.
Jurnalistlərin ev qalmaqallarının ən qızğın yerində onunla görüşüb, müsahibə almaq istədiyimizi söylədik. Razılaşdıq. “Teleaparıcı” rubrikasının bu dəfəki qonağı “Lider” televiziyasının İdman redaksiyasının Baş redaktoru Rövşən Məmmədovdu. Ona ilk sualımız da jurnalistikaya gəlişi ilə bağlı oldu.
- Jurnalistikanı istər aktiv yaradıcılıq növü kimi, istər ekstrimal şəraitdə çalışmaq və nəyin bahasına olursa - olsun cəmiyyəti informasiya ilə təmin etmək baxımından daim maraq dairəsində, diqqət mərkəzində oldğu üçün sevmişəm. Jurnalistika həmçinin sağlam həyat tərzidir. Bu üzdən insanı şəxsiyyət kimi formalaşdıran, cəmiyyətin aktiv üzvü edən və milyonlara tanıdan jurnalistikanı sevməmək sadəcə mümkün deyil.
Bu qədər sevgi ilə bəs harda işə başladız və ilk qonararınız yadınızdamı?
- İlk və hazırki iş yerim Lider televiziyasıdır. Bilirsiz, yəqin ki, televiziyanın kandarından içəri keçən və bu sahədə çalışmaq arzusu ilə alışıb yanan hər bir tələbə üçün maaş sonuncu yerdə dayanır. Odur ki, mən də televiziyaya gələndə alacağım məvacib ağlıma belə gəlmirdi. Çünkü əsas məqsəd işə düzəlmək idi. Bəlkə də bu, çoxlarına qəribə gələcək. Amma inanın, ştata düşmək üçün 8 ay çalışmışam. Razılaşın ki, bu, az müddət deyil. Lakin sonda istəyimə nail oldum. Daha sonra xəbər aparıcısı, redaktor və bu gün İdman redaksiyasının Baş redaktoru kimi fəaliyyət göstərirəm. Səmimi olaraq deyirəm, bu gün Lider TV mənim üçün sadəcə iş yeri deyil, doğma evim, ailəmdir. Həyatda əldə etdiyim hər nə varsa Lider TV-yə borcluyam..
- Hazırda televiziyaların işini necə qiymətləndirirsiniz. Televiziyalarda nəyi bəyənirsiniz və nəyi televiziya üçün yaraşdırmırsız?
- Həmkarlarımın iş prinsipi, dil - üslüb xüsusiyyətləri, peşəkarlığını müzakirə etmək istəməzdim. Düşünürəm ki, kimin nəyə qadir olduğunu auditoriya çox gözəl bilir. Amma bir şeyi qətiyyətlə deyə bilərəm ki, ölkədə idman sahəsində olduğu kimi, televiziya sahəsində də inkişaf və peşəkarlıq hiss olunur və bu proses yüksələn xətt üzrə inkişaf edir.
- Ən çətin və maraqlı sujetiniz hansı olub?
- Jurnalistikada elə hazırladığım ilk süjetdən çətinliklə qarşılaşmışam. Gənc kadr idim. Çoxlarının bəyənmədiyi mətbuat konfransına göndərdilər. Təqaüdə çıxmış zabitin keçirdiyi konfransdan kiçik material hazırlamalı idim. Tədbirin şirin yerində iki nəfər içəri daxil olaraq həmin zabiti döyməyə başladılar. Aləm bir-birinə dəydi. Operator özünü itirməmişdi və həmin prosesi əvvəldən - axıradək çəkməyi bacarmışdı. İşə qayıtdım. Hardan başlayacağımı, nə yazacağımı bilmirdim. Təcrübəli işçilərdən biri mənə yaxınlaşıb nə fikirləşdiyimi soruşdu. Baş verənləri danışdım. Özü kompüterin qarşısına keçdi və əlbəttə ki, süjet həmin davanı əks etdirən görüntüylə başladı. Bu, mənim üçün həm çətinlik, həm də ilk praktik dərs oldu. Elə ən çətin və maraqlı süjetim də bu idi desəm, yəqin ki, yanılmaram.
- Bəzi jurnalistlər deyir ki, televiziyada işin saatı olmur. Belə bir işdə ailənizə lazımı qədər vaxt ayıra bilirsiz?
- Ailə müqəddəsdir. Hər nə olsa da ailəyə vaxt ayırmağa çalışmalısan. Amma etiraf edim ki, hərdən mümkün olmur. Böyük oğlum Rəsul şahmatı çox sevir. Təsəvvür edin, gərgin işdən sonra evə gəlirsən və Rəsul onunla şahmat oynamağı xahiş edir (Dəhşətdir e... – bunu yazmayın (gülür). Bununla belə, çalışıram ki, onu qırmayım.
-Həyat yoldaşınız jurnalistikanı qurtarsa da işləmir. Siz qoymursuz?
- Həyat yoldaşımın jurnalistika təcrübəsi var və bir neçə il televiziyada çalışıb. Amma artıq iki övladımız var. Onların nazı ilə oynamaq, onların dərslərinə kömək etmək, vaxtında yeməklərini hazır etmək, vaxtında dərsə yola salmaq və bütün bunların fonunda, özü də jurnalistikada çalışmaq nə dərəcədə mümkündür? Odur ki, əsas ailədir.
-Universtetlərdə dərs deyir, tələbələrinizə jurnalistikanın sirlərini öyrədirsiz. Kimlərin əməyi var sizin müəllim olmağımızda?
- Müəllim yox, jurnalistəm. Müəllim isə mənə vaxtilə dərs demiş və jurnalistikanın sirlərini öyrətmiş Nəsir İmamquliyev, Famil Mehdi, Əliş Nəbili, Qulu Məhərrəmli, Zeynal Məmmədli, Akif Rüstəmov, Zaur Babayev, Əli Hacıyev və digər ziyalılardır. Onlara ömrümün sonuna kimi minnətdaram. İnanın, bu gün pedaqoji sahədə tələblərə nəyisə izah edə bilirəmsə, onların əməyidir.
-Bizim ölkədə jurnalist olmaq maraqlıdır, yoxsa çətin və təhlükəli?
- Jurnalist olmaq hər zaman maraqlıdır. Harda yaşamağınızdan, çalışmağınızdan asılı olmayaraq. Azərbaycanda isə yaradıcılıqla məşğul olmaq və jurnalist kimi formalaşmaq baxımından yetərincə şərait var. Hər bir jurnalist layiq olduğu hörməti və qayğını görür. Tələbələrimə də deyirəm, jurnalist ilk növbədə şəxsiyyətdir.
O, deyildiyi kimi, qapıdan qovurlarsa pəncərədən gir prinsipi ilə işləməməlidir, özünə və ətrafdakılara hörmət etməlidir. Yəni özünə və başqalarına hörmət etsən cəmiyyət də sənə hörmət edəcək.
- Jurnalistlərə ev verildi. Ancaq siyahıda evə ehtiyacı olan şəxslərin adları az idi. Sizcə, bu bölgü düzgün şəkildəmi həyata keçirilmişdi. Ümumiyyətlə jurnalistlərə ev verilməsinə necə baxırsız?
- Həmkarlarıma verilən evlər, inanin, istər bir jurnalist olaraq və ən əsası bir vətəndaş olaraq məni çox sevindirdi. Hər birini təbrik edirəm. Təxminən 5 il əvvəl mən də bu hissi yaşamışam və dövlətimiz onlarla jurnalistə ev hədiyyə etdi. Yeri gəlmişkən, buna görə dövlətimizin rəhbərliyinə bir daha təşəkkür edirəm. Bu il növbəti dəfə belə bir gözəl addım atıldı. O ki, qaldı bölgünün düzgün aparılıb-aparılmamasına, bilirsiz, gəlin hər məsələyə ikili münasibət bəsləməyək. Dövlətimiz belə bir humanist addım atdı və ehtiyyacı olan jurnalistləri evlə təmin etdi. Məsələnin mahiyyəti də budur. Burda nəsə qaranlıq məqam axtarmaq və harasa yozmaq, çox üzr istəyirəm, yumşaq desək, mədəniyyətsizlikdir.
-Qazancınızdan razısız?
-Razıyam.
-Ölkədəki vəziyyət sizin arzuladığınız səviyyədə fəaliyyət göstərməyinizə imkan verir?
-Əlbəttə, istədiyim mövzuda materiallar hazırlayıram və müxtəlif səpkili süjetlərlə tamaşaçılarımın görüşünə gəlirəm. Bir sözlə, jurnalisitkada məni sıxan heç nə yoxdur.
-Sizcə, Qərb mətbuatı ilə Azərbaycan mətbuatı arasında əsas fərqlər nədədir?
- İnanın, zaman gələcək Azərbaycan mətbuatı Qərb mediası ilə rəqabətə girəcək. Hələliksə, peşəşkarlıq baxımından fərq var. Amma zaman-zaman o da öz həllini tapacaq.
Aynur Bayramova
DİGƏR XƏBƏRLƏR