Kino tariximizdə iz qoyan Həsən Seyidbəylinin ölümündən 33 il keçir
Ssenarist, rejissor, yazıçı, əməkdar incəsənət xadimi, xalq artisti Həsən Seyidbəyli. Uzun illər Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin sədri olmuş bu unudulmaz şəxsiyyət haqqında düşünəndə onun genişşaxəli yaradıcılıq yolu göz önündə canlanır. Kinorejissor kimi də, yazıçı kimi də çox uğurlara imza atmış, nailiyyətlər qazanmış Həsən Seyidbəylinin mənəvi dünyamızın formalaşmasında böyük xidmətləri var. O, nəinki Azərbaycan, hətta Sovet kinosunun aparıcı rejissorlarından və ədəbiyyatımızın görkəmli nümayəndələrindən biri olub.
Həsən Seyidbəyli 1920-ci ilin 22 dekabrında Bakıda anadan olub. İlk təhsilini 132 saylı orta məktəbdə alıb. Hələ kiçik yaşlarından kinoya, ədəbiyyata böyük marağı olub.
O, 1938-1939-cu illərdə Leninqrad Kino Mühəndisləri İnstitutunda, 1943-1951-ci illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsində təhsil alıb. "Azərbaycanfilm" kinostudiyasında kinorejissor, 1963-1980-ci illərdə Azərbaycan Kinomatoqrafçılar İttifaqının katibi və sədri vəzifəsində işləyib. "İmtahan", "Qızıl axtaranlar", "Bağlı qapılar" adlı dram əsərləri Azərbaycanda və xaricdə səhnəyə qoyulub. "Kür sahillərində" (1953), "Bizim Astarada" (1956), "Telefonçu qız" (1960) povestləri, "Cəbhədən-cəbhəyə" (1961), "İllər keçir" (1973, İ.Qasımovla birgə), "Tərsanə" (1975), "Çiçək" (1978) romanları, "Dəniz cəsurları sevir" (1954), "Sən nə üçün yaşayırsan" (1959, hər ikisi İ.Qasımovla birgə) pyesləri müasirlərinin əməyindən, mənəvi-əxlaqi saflığından bəhs edir. "Uzaq sahillərdə" (1954, İ.Qasımovla birgə) romanı Sovet İttifaqı Qəhrəmanı M.Hüseynzadəyə həsr olunub. Əsərləri bir sıra xarici dillərə tərcümə edilib.
Həsən Seyidbəylinin ssenarisi əsasında «Doğma xalqımıza» (1954), «Qızmar günəş altında» (1956) filmləri çəkildi. «Uzaq sahillərdə» filmi isə bu istedadlı yazıçının çox uğurlu addımlarından biri oldu. Onun İmran Qasımovla birgə yazdıqları «Uzaq sahillərdə» ssenarisinə kinorejissor Tofiq Tağızadə çox orijinal quruluş verdi. 1958-ci ildə ekranlarımızda nümayiş etdirilən film müəlliflərinə böyük şöhrət gətirdi. Sonrakı illər də onun həm rejissor, həm ssenarist kimi yaradıcılığında yeni nailiyyətlərlə naxışlandı. «Telefonçu qız» (1962), «Kimi daha çox sevirik» (1964), «Möcüzələr adası» (1965), «Sən niyə susursan» (1966), «O qızı tapın» (1970), «Xoşbəxtlik qayğıları» adlı filmlərin ssenari müəllifi də, rejissoru da Həsən Seyidbəylinin özüdür. Bu arada iki filmə quruluş verib. Onun rejissorluğu ilə doğulan və milli kino tariximizin qızıl fonduna daxil olan «Bizim Cəbiş müəllim» və «Nəsimi» filmləri böyük şöhrət qazandı.
Həsən Seyidbəyli ictimai xadim kimi də Azərbaycan kinosunun inkişafına böyük təkan verib. 1963-1975-ci illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə heyətinin I katibi, 1975-1980-ci illərdə sədri vəzifəsində çalışıb. Filmləri Ümumittifaq Kino festivallarında mükafat və diplomlara layiq görülüb. Haqq dünyasına qovuşmasından bizi 30 ildən artıq vaxt ayırsa da, Həsən Seyidbəyli heç vaxt unudulmayıb. O, elə mövzulara həyat verdi ki, həm əsərləri əbədiyaşarlıq qazandı, həm də müəllifinə ölümsüzlük gətirdi. Çəkdiyi filmlərin 60-70 yaşı var. Amma bu gün də baxılır və hər dəfə də tamaşaçıya təzə görünür. Gənc nəsil heyrətlənir, yaşlı nəsil «nostalgiya» keçirir. Unudulmaz insan cəmi 59 il yaşadı.
Əsərlərinin yaşı isə daha çoxdur. Yaratdıqları qocaldıqca, özü də ucalacaq.
Turanə
DİGƏR XƏBƏRLƏR