Hökm oktyabrın 10-da elan ediləcək
Oktyabrın 7-də Nəsimi Rayon Məhkəməsində İctimai Palatanın 2 aprel mitinqinə görə həbs olunan müsavatçılar Ülvi Quliyev, Əhəd Məmmədli, Rüfət Hacıbəyli və AXCP üzvü Elnur Məcidli son söz deyiblər.
Əhəd Məmmədlinin vəkili Yalçın İmanov “Media forum” saytına açıqlamasında deyib ki, təqsirləndirilənlər özlərini günahkar bilmədiklərini vurğulayıblar, demokratiya uğrunda mübarizəni davam etdirəcəklərini bildiriblər. Əhəd Məmmədli Müsavat Partiyasının 100 illik yubileyinin qeyd olunduğunu xatırladaraq deyib: “Müsavatın mübarizəsi 100 ildir davam edir. 100 il əvvəl də müsavatçılar öz mübarizələrinə görə təqiblərə, təzyiqlərə məruz qalır, həbs edilirdilər, bu gün də belədir. Mən Müsavatın 100 yaşında mübarizəni davam etdirdiyimə görə şərəf duyuram”.
“Media forum” saytının məlumatına görə, hökm oktyabrın 10-da elan olunacaq. Dövlət ittihamçısı Ülvi Quliyevə 4 il 6 ay, Əhəd Məmmədliyə 4 il 6 ay, Rüfət Hacıbəyliyə 2 il 6 ay, Elnur Məcidliyə 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası çıxarılmasını istəyib.
Aprelin 2-də müxalif İctimai Palata Bakının mərkəzində - Fəvvarələr meydanı və onun həndəvərində sanksiyalaşdırılmamış etiraz aksiyası keçirib. Bakı Şəhər Prokurorluğu bu işin istintaqını Cinayət Məcəlləsinin 186.1-ci (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə), 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə aparıb. 14 aksiyaçı cinayət məsuliyyətinə cəlb olunub.
Avqustun 25-də Səbail Rayon Məhkəməsində 2 aprel mitinqinə görə həbs olunanlardan AXCP üzvləri Sahib Kərimov, Arif Alışlı, Zülfüqar Eyvazlı, Babək Həsənov, Müsavat fəalı Elşən Həsənov və bitərəf Elnur İsrəfilova hökm oxunub. Səbail Rayon Məhkəməsi Arif Alışlını 3 il, Elnur İsrəfilovu 2 il 6 ay, Sahib Kərimov və Elşən Həsənovu 2 il, Zülfüqar Eyvazlı və Babək Həsənovu 1 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Məhkəmənin hökmü ilə barələrində hökm çıxarılan şəxslər ümumilikdə 6 min 650 manat dəymiş ziyanı da ödəməlidirlər.
Oktyabrın 3-də Səbail məhkəməsi 2 aprel mitinqinə görə təqsirləndirilən şəxslərdən Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, Azərbaycan Xalq Cəbhəsi Partiyasının şöbə müdiri Məhəmməd Məcidli, Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı və AXCP sədrinin müavini Fuad Qəhrəmanlı barəsində də hökmünü elan edib. Arif Hacılı, Məhəmməd Məcidli, Tural Abbaslının hər biri 2 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Fuad Qəhrəmanlıya isə 2 müddətinə şərti cəza verilib.
DİGƏR XƏBƏRLƏR