İlkin ödənişin ləğv edilməsi gənclər üçün daha önəmlidir
Azərbaycanda ipoteka sisteminə edilən dəyişiklikdən sonra gənc ailələrə ipoteka kreditlərinin verilmə qaydaları sadələşdiriləcək. Xatırladaq ki, bununla bağlı ümumi müddəalar «Azərbaycan gəncliyi 2011-2015-ci illərdə» Dövlət Proqramına da daxil edilib.
Həmin müddəalara görə, güzəştli şərtlərlə ipoteka kreditlərini əsasən gənc alimlər, Milli Qəhrəmanlar və onların ailə üzvlərindən olan gənclər, beynəlxalq aləmdə yüksək nəticələr qazanan idmançılar, dövlət qulluğunda çalışan gənclər, qaçqın və məcburi köçkün ailələrindən olan istedadlı gənclər ala biləcəklər. Güzəşt dairəsinin sonradan daha da genişləndirilməsi gözlənilir.
Hazırda Azərbaycanda ipoteka kreditləşməsinin 2 növü tətbiq edilir – adi və güzəştli. Adi ipoteka kreditləri illik 8, ilkin ödəniş 20% olmaqla 25 il müddətinə maksimum məbləğ 50 min manat həcmində verilir. Güzəştli ipoteka kreditlərinin illik faizi 4, ilkin ödənişi 15%, maksimum məbləğ 35 min manat təşkil edir və 30 il müddətinə təklif olunur.
İpoteka Fondunun məlumatına görə, 2006-cı ildən indiyədək verilən ipoteka kreditlərinin 41%-ni 18-29 yaşında olan vətəndaşlar, 31%-i 30-35 yaşında olan, 28%-i isə 36 yaşdan yuxarı olan vətəndaşlar alıb. Başqa sözlə, kreditlərin 72%-ni gənc ailələr alıb.
İqtisadçı-ekspert Vüqar Bayramov bildirir ki, ölkədə mənzilə ehtiyacı olan ailələr çoxluq təşkil edir və bunların əksəriyyəti gənclərdir. Onun fikrincə, ipoteka kreditlərini daha çox gənc ailələr alsa da, mövcud kredit şərtləri gənclər üçün ciddi çətinlik yaradır. Belə ki, hazırda gənclərə ipoteka kreditləri təklif edilsə də, bu səmərəli deyil. İpoteka kreditlərinin səmərəli olmamasının əsas səbəblərindən biri şərtlərin kifayət qədər ağır olmasıdır. İqtisadçı deyir ki, güzəştli ipoteka krediti almaq üçün gənclərdən minimum 500 manat əməkhaqqı tələb edilir. Halbuki, gənclərin əksəriyyəti heç də 500 manat əməkhaqqı ödəyən iş yerlərində çalışmır. Əməkhaqqı üçün müəyyənləşdirilən minimumların yüksək olması gənclərin sosial ipotekalardan faydalanmasına imkan vermir.
Sosial ipoteka kreditləri üçün ayrılan vəsaitlərin həcminin az olduğunu deyən iqtisadçı bildirdi ki, cari ildə də bu istiqamətə 14 milyon manat ayrılması nəzərdə tutulub: «Bu vəsaitdən istifadə etməklə 400 nəfər ipoteka krediti ala bilər. Dövlət büdcəsindən ipoteka kreditləşməsi üçün ayrılan vəsait illik 14 milyon manatdan 50 milyon manata, güzəştli kreditlər üçün maksimum məbləğin 35 min manatdan 60 min manata qaldırılmalıdır».
V.Bayramov hesab edir ki, gənclərin mənzil problemini həll etmək üçün bir sıra inkişaf etməkdə olan ölkələrdə olduğu kimi gənclərin mənzil təminatı ilə bağlı dövlət proqramının qəbuluna ehtiyac var. Hansı ki, bu gənclərin ipoteka kreditləşməsindən kənar mənzil almasına imkan yaradacaq: «Türkiyədə sözügedən proqramın xətti ilə mənzil alan şəxslər hər ay dövlətə 60 dollar ödəyirlər. Misirdə bu rəqəm 80 dollardır. İpoteka kreditləşməsinin təkmilləşdirilməsinin aparılması ilə yanaşı, belə bir proqramın hazırlanması, büdcə vəsaitləri hesabına mənzil tikintisi aparıb gənc ailələrə maya dəyərinə satılmasına ehtiyac var».
İqtisadçı hesab edir ki, gənclər üçün təklif olunan ipoteka kreditlərinin şərtlərinin dəyişdirilməsinə də ehtiyac var. O qeyd etdi ki, kreditlərin verilməsi üçün tələb olunan sənədlərin sayı 18-dir. Hətta elə sənədlər var ki, onların tətbiqi kifayət qədər absurd görsənir. Misal üçün, ipoteka götürən şəxsdən şəxsiyyət vəsiqəsinin sürətinin notariusda təsdiq edilməsi tələb edilir. İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə belə bir şərt yoxdur. Eyni zamanda, elektron ipotekanın tətbiq edilməməsi ipoteka kreditlərinin alınması prosesinin sadələşdirilməsinə imkan vermir. V.Bayramovun qənaətincə, Azərbaycanda elektron ipoteka sisteminin tətbiqi ilə, müraciətləri onlayn həyata keçirməklə və tələb olunan sənədləri azaltmaqla ipoteka kreditləşməsindəki bürokratik əngəlləri aradan qaldırmaq olar.
Mütəxəssis güzəştli ipoteka kreditləşməsi üçün faiz dərəclərinin aşağı salınmasını da məqbul hesab edir: «Dövlət büdcəsindən ayrılan vəsait kommersiya xarakterli ola bilməz. Kanadada dövlət büdcəsi hesabına verilən ipoteka kreditləri 1% təşkil edir. Rusiyada adi ipoteka kreditləri 4,7%, güzəştli ipoteka kreditləri 2,2%-dir. Qazaxıstanda isə bu rəqəm 2%-dir. O baxımdan güzəştli ipoteka kreditlərinin faiz dərəcələri birinci mərhələdə 4%-dən 2%-ə, gələcəkdə isə digər inkişaf etmiş ölkələrdə olduğu kimi 1%-lə verilməsi məqbuldir. 1% bankların əməliyyat xərclərinin ödənilməsi üçün vacibdir»
DİGƏR XƏBƏRLƏR