ilə yanaşsaq Namıqın ifası sizdə qısqanclıq hissi yaratmadı?
-P.B- Xeyr belə bir şey hiss etmədik. Əksinə sevindirici haldır ki, populyar meyxanaçımız bu janra müraciət edib.
-T.B- Bir etiraf edim ki, çox məşhur xanım müğənnilərin birindən mənə birlikdə duet təklifi də gəlib, ancaq razılaşmamışam. Məşhur meyxana ustalarından da belə təkliflər gəlib, amma mən qəbul etmirəm. Son zamanlar tanınmış meyxanaçıların əhli-beytə müraciət etmələri özü də sevindiricidir. Bu qəbildən Elşən Xəzərin adını çəkə bilərəm.
-Siz özünüz də artıq az məşhur deyilsiniz. Sorağınız ölkəmizin sərhədlərindən kənarda da gəlir. Türkiyədə, Almaniyada əzadarlıq məclislərinə dəvətlər alırsız. Buna Allahın qisməti deyək, yoxsa məlum səbəblər də var?
-T.B-Təbii hər işdə Allahın qisməti və izni var. Düşünürəm fərqli yol ilə oxumağım da diqqəti çəkdi. Nəinki Türkiyə, Almaniya, Rusiya məni İrana da dəvət edirlər. Dilimizi anlamasalar da maraqla dinləyirlər. Dünyada ən böyük aşura məclisi Türkiyədə keçirilir, artıq neçə ildir ki o məclisi mən oxuyuram.
-P.B-Mən deyərdim ki, bütün bunlarla yanaşı işini sevərək görməkdən, ürəkdən işə bağlanmaqdan da çox şey asılıdır.
-T.B-Bəli, qardaşımın fikri ilə də razıyam. Bir əlavə edim ki, o yanğı həm də bizim içimizdə daha çoxdur. Biz seyid nəslindənik. İmam Museyi Kazımın nəslindənik, bizə Musəvi seyidlər deyərlər. Əhli-beytə məhəbbətimiz sonsuzdur.
"Adımla gündəmə gələnlər var"
-Söhbətimizin əvvəlində dediniz ki, 10 il əvvəl sizi qəbul etmək istəmirdilər. Zaman keçdi və sizin səsiniz artıq Azərbaycandan kənarda gəlir. Qısqananlar, sizinlə rəqabət aparanlar oldumu? “Gəlib bizi keçdi” -deyənlər və sizə qarşı qara piar aparanlar varmı?
-T.B-Səmimi insanlar çox azdır. Üzümüzə belə münasibət göstərən olmayıb, amma arxada danışılan söz-söhbətləri eşidirik hərdən. Adımla gündəmə gələnlər də var. Əfsuslar olsun ki, belə hallarla rastıaşırıq.
-Geniş fəaliyyətiniz var. Bunu bir az da inkişaf etdirməyi düşünmürsüz? Məsələn bir tamaşa – layihə hazırlamaq. Təbii ki, peşəkar rejissor və sənətçi heyəti ilə...
-T.B-Türkiyədə buna bənzərini etmişik, amma Azərbaycanda yox. Açığı zamanımız da çox məhduddur. O işi görmək üçün məsuliyyətlə yanaşmaq, mütəmadi məşqlər etmək lazımdır. Təəssüf ki buna bizim vaxtımız yoxdur. Bu gün mənim qədər toyu olan ikinci bir ilahi qrup tanımıram. “Hər aşığın bir dövranı var” deyirlər, bizim də dövranımız bu gündür (gülür).
-Maraqlı məqama gəldik. İddia edirsiz ki, islam qaydası ilə keçirilən toyların ən çoxunu siz oxuyursuz. Elə əza məclislərini də az oxumursuz deyərdim. Deyirlər “kişidən maaş, qadından yaş soruşmazlar” amma yəqin oxucular üçün də maraqlıdır, toy məlumdur, bəs əza məclislərinə də pul ilə gedirsiz?
-T.B-Bu günə qədər heç kəs deyə bilməz ki mən, yaxud da qardaşlarım əzadarlıq məclisini pulla oxuyuruq. Əsla bunu eləmərik. Bunu özümə haram eləmişəm. Mən roizəxanlığa qazanc mənbəyi kimi baxmıram. Amma bəzi getdiyimiz yerdə təkidlə məclis sahibləri özləri gətirib pul verirlər. Toylara isə əvvəlcədən pul danışırıq.
-Amma əzadarlıq məclisləri üçün əvvəldən qiymət danışan həmkarlarınız da az deyil...
-T.B-Bəli var. Mən özüm barədə deyə bilərəm ki, bu işdə pul danışmıram.
"Xanım qrupları imamların adı altında camaatı oynadırlar"
-Prodüsseriniz var sizin də?
-T.B-Xeyr, yoxdur. Hər işi özümüz görürük.
-Xanımlardan ibarət də qruplar var hansı ki, toylara gedirlər. Onların fəaliyyətlərini necə qiymətləndirirsiz?
-T.B-Bir-iki xanım qrupunu çıxmaq şərtilə digərləri imamların adı altında camaatı oynadırlar. Tək xanımın oxumağına islam icazə vermir. Bəzən tək də oxuyurlar. Yallı, gedib hakışda oxuyurlar. Mənim şəxsi fikrimi bilmək istəyirsizsə xoşum gəlmir. Şəxsən bacımın toyu olsa o xanım qrupları dəvət eləmərəm. Dediyim 1-2 istisna olan qruplar ki var onlar yaşlı xanımlardı, ədəblə aparırlar məclisləri. İradlarımı bildirdiklərim də olub. Bəhanə gətirirlər ki, toy sahibi belə istəyir. Toy sahibi məndən də çox şey istəyir. Deyir oynamaq istəyirik, mən razılaşmıram.
-Bəs toylarda mərsiyyə, roizə demək nə dərəcədə doğrudur?
-T.B-Bu adi toylarda da olur. Bəzən görürsən hansısa toyda anaya aid muğam oxunur, camaat qəmlənir, ağlayır. İmam Hüseynin də adı gələndə onsuz da insanlar kövrəlir. O kii qaldı konkret toyda roizə deməyə, mərsiyyə oxumağa bunu da toy sahibləri istəyir, amma biz bununla da razılaşmırıq.
-Movludların birində tortkəsmə mərasimi eləmişdiz və bu da birmənalı qarşılanmadı, ictimai qınaq oldu...
-T.B-O İmam Zaman ağanın mövludunda olmuşdu. Əslində mahiyyəti bir zarafat idi o anın. Sadəcə çox şişirdildi. Tək tortkəsmə mərasimi deyil, Kəbə-Kərbəla söhbəti də çox qabardıldı. Məni ən çox üzən isə bu məsələlərə görə mənə minbərdən cavab verənlər oldu. Səhvsiz insan yoxdur. Tutaq ki, mən səhv etmişəm, axı sən məni tanıyırsan, qonşu kəndimizdənsən, nömrəm də var səndə, yığ mənim özümlə danış. Niyə çıxıb minbərdən mənə mesaj göndərirsən. Mən səhvim olarsa ona görə hər kəsdən üzr də istəyərəm. Amma bir etiraf da edim ki, Hacı Şahini gözügötürməyənlər, onu istəməyənlər idi məni qınağa tutanların çoxu. Hacı Şahin də mənim səhvimi görür, amma onu mənə kənara çəkib elə deyir ki, qəlbimə dəyməsin. Mömin belə olar, yoxsa gündəmə gəlmək üçün minbərdən danışmazlar.
DİGƏR XƏBƏRLƏR