“Sanballı qadın obrazını oynamaq üçün film rejissorlarından dəvət alsam, razılıq verərəm”
Ən acığı gələn nüans qarşısındakının sözləri düzgün tələffüz etməməsidir. Buna görə, dəfələrlə bəzi aparıcılara zəng vurub iradını bildirmək istəsə də, fikrindən daşınıb. Dediyinə görə, məhz yaddaşlarda göründüyü kimi qalmaq üçün 10 il diktor kimi çalışdığı AzTV-dən ayrılıb. Tanınmış mərhum radio diktorlar Aydın Qaradağlı və Gültəkin Cabbarlı yadigarı Aygül Qaradağlı “Tele-sima”dadır.
- Ziyalı ailəsində dünyaya gəlmisiz...
- Bəli, tanınmış diktorlar Aydın Qaradağlı və Gültəkin Cabbarlının ailəsində dünyaya göz açımışam. Atamla anam Azərbaycan Dövlət Radiosunda tanış olublar, aralarındakı saf məhəbbətdən iki qızları və bir oğulları dünyaya gəlib. Məndən öncə bacım, sonra isə qardaşım olub. Atam Azərbaycanda tele-radio sahəsində ilk əməkdar artist adını alan diktordur. Atamın səsi o qədər xoşagəlim olub ki, sonradan onun səsini “rəngli səs” adlandırıblar. Atam haqqında televiziya komitəsinə tez-tez məktub yazırmışlar. Teymur Elçin sədr olduğu zaman radioda atamı dinləyən bir kəndin 17-ə qədər yaşlı sakini komitəyə məktub göndərir. Oxuma-yazma bilmədikləri üçün barmaqlarını mürəkkəbə batırıb məktuba imza atırlar.
Teymur Elçin atamı çağırır ki, sənin üçün nə edim? Axı, səni dəyərləndirmək istəyirəm. Atam deyir ki, məndən qabaq da işləyənlər var. Teymur Elçin deyir narahat olma. Fikirləşirlər ki, atama nə ad versinlər, axırda Rusiya təcrübəsindən istifadə edirlər. 1964-cü ildə atama əməkdar artist adı verilir.
- Uşaqlıqdan diktorluğa marağınız vardı?
- Mənim bu sahəyə gəlməkdə xüsusi bir məqsədim yox idi. Heç vaxt büruzə verməsəm də, içimdə elə bir hiss vardı. Uşaq vaxtı səsimi yazıb, qulaq asırdım, şeirlər deyirdim. Çox dəcəl idim. Nazlı, incə qız deyildim. Oğlanlarla oynayırdım. Oğlandan fərqlənmirdim, simama baxanda elə bilirdilər oğlanam. Həmişə anam saçlarımı dibdən qırxdırırdı. Birinci sinfə yubkada gedəndə, Əhsən Dadaşovun qızı dedi ki, ay Allah, bu oğlan kimdi yubka geyinib, dərsə gəlib?..
- Necə olub adınızı Aygül qoyublar? Səhv etmirəmsə o dövrdə belə ad yox idi...
- Bizdə Aygül adı həqiqətən də yox idi. Bu adı atam fikirləşib. Öz adının və anamın adının birinci hecalarını götürüb – Aygül şəklində birləşdirib mənim adımı qoyb.. Bu sənətə gələndə Elşad müəllim dedi ki, Gültəkin, vaxt gələcək Aygülü çox sevəcəklər və onun adını öz uşaqlarına qoyacaqlar. Onun sözləri düz çıxdı. Televiziyadan getdikdən sonra konservatoriyaya bir qız gəlmişdi. Soruşdum adın nədir? Dedi Aygül. Dedim bəs sənə bu adı hardan qoyublar? Dedi ki, o vaxt televiziyada bir qız vardı. Atam və anam onu çox istədiklərindən adını mənə qoyublar.
- Televiziyaya gəlişiniz necə oldu?
- Bülbül adına orta ixtisas musiqi məktəbini, konservatoriyanı – Əzizə Vəkilovanın sinfini bitirmişəm. Konservatoriyanı bitirdikdən sonra ağlıma da gəlmirdi ki, nə vaxtsa televiziya sahəsində olacam. Təyinatımı Azərbaycan Dövlət Televiziya və Radio Komitəsinin nəzdində olan Simfonik Orkestrə veridilər. Orda boş yer olmadığına görə, məni Xalq Çalğı Alətləri Orkestrinə keçirdilər. Orda işləməyim uğurlu oldu. Fikrət Əmirovun simfonik muğamlarını da xalq çalğı alətlərinin repertuarına verdikləri üçün bizim məşqə gəldi. “Kürdovşarı”nı, “Şur”u solo ifamda çox bəyəndi. Yaxınlaşdı, təbrik edib, əlimi öpdü. Bu hadisə gözəl xatirə kimi yaddaşıma həkk oldu. Elə oldu ki, orda işləyəsi oldum. Uşaqlıqdan gördüyüm insanların əhatəsinə düşdüm. Diktorlar bizə qonaq gəlirdi, anam, atam məni komitəyə aparırdı deyə, ordakı insanlar – diktorlar mənim üçün doğma insana çevrilmişdilər.
Televiziya diktoru olmaq arzum olmamışdı. 1984-cü ildə bir dəfə Şəkidə konsertdə olarkən Rafiq Hüseynova yaxınlaşdım. Fikrimi söylədim. Dedi, axı sənin gül kimi sənətin var, işləyirsən. Dedim, içimdən gəldi bu fikir. Üzvləri tanınmış televiziya işçiləri olan komissiya təşkil olundu. Mətn oxudum, diksiyama, görünüşümə fikir verdilər. Bəyəndilər. Səsimin mikrofona düşdüyünü dedilər. Yəqin ki, içimdə belə bir sevgi olmuşdu. Bir gün də Vasif Adıgözəlov məni televiziyada gördü. Soruşdu ki, qızım sən burda nə edirsən? Dedim, diktor işləyirəm. Təəccüb etdi. Başını bulayıb dedi ki, qızım, sən öz sənətini atma, davam elətdir. Hətta belə bir fikir də söylədi: “Gedər o gözəllik, sənə də qalmaz”.
- Ananız diktor olmağınıza qarşı çıxmadı?
- Yox, amma deyirdi ki, Aygül, sən Aydın Qaradağlı və Gültəkin Cabbarlının qızı olduğunu unutma. Bu amil boynuma ikiqat məsuliyyət qoyurdu. Rus məktəbində oxusam da, evdə yalnız ana dilində danışırdıq. Atam da mama-papa sözlərinə qarşı çıxırdı. Onun fikrincə uşaq ata və ana deməliydi.
“Hər yerdən vaxtında getmək lazimdı”
- Hansı verilişlə efirə çıxdınız?
- O vaxtlar “Səhər görüşləri” verilişi gedirdi. Həmin verilişdən qabaq Şərqiyyə Hüseynova məni təqdim etdi. O qədər gözəl təqdim etdi ki, gördüm, məndən çox o həyəcanlıdır. Ailəmizə olan sevgi münasibətlərini o simaların hər birindən gördüm. Onlar da məni öz doğma balaları kimi qəbul etdilər.
- Efirdən nə üçün getdiniz?
- Ömrümün ən gözəl çağında televiziyadan getdim. Fikirləşdim ki, tamaşaçılar məni necə görmüşdüsə, onların yaddaşında o cür qalım. Yəni, formamı itirmədən, yaşlaşıb üzüm qırışmadan gedim. Həm də artıq o məqam gəlib çatmışdı. Məncə, hər işdən, hər yerdən vaxtında getmək lazımdır. O zaman mən getməliydim. Veriliş apara bilərdim. Amma diktor işləmək üçün mənim heç nəyə ehtiyacım qalmamışdı. Bu sənətdə daha professianallaşmışdım. Həm də bu, mənim ikinci sənətim idi. Mənim əsas ixtisasım vardı.
- Axı bu, əsas səbəb deyil...
- Əslində, elə də böyük bir səbəb yox idi. Bir də efirə yeni jurnalistlər gəlmişdi. 1994-1995-ci illər idi. Televiziya jurnalistləri hər şeyi öz üzərlərinə götürmüşdülər. Aparıcılığı da özləri edirdilər. Biz də bir az kənarlaşdırlmışdıq. Sözün düzü, mən bunu qəbul edə bilmədim. Bəlkə də bir az gözləyə bilərdim. Amma yox, fikirləşdim ki, nə üçün qalmalıyam? O vaxt paralel olaraq, ilk iş yerimdə də işləyir – pedaqoqluğumu edirdim. Ərizəmi yazıb qoydum stolun üstünə.
- Qalmağınız üçün israr etmədilər?
- Belə də, incidilər ki, niyə getdin? Amma israr etmədilər.
- Başqa televiziyalardan dəvət gəlmədi?
- “Space” telekanalından dəvət gəldi. Nadir Bədəlovun rəhbərliyi altında “Günaydın” , daha sonra “Lider” telekanalında “Ad günü” verilişini apardım. Bu veriliş çox maraqlı idi. Tanınmış və unudulmuş insanların ad günündə özü də bilmədən gedib təbrik edirdik. Çox sevinirdilər. Sonra “Lider”də dublyaj redaksiyası açıldı.
- “Klon” serialının dublyajında iştirak etmisiz və bu serial yaxşı dublyaja görə ölkəmizdə çox sevilib.
- 2000-ci ildən 2009-cu ilə qədər dublyajlarda oldum. “Klon” mənim dublyaj aktrisası olmağımda böyük rol oynadı. O serialda başda Hade olmaqla, 20-ə yaxın obrazı səsləndirdim. Bu serialdakı dublyajım mənim ən böyük uğurum idi. Eyni vaxtda Rusiyada bu film yayımlansa da, biz onlardan daha yüksək səviyyədə təqdim etmişdik. Çünki bacım əvvəl demişdi, bağışla, mən bu seriala Rusiya kanalından baxacam. Amma sonradan etiraf etdi ki, sizin dublyaj daha yaxşıdır.
- Musiqiçi olmağınız dublayajda işinizə yaradı?
- Bəlkə də, musiqiçi olmasaydım filmlərdəki obrazların səsini duya bilməzdim. Musiqiçi olduğuma görə, danışıq tembrini, ritmi və ahəngi tuturdum. Xeyli serialın və filmin dublyajında da iştirak etdim. Mən, Hacı İsmayılov, Nurəddin Mehdixanlı, Ramiz Novruz kimi tanınmış aktyorlarımızla bərabər bir neçə film və serialın dublyajını uğurla etdik.
- İndi dublyaj edilən filmlər xoşunuza gəlir?
- Kanallarımızda olan dublyaj işi heç ürəyimcə deyil. Obrazlara uyğun səslər düzgün seçilmir. Bilmirəm, səsləndirənlər kimlərdi. Amma sünilik aşırı dərəcədə hiss olunur. Sovetlər dövründə Cəfər Cabbarlı kinostudiyasında Həsən Əbluc, Səməndər Rzayev, Həsən Məmmədov, Əminə Yusifqızı və digər böyük səsnətkarlarımızın səsləndirdiyi filmlər çox gözəl və təbii səslənirdi.
- İndi də filmlərin dublyajında iştirak edirsiz?
- Yox, “Lider”də dublyaj şöbəsi bağlandıqdan sonra bu işimizə son verdik. Sonra da heç bir dublyaja dəvət olunmadım. Əgər telekanallarda olan dublyaj rejissorları tərəfindən dəvət alsaydım sevə-sevə gedərdim.
- Televiziyada göstərdiyiniz xidmətlər qiymətləndirildi?
- Televiziya işimə böyük qiymət verildi. 2008-ci il noyabr ayında əməkdar mədəniyyət işçisi adı, sonra şəxsən mənə “Sara xatun” mükafatı verildi. “Klon”dakı dublyaja görə, heyət də mükafat aldı.
- Aktrisa kimi filmdə çəkilmək üçün dəvət almısız?
- AzTV-də çalışarkən, bir-iki dəfə filmə dəvət aldım. Ancaq ötəri yanaşdığımdan razılıq vermədim. Sonralar belə təklif də gəlmədi. Dublyaj işindən sonra, sanki məndə filmə çəkilmək həvəsi yaranıb. Əgər, hər hansı bir sanballı qadın obrazını oynamaq üçün film rejissorlarından dəvət alsam, razılıq verərəm. Artıq əminəm ki, məndə güclü aktrisalıq bacarığı var”.
- Tez-tez iş yerini dəyişirsiz...
- Bilmirəm, amma məndə doğrudan da bir pis xüsusiyyət var. Bir yerdə çox qala bilmirəm.
“Qırmızı yaylıqlı qovağım”
- Pedaqoq olduğunuz sahədə də dəyişikliklər edirsiz?
- Bu sahədə yox. Çünki mənə pedaqoqluq irsən keçib. Ata babam Həsənəli Qaradağlı XIX əsrin maarifçi ziyalısı – “Məclisi-üns”ün fəal üzvlərindən olub. Mir Mövsüm Nəvvab, Xurşudbanu Natəvan da “Məclisi-üns”ün üzvləri idilər. Babam bizim ilk ibtidai kitabımız olan – “Vətən dili”nin təsisçilərindən olub. Şuşada üç məktəb açıb. Öz babam, atam, anam ədəbiyyat müəllimi olublar. Əmilərim, bacım, qardaşım hamısı pedaqoqdur. Pedaqoqluq bizim nəslimizin qanında var. Mən “Lider” televiziyasında da pedaqoqluqla məşğulam. Gənc jurnalistlərə sözləri düzgün tələffüz etməyi öyrədirəm.
- Bu gün televiziyalarda sanki ədəbi tələffüz yaddan çıxıb.
- Düzdür, bu bizim ağrılı yerimizdir. Aparıcılar sözləri düzgün tələffüz etməyəndə çox əsəsbiləşirəm. Hətta az qalıram ki, zəng edib deyəm, ay filankəs, axı bu söz belə yox, belə deyilməlidir. Ancaq sonra deyirəm zəng edib deyərəm, acıqlarına gələr, ya da pis cavab verərlər, özüm narahat olaram. Atam dilimizə çox həssaslıqla yanaşırdı. Öz üzərində çox çalışırdı. Deyirdi, mən sözü düzgün tələffüz etməliyəm ki, mənə baxanlar sonra deməsinlər, bu sözü Aydın düzgün tələffüz etmədi. Buna görə, onun səsini sehirli səs adlandırırdılar. Atam onu da deyirdi ki, diktorun hansı bölgədən olduğu bilinməməlidir.
- Aparıcılardan kimləri daha çox bəyənirsiz?
- Elgizi daha çox bəyənirəm. Onun “Elgizli axşamlar” verilişini isə daha çox sevirəm.
-Ancaq Elgizin danışığı aparıcılığa heç uyğun gəlmir...
- İnsanlara can yandırması, yazıq insanlara ürək yandırması məni sevindirir. Xoşqədəmin verilişi xoşuma gəlsə də, baxa bilmirəm, ürəyim ağrıyır. Ancaq ən çox informasiya buraxılışlarını izləyirəm.
- Həyat yoldaşınızla tanışlığınız necə oldu?
- Axundov Bağının yanında qalırdıq. Qonşu idik. O, məni pəncərədən görüb bəyənmişdi, mən də onu gördüm. Türk Kinosu Festivalı keçirildi. “Qırmızı yaylıqlı qovağım” filmi gedirdi. Onu bu filmdəki Kadir İnanıra oxşatmışdım. Sən demə, o da məni həmin filmdəki qıza oxşadırmış. Sonradan – biz evli olarkən bu sirrin üstü açıldı. Görünür, o da məni gözəl görmüşdü.
- Sizcə unudulmusuz?
- Məncə yox. Çünki unudulsaydım məni yada salmazdılar.
Elmar Hüseynov
“SİMSAR” jurnalı
DİGƏR XƏBƏRLƏR