.
Simsar.az Ramazan ayı boyunca sizə hər günün öz duasını təqdim edəcək, İslamın vacib əməlləri və fəzilətləri barədə söhbət açacaq. Suallarımızı ilahiyyatçı, meneviyyat.az saytının redaktoru Rövşən Məmmədli cavablandırır.
Bu gün orucluğun iyirmi səkkizinci günüdür. Bu münasibətlə sizə Ramazan ayının 28-ci gününün duasını təqdim edirik:
Əlləhummə vəffir həzzi fihi minən-nəvafil və əkrimni fihi bi ihzaril-məsaili və qərrib fihi vəsiləti ileykə min bəynil vəsaili. Ya mən la yəşğəluhu ilhahul-mulihhin.
İlahi, bu gün məni öz vəzifəmdən artıq müstəhəb əməlləri yerinə yetirməyə müvəffəq et və bütün vəzifə və məsuliyyətlərimi hazırlayıb əməl etməyi kəramət et. Bu gün Sənə yaxın edən vasitələrin daha yaxın olanını mənə yaxınlaşdır. Ey istəyi olanların israrı və çox təmənna etmələrinin qafil etmədiyi, Allah!
Mövzu: Tövbə (Nasuh tövbə)
“Tövbə məna etibarilə “Allaha (c.c.) qayıdış, istiqamətlənmə” deməkdir. Yəni səhvi anlayaraq onun bağışlanması üçün Allaha (c.c.) dua etməkdir. İnsan yaradılış etibarilə həm yaxşı, həm də pis əməl etməyə qadir bir şəkildə yaradılıb. Buna görə də, bəzən istər-istəməz günah etmiş oluruq. Ancaq Allahın(c.c) rəhmət qapısı o qədər genişdir ki, o gerçək tövbə sahiblərini bağışlayır. Quran-i Kərimdə buyurulur ki, Allah (c.c.) ona şirk qoşulması istisna olmaqla bütün günahları bağışlayır. Burada əsas önəmli olan tövbənin sidq ürəkdən edilməsidir. Ona görə Allah Taala buyurur ki, “Ey iman gətirənlər nasuh tövbə ilə tövbə edin ki, Allah da sizin qəbahətlərinizi əfv etsin və altından ırmaqlar axan cənnətlərinə qoysun”.
Bəs ayətdə sözü gedən nasuh tövbə nədir? Nasuh tövbə, Allaha (c.c.) qarşı günah etdiyini bilə-bilə həmin günahdan Allaha(c.c.) sığınmaqdır. Günahı etdiyin üçün narahat olmaq, vicdan əzabı çəkməkdir. Qul haqqına girilibsə, həmin şəxslə halallaşmaqdır. Nəhayət, bir daha bu əməli etməyəcəyinə dair qərar qəbul etməkdir. Peyğəmbərimiz (s.a.s.) belə buyurub: tutduğun yanlış əməldən peşman olmaq, fərz olan ibadətləri yerinə yetirmək, zülm, düşmənlik etməmək, incidiyin insanlarla barışmaq, bir daha həmin günaha qayıtmamağa qərar vermək nasuh tövbədir.
Bu şərtlər yerinə yetirildikdən sonra Allahın (c.c) etdiyimiz tövbələrimizi qəbul etdiyinə ümid edə bilərik. Allaha(c.c.) qarşı ümidsiz olmaq olmaz. Ancaq insanın ümidi əminlik xarakteri daşımamalıdır. Mən bu işi də həll elədim hər şey əladır deyib oturmağın yanlış olduğu kimi, heç vaxt Allah (c.c) bağışlanmaram demək də yanlışdır”. Tövbə etmək də ibadətdir. Ancaq bununla belə günah edim, sonra tövbə edib arınaram demək olmaz.
Məhəmməd peyğəmbər (s.a.s.) buyurub ki, “Bütün adəm oğulları günahkardır. Günahkarların ən xeyirlisi isə tövbə edənlərdir. Əgər siz günah etməsəydiniz, Allah(c.c) sizi həlak edər və sizin yerinizə günah edib tövbə edənləri yaradardı”.
Günah etmək insanı mələklərdən fərqləndirir. Çünki mələklər nurdan yaradılan və heç vaxt Allaha (c.c.) qarşı gəlməyən varlıqlardır. Dinimizdə insanın günah etməsi qəbul edilən haldır. Lakin bu günahlardan xilas yolları da göstərilmişdir. Peyğəmbərimiz(s.a.s.), “Günahdan tam şəkildə tövbə edən həmin günahı etməmiş kimidir” deyə buyurub. Ona görə də yanlış olduğunu dərk etdiyimiz hər əməldən Allaha (c.c) sığınmaq və tövbəyə ümid etmək lazımdır”.
Turanə Zeynallı
Aqşin İbrahimi
DİGƏR XƏBƏRLƏR