“Azərbaycanın inkişafının 30 illik tarixi məhz Ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır”
Milli Məslin Heydər Əliyevə həsr olunmuş iclasında spiker Oktay Əsədov çıxış edərək, ulu öndərin keçdiyi tarixi yol, onun ölkə həyatındakı rolundan, danışıb. Heydər Əliyevin parlament tarixində buraxdığı izlərdən söz açıb: “ Hər tarixi inkişaf dövrü özünün görkəmli şəxsiyyətlərini yetişdirir. Ancaq elə şəxsiyyətlər də var ki, zamanın fövqünə yüksələrək yaşadıqları dövrün xarakterik cizgilərini müəyyən edirlər. Azərbaycanın inkişafının 30 illik tarixi məhz Ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Onun xidmətləri sayasində xalqımız əvvəlcə siyasi və iqtisadi müstəqliyimizin möhkəm təməlini yaratmış, daha sonra isə müstəqil dövləti qurmaq, qorumaq və yaşatmaq üçün tarixin verdiyi imkanları reallaşdıra bilmişdi. Bugünkü qüdrətli Azərbaycan Ulu Öndərin xalqa məhəbbətinin, vətən yoluna fədakarlığının parlaq nişanəsidir”
O.Əsədov bildirib ki, Heydər Əliyev Azərbaycan milli tarixində özünəməxsus yer tutan elə nadir tarixi şəxsiyyətlərdəndir ki, onun zəngin irsi hələ uzun müddət politoloqların, filosofların, tarixçilərin və tədqiqatçıların diqqət mərkəzində olacaq: “ O, Azərbaycan xalqının müstəqillik mübarizəsindəki misilsiz xidmətləri ilə hələ sağlığında ikən canlı əfsanəyə çevrilmiş, bütün dünya azərbaycanlılarının sonsuz sevgisini qazanmışdı.
Heydər Əliyev uzaqgörən, qətiyyətli siyasətçi olduğunu hələ ölkəyə ilk dəfə rəhbərlik etdiyi 1969-82-ci illərdə sübut edib. Həmin illərdə Azərbaycanda dövlət quruculuğunda , iqtisadiyyatın, elmin, mədəniyyətin, bir sözlə həyatın ən müxtəlif sahələrində böyük nailiyyətlər qazanılıb, coşqun bir tərəqqi dövrü yaşanıb. Məhz bu illərdə milli və mənəvi dəyərlərin qorunub saxlanılmasında, dövlətçilik, o cümlədən parlamentarizm ənənələrinin inkişafı istiqamətində əməli addımlar atılıb, xalqın intellektual keyfiyyətlərinin meydana çıxması üçün əsaslı zəmin yaradılıb”
Ümummilli lider Heydər Əliyev bugünkü Azərbaycan dövlətinin qurucusu olmaqla yanaşı, həm də haqlı olaraq müasir Azərbaycan parlamentinin banisi sayılır. Sovet dövründə digər sosialist respublikalarında olduğu kimi Azərbaycanda da parlamentin qəbul etdiyi qanun və qərarlar Kommunist Partiyasının siyasi, iqtisadi və ideoloji məqsədlərini həyata keçirməyə xidmət edirdi. XX əsrin 50-60-cı illərində respublikada milli-mənəvi dirçəliş istiqamətində bir sıra ehtiyatlı addımlar atılsa da bu sahədə məqsədyönlü iş Ulu Öndər Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi seçildiyi vaxtdan başlandı. Respublikanın rəhbəri kimi Heydər Əliyev ilk gündən uzaqgörənliklə bütün dövlət hakimiyyəti orqanlarının, o cümlədən parlamentin işini xalqın iqtisadi və sosial-mədəni tərəqqisinə, milli dirçəliş siyasətinin reallaşmasına yönəltdi. O, mahir siyasətçi kimi Ali qanunvericilik orqanının mövcud imkanlarından bacarıqla istifadə edərək milli oyanışın və gələcək müstəqilliyin möhkəm təməlini qoydu.
Dövlət idarəçiliyində yüksək səviyyəli Prezident – parlament münasibətlərini özündə ehtiva edən Heydər Əliyev ideyalarından bəhrələnən Azərbaycan bu gün uğurları ilə dünyanı heyrətləndirir. Bu nailiyyətlərin qazanılmasına ölkə parlamenti də öz layiqli töhfəsini verməkdədir.”
O, deyib ki, Azərbaycan prezidenti İlham Əliyev Milli Məclisdə çıxışında bu barədə belə deyib: “Mənim üçün Milli Məclis çox əziz və doğma bir yerdir, mənim doğma evimdir. Biz bir məqsədə qulluq edirik. Amalımız da, məramımız da birdir – ölkəmizi möhkəmləndirmək, gücləndirmək, Azərbaycan xalqının rifah halını yaxşılaşdırmaq, güclü, zəngin dövlət yaratmaqdır”.
Azadlığı, müstəqilliyi uğrunda bütün çətinliklərə mərdliklə sinə gərmiş mübariz Azərbaycan xalqı bu gün Heydər Əliyev siyasi məktəbinin ən layiqli yetirməsi, prezident İlham Əliyevin rəhbərliyi ilə öz şanlı tarixinin yeni parlaq səhifəsini yazmaqdadır.
Müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyevin başladığı işlərin onun siyasi varisi - ölkə başçısı tərəfindən uğurlu davamı gələcəyə doğru inamla addımlayan Azərbaycanın XXI əsrdə daha yüksək zirvələr fəth edəcəyindən xəbər verir”.
Qeyd edək ki, iclasda Heydər Əliyevin 90 illik yubileyi münasibətilə “Amnistiya elan edilməsi haqqında” qanun layihəsi də müzakirə olunacaq.
Nihadə Eyyubova
DİGƏR XƏBƏRLƏR