.
Bu gün görkəmli şair Seyid Əbülqasim Nəbatinin (1812-1873) doğum günüdür. Cənubi Azərbaycanda Qaracadağ mahalının Üştibin qəsəbəsində anadan olub. Hansı illərdə yaşaması ilə bağlı müxtəlif ziddiyyətli fikirlər var. Xançobanı tayfasına mənsubdur.
O, XIX əsr Cənubi Azərbaycan ədəbiyyatının nümayəndəsidir. Məcnun, Məcnunşah ləqəbləri də var. Həyat və yaradıcılığı ilə bağlı müxtəlif ziddiyyətli fikirlər mövcuddur.
Yaradıcılığında qoşma, təcnis, gəraylı, qəzəl, çarpa, bəhri-təvil kimi janrlara yer vermişdir. 400 beytə yaxın şeiri ilk dəfə 1845-ci ildə Təbrizdə çap olunub. Bundan bir neçə il sonra 7500 misradan ibarət "Nəbati" divançası çap olunub.
Nəbati qoşmalarının əsas mövzusu məhəbbətdir. Lirik onun şeirlərinin hamısı üçün səciyyəvidir. Nəbati aydın cinas qafiyələrdən ibarət təcnislər də yazıb: "Gözlər nə gözlər" "O üz bu üzə" və s. nəbati qoşmaları öz lakonikliyi ilə seçilir.
Şair keçirdiyi mənəvi böhranları "Ləngəm" "Nədir" rədifli qəzəllərində təsvir etmişdir. Onun məhəbbət mövzulu qəzəlləri də var.
Nəbatinin ən məşhur qoşmalarından biri “Gəlsin, gəlməsin” qoşmasıdır.
Şeiri təqdim edirik.
Səba, məndən söylə o gül’üzarə,
Bülbül gülüstanə gəlsin, gəlməsin?
Bu hicran düşkünü, illər xəstəsi
Qapına dərmanə gəlsin, gəlməsin?
Mən qurbanı olum ənbər tellərin,
Qönçə dodaqların, püstə dillərin,
O lalə rüxsarın, mişkin xalların
Oduna pərvanə gəlsin, gəlməsin?
Gözüm çox həsrətdir xumar gözünə,
Günəş camalına, şəkər sözünə,
Utanıram, necə deyim üzünə,
Dərdin xəstə canə gəlsin, gəlməsin?
Dolaşdır boynuma şümşad qolunu,
Qucaqlayıb qucum incə belini,
Lə’li-ləbin əmim, sorum dilini,
Istər ölü canə gəlsin, gəlməsin?
Nəbati istəməz sənsiz dünyanı,
Izzəti, hörməti, şövkəti, şanı,
Bir zada qalmayıb daha gümanı,
Bu baş o meydanə gəlsin, gəlməsin?
DİGƏR XƏBƏRLƏR