“Muğam Teatrını özüm yaratmışam”
“Mənim işdən çıxarılma xəbərim doğru deyil. Muğam Teatrının 5 işçisi yaşa görə təqaüdə göndərilib”.
Bunu Simsar.az-a açıqlamasında Muğam Teatrının direktoru, tanınmış rejissor Arif Qazıyev bildirib. Onun sözlərinə görə, 65 yaşdan yuxarı işçilər qanuna uyğun olaraq təqaüdə göndərilib.
“Hərəmizə 500 manat verib təqaüdə göndəriblər. Nazir dedi ki, gedin yaradıcılıqla məşğul olun. Bəsdi də, nə qədər vəzifədə işləyəcəm. Onsuz da direktor vəzifəsindən yorulmuşdum.
Sentyabrdan prezident təqaüdü alacam. Muğam Teatrını özüm yaratmışam. Onun yaradıcısı kimi burada qalıb işləyəcəm. Rejissor adamam, yeni əsərlər səhnələşdirəcəm”.
Arif Qazıyev onu qeyd edib ki, yaş senzi ilə əlaqədar onunla yanaşı, bir çox tanınmış mədəniyyət və incəsənət xadimləri də vəzifələrindən azad olunublar. Rauf Babayev (“Qaya” qrupunun bədii rəhbəri), Fərəh Şəkinskaya (Dövlət Uşaq Filarmoniyasının rəhbəri), Rauf Abdullayev (Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri), Cənnət Səlimova (Gənc Tamaşaçılar Teatrında baş rejissor) və mən təqaüdə göndərilmişəm.
Adları çəkilən mədəniyyət xadimlərinin vəzifədən azad olmaları ilə bağlı mədəniyyət və turizm naziri Əbülfəs Qarayev müvafiq əmrlər imzalayıb.
Arif Qazıyev 1938-ci ildə dünyaya gəlib. 1956-cı ildə Teatr institutuna daxil olub, 1957-ci ildə isə müsabiqədə qalib gələrək Azərbaycan televiziyasının birinci diktoru olub. 1958-ci ilin sonunda televiziya nəzdində miniatür teatrının aktyoru kimi fəaliyyətə başlayıb. 1967-ci ildə muğam haqqında özünün ilk filmi olan - «Şur» filmini çəkib. Bu film «Prometey 68» mükafatını alıb və dünyanın 70 ölkəsində ilin ən yaxşı musiqi filmi kimi tanınıb.
1998-ci ildən indiyədək Muğam teatrının rəhbəri vəzifəsini tuturdu. Arif Lətif oğlu Qazıyev 2008-ci ildə "Şöhrət" ordeni ilə təltif olunub.
DİGƏR XƏBƏRLƏR