ю
Simsar.az Ramazan ayı boyunca sizlərə hər günün duasını çatdıracaq və İslamın vacib əməlləri, fəzilətləri barədə söhbət açacaq. Suallarımızı qonağımız Hacı Şahin Həsənli cavablandıracaq.
Bu gün orucluğun dördüncü günüdür. Bu münasibətlə Ramazan ayının 4-cü gününün duasını təqdim edirik:
“Allahummə qəvvini fihi əla iqaməti əmrikə və əziqni fihi həlavətə zikrikə .Və əvzinə fihi liə dai şukrikə bikərəmikə. Vəhfəzni fihi bihifizkə və sitrikə ya əbsərən-nazirin”.
“İlahi, sənin əmrini bərpa etmək üçün mənə qüvvət ver. Səni zikr və yad etməyin şirinliyini mənə dadızdır. Öz kərəminlə məni şükr etməyə hazır et. Məni öz hifzinlə və pis işlərdən qoruyan örtüyünlə qoru. Ey görənlərin ən bəsirətlisi”.
Mövzu: İslamda yalana münasibət
“İslamda yalan danışmaq bəyənilmir. Bir çox hədislərdə yalan danışmağın bir sıra acı tərəfləri bildirilmişdir; Məsələn, Allahın Peyğəmbəri (s) buyurur: “Yalan üzüqaralıq gətirər”. Allah-Təala yalançıların simasının qaralacağını vəd verib. Bir başqa hədisdə yalanın ruziyə maneə olmasını açıqlayır Allah Rəsulu (s). Həzrət (s) buyurur: “Yalan ruzini azaldar”. Bir başqa hədis yalanın dünya xarlığı və Axirət əzabı ilə sonuclanacağını vəd verir. İmam Əli (ə) buyurur: “Yalanın nəticəsi dünyada xarlıq, axirətdə isə əzabdır”. Bu hədisdə iki nöqtə qeyd olunub; Bu dünyanın xarlığı, rüsvayçılığı və Axirətin əzabıdır. İmam Əli (ə) digər hədislərində belə buyurur: “Çox yalan danışmaq dini puç edər, günahı isə böyüdər.” “Yalan nifaqla nəticələnər.” “Yalan danışan kimsə öz mürvətini puç edər.” “Yalançı kimi tanınana etimad azalar, yalan deməkdən çəkinənin sözlərinə inanılar.” “Yalançı öz yalanları ilə üç şeyi qazanar: özünə qarşı Allahın qəzəbi, camaatın təhqir dolu baxışlarını və mələklərin ona qarşı düşmənçiliyini.” “Deməli, yalan o dərəcədə böyük günahdır ki, onun-bu hədislərdən də, şahidi olduğumuz kimi-həm dünyada, həm də, axirətdə əzabları və bəlaları var.
Ancaq bəzən iki küsülünün arasını düzəldən zaman və müharibə zamanı da yalan danışmaq məqbul hesab olunur. Yalan danışmağın Quran və ayələr fonunda necə pis və haram əməl olmasının şahidi olduq. “Ğafir” surəsinin 28-ci ayəsində Allah buyurur: “Allah israfçını və yalan danışanı doğru yola yönəltməz”. “Tövbə” surəsinin 27-ci ayəsində isə Allah belə buyurur: “Nəticədə, Allaha verdikləri vədə xilaf çıxmalarının və danışdıqları yalanların cəzası olaraq ona qovuşacaqları günə qədər ürəklərində nifaqın təsirlərini saxlayacaqdır.”
Normal düşüncə sahibləri bunları oxuduqdan sonra, hər iki dünyasını düşünürsə, heç vaxt yalan danışmaz! Allah-Təala bizləri yalan danışmayan, yalan eşitməyən, həyatı yalanla keçməyən bəndələrindən qərar versin! Allah-Təala bizləri dünya və Axirətdə Quran və Əhli-Beytdən (ə) ayrı salmasın!”
Aynur Bayramova
DİGƏR XƏBƏRLƏR