Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilib
Yanvarın 24-də Daxili İşlər Nazirliyində 2011-ci ildə cinayətkarlığa qarşı mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, iclasda daxili işlər naziri, general-polkovnik Ramil Usubov hesabat məruzəsi ilə çıxış edib. Bildirilib ki, qeydə alınmış 22.982 cinayətin 90 faizini böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 10 faizini ağır və xüsusilə ağır növlər təşkil edib. Cinayətkarlığın strukturunda və dinamikasında ciddi dəyişikliklər baş verməyib əvvəlki illərdə qeydə alınan müsbət meyllər qorunub saxlanılıb. Ağır və xüsusilə ağır cinayətlər 6,5 faiz, o cümlədən qəsdən adam öldürmə və ona cəhdlər 2,2 faiz, quldurluqlar 11 faiz, hədə-qorxu ilə tələb etmələr 29,2 faiz azalıb, adamları girov götürmə və banditizm faktları qeydə alınmayıb.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində cinayətlərin 83 faizinin açılması təmin edilib. Prokurorluq orqanları ilə birgə, keçmiş illərdən bağlı qalmış 246, o cümlədən 51 ağır və xüsusilə ağır, habelə görülmüş təxirəsalınmaz və çevik tədbirlərlə 932 cinayət “isti izlərlə”açılıb.
Cinayətlərin profilaktikasında, bu sahədə operativ tədbirlərin görülməsində yeni informasiya texnologiyalarının öz effektivliyini artıq tam təsdiqlədiyini xatırladan nazir “102” və “Təhlükəsiz şəhər” sistemlərinin böyük rolunu vurğulanıb. Qeyd edilib ki, təkcə “102” xidmətinə daxil olan məlumatlar əsasında 2500-ə yaxın hüquqazidd əməlin qarşısı alınmış, 1609 cinayət işi başlanıb. «Təhlükəsiz şəhər» sisteminin texniki imkanları sayəsində 34 cinayət açılmış, 4493 yol-nəqliyyat qəzası, yol hərəkəti qaydaları əleyhinə olan 20 minə yaxın inzibati xəta, piyadaların vurulması ilə nəticələnən 118 hadisə müəyyən edilib, axtarışda olan 97 avtomobil aşkarlanıb saxlanılıb.
Törədilmiş əmələ görə cəzanın labüdlüyünün təmin edilməsi istiqamətində həyata keçirilən davamlı tədbirlərlə müxtəlif cinayət törətmiş 13.792 nəfər məhkəmə məsuliyyətinə cəlb olunub. Eyni zamanda, yerli və dövlətlərarası axtarışda olan 2173, o cümlədən MDB və digər xarici ölkələrdə gizlənmiş 104 təqsirləndirilən şəxs həbs edilib. İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışda olan 70 nəfərin və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 27 şəxsin yeri müəyyən edilib. Mütəşəkkil cinayətkarlığa qarşı aparılan mübarizə də məqsədyönlü və sistemli xarakter daşımaqla 492 ağır və xüsusilə ağır cinayət, o cümlədən 16 qəsdən adam öldürmə, 67 quldurluq və 57 soyğunçuluq törətmiş 560 nəfərdən ibarət 186 mütəşəkkil qrup və dəstə zərərsizləşdirilib. Əllərdə saxlanılan 1037 odlu silah və 32 mindən çox patron götürülmüş, qanunsuz olaraq odlu silah saxlama və daşıma cinayətlərinə görə 95 nəfər məsuliyyətə cəlb olunmuşdur. Dövlətin iqtisadi təhlükəsizliyinin qorunması sahəsində həyata keçirilən əməliyyat tədbirləri ilə 38 saxta pul hazırlama və satma cinayəti aşkarlanaraq qeyri-leqal dövriyyədən ümumi məbləği 500 min manatdan çox olan 5235 ədəd saxta əskinas çıxarılıb.
DİGƏR XƏBƏRLƏR