.
Qarşıdan 8 Mart Beynəlxalq Qadınlar günü gəlir. Simsar.az bununla bağlı yeni layihəyə başlayır. Bu gündən 8 eyni sualı müxtəlif sahələrdə olan 8 qadına ünvanlayacağıq. “8 Marta özəl” layihəsində üçüncü müsahibəmizi təqdim edirik.
Dosye: Sevda xala 1965-ci ilin dekabırında Bakı şəhərində doğulub. Orta təhsili var. 15 ildir xadimə işləyir. Onun 5 ilini xüsusi evlərdə çalışıb. 10 ildir İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Ambulatoriya xidməti şöbəsində fəaliyyət göstərir. Həyat yoldaşından ayrılıb, övladı yoxdur.
Qeyd etmək istəyirik ki, Sevda xala soyadını verməkdən və şəkillərinin çəkilməsindən imtina etdi. Biz də onun bu seçiminə hörmətlə yanaşırıq.
Sual 1. “8 Mart”ı nə üçün qadınlar günü kimi qeyd edirlər?
- Deyəsən hansısa qadın çadrasını atıb, ona görə. Amma çadranı atmaq azadlıq deyil. Azadlıq insanın içində olmalıdı.
Sual 2. Siz bu bayramı qeyd edirsiz?
- Bu bayramı qeyd etmirəm. Nə uşaqlıqda, nə gənclikdə, nə də indi. Nə məni trəbrik ediblər, nə də mən təbrik etmişəm. Bir qardaşım var, o da 8 martda anadan olub. Ona deyəndə ki, yüz yaşayasan, cavab verirdi sənin də bayramın mübarək. Həyat yoldaşım da təbrik etməzdi. Övladım da olmadı ki, heç olmasa o təbrik etsin.
Sual 3. İlin bir günü – 8 martda yad edilmək yaxşi haldır, yoxsa pis?
- Çox yaxşı haldır. İstəyərdim 8 martda qadınlara dünyaları versinlər. Heç olmasa bir gün xatırlayırlar. Sağ olsunlar.
Sual 4. Bu gün dünyada ən böyük problemlərdən biri qadın hüquq və azadlığıdır. Sizin hüquq və azadlıqlarınız təmin olunurmu?
- İşləyirəm, özümü təmin edirəm. Necə deyərlər öz qazanım, özüm üçün qaynayır (gülür). Evim var, şəraitim rahatdır. Heç vaxt da ayrıseçkiliklə rastlaşmamışam.
Sual 5. Qadın necə olmalıdır: baxımlı, evdar, işgüzar?
- Baxımlı da, evdar da, işgüzar da, sevimli də. Qadınları sevmək lazımdır. Ən lazımsız qadın da sevilmək istəyir (kövrəlir).
Sual 6. Deyirlər hər güclü kişinin arxasında ağıllı qadın var. Doğrudanmı qadın böyük qüvvədir?
- Bəli, qadın qüvvətlidir. Kişi başdırsa, qadın boyundur, onu idarə edir.
Sual 7. Bəs “əlinin xəmiri ilə kişi işinə qarışma” sözünə necə baxırsız?
- O da düzdür. Kişiyə çox müdaxilə edəndə kişilikən çıxır. Onun öz fikri olmur. Çox qadın sözü dinləyəndə qiymətdən düşür. Ailədə kişinin də, qadının da fikirləri dinlənilməlidir.
Sual 8. Kimdən təbrik almaq daha xoşdur?
- Yaxınlarımdan, çox istədiyim qohumlardan. Qardaşlarımın, bacılarımın övladlarından.
Günel Səfərova
DİGƏR XƏBƏRLƏR