Elşad Ümid onu döyənləri tanımır
Naməlum şəxslərin hücumuna məruz qalan “Reytinq” qəzetinin əməkdaşı, şou-biznes aləminin tanınmış jurnalisti Elşad Ümid hazırda özünü yaxşı hiss edir.
Hadisə barədə ilk xəbər verən Simsar.az jurnalistin baş və üz nahiyəsindən çoxsaylı zərbələr aldığını və təcili olaraq Kliniki Tibbi Mərkəzə çadırıldığı barədə məlumat verib.
E.Ümid saytımıza bildirib ki, Klipmeyker Zorikin ad günündən qayıdarkən döyülüb: “Gecə yarısı olduğundan məclisdəki xanım müğənnilərdən birindən məni evimə aparmasını xahiş etdim. Xanım olduğundan əziyyət vermək istəmədim, yəni düz qapımın ağzında deyil, evimin yaxınlığında avtomobildən düşdüm. Bir neçə addım getmişdim ki, tanımadığım şəxslər üstümə düşüb döyməyə başladılar. Ancaq başımdan, üzümdən zərbələr endirirdilər. Onlar məndən əl çəkib uzaqlaşdıqdan sonra var gücümü toplayıb yaxınlıqda yerləşən yanacaqdoldurma məntəqəsinə tərəf getdim. Ora çatar-çatmaz yıxıldım. Bir də xəstəxanada ayılmışam".
Jurnalist onu döyənlərin kimliklərini xatırlamadığını da deyib.
Mətbuat Şurası və “Reytinq” qəzeti jurnalist Elşad Ümidin döyülməsilə bağlı Daxili İşlər Nazirliyinə müraciət edəcək.
Bu barədə Simsar.az-a “Reytinq” qəzetinin baş redaktoru Afiq Mirzəbəyli bildirib. Baş redaktorun sözlərinə görə, E.Ümidin döyülməsi barədə onlarda narahatlıq var: “Düzdür, jurnalist döyülməsini şəxsi məsələ ilə əlaqələndirib. Yəni onun yaradıcılığı ilə bağlı olmayıb. Bütün hallarda döyülən jurnalist və qəzetimizin əməkdaşı olduğuna görə, buna biganə qala bilmərik. Hazırda polis araşdırma aparır. Mətbuat Şurası da məsələ ilə bağlı nazir Ramil Usubova müraciət etmək niyyətindədir. Olsun ki, müraciəti birgə ünvanlayaq”.
DİGƏR XƏBƏRLƏR