“Ana ölümlərinin artmasında həm anaların, həm də həkimlərin səhlənkarlığı olur”
“Son vaxtlar mətbuatda uşaq dünyaya gətirərkən bəzən anaların dünyalarını dəyişməsi xəbərləri daha çox yer almağa başlayıb. Bu, hər kəsi narahat etməli bir məsələdir”. Bu fikirləri Simsar.az-a açıqlamasında Mili Məclisin Sosial Siyasət Komitəsinin üzvü Elmira Axundova son vaxtlar mətbutda yayılan ana ölümləri xəbərlərinə münasibət bildirərkən belə deyib.
Millət vəkili bu faciəvi hallara həkimlərin və tibb müəssisələrinin səhlənkarlığı, gec müdaxiləsi, təcrübəsizliyi, doğuş hadisəsinə bəzi həkimlərin qeyri-ciddi münasibəti ilə yanaşı xəstələrinin özünün də laqeyd münasibətinin səbəb olduğunu deyib. “Bəzi qadınlar hamiləliyi nəzarətə götürmür, hamiləlik dövründə qadın məsləhətxanalarına müraciət etmir, hamiləliyi ağır keçirir, mütəmadi olaraq analiz və yoxlamalardan keçmirlər. Əksər hallarda bunun nəticəsində ana bətnində uşaqda bəzi anormallıqlar, xəstəliklər ortaya çıxır. Bu da doğuş zamanı ölüm hadisələrinin ortaya çıxmasına səbəb olur.”
E.Axundova əksər hallarda xəstələrin çox yüksək səviyyəli dövlət xəstəxanalarına deyil, özəl klinikalara və ya fərdi həkimlərə, evlərdəki fərdi tibbi xidmətlərinə müraciət etdiklərini bildirib. “Bütün bunlar da öz mənfi nəticəsini göstərir. Hazırda hökumətimiz dövlət tibb müəssisələrinin maddi texniki bazasının yaxşılaşdırılmasına, savadlı həkimlərin işə cəlb edilməsinə, müasir xidmət səviyyəsinin təmin olunmasına kifayət qədər diqqət və vəsait ayırır. Buna görə də çox istərdim ki, vətəndaşlarımız bu tipli yüksək səviyyəli dövlət müəssisələrinə üz tutsunlar ki, sonda da bədbəxt hadisələrlə üzləşməyək. Milli Məclis pasientlərin hüquqlarının qorunması, məcburi dispanserizasiya, qeysəriyyə əməliyyatı, dağınıq skleroz və s.-la bağlı xeyli sayda qanunlar qəbul edib”.
Millət vəkili bir neçə gün əvvəl Milli Məclisin Sosial Siyasət Komitəsində qeysəriyyə əməliyyatı ilə bağlı yeni bir dəyişiklik edildiyini açıqlayıb. “Bundan sonra ancaq tibbi əsaslar olduqda, müvafiq icra hakimiyyəti orqanının icazəsi əsasında qeysəriyyə əməliyyatına icazə veriləcək. Çünki son zamanlar fikir versək görərik ki, hər kəs əməliyyata üstünlük verir. Amma anlamırlar ki, bu həm əməliyyat zamanı, həm də gələcəkdə ana və uşaq üçün ciddi problemlər ortaya çıxara bilər. Əksər hallarda qeysəriyyə əməliyyatı ana və uşağın əlilliyinə səbəb olur. Buna görə də, gərək vətəndaşlar özləri də sağlamlıqlarına həssaslıqla yanaşsınlar”.
Aysel Kərimova
DİGƏR XƏBƏRLƏR