“Ötən il ölkə üzrə 8000-dən artıq istedadlı uşaq vaxtından əvvəl I sinfə qəbul edilib”. Bu haqda Simsar.az-ın sorğusuna cavab olaraq Təhsil Nazirliyindən məlumat verilib.
“Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 19.12-ci bəndinə görə, xüsusi istedadlı uşaqların vaxtından əvvəl I sinfə qəbuluna yol verilir. Bununla əlaqədar, Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş qaydalar mövcuddur və bu qaydalara görə 6 yaşı 16 sentyabr - 31 dekabr müddətində tamam olmuş istedadlı uşaqların vaxtından əvvəl I sinfə qəbulu yerlərdə təşkil edilmiş xüsusi komissiyanın rəyi əsasında həyata keçirilir” - Təhsil Nazirliyindən bildirilib.
Bu il I sinfə qəbul qaydalarında dəyişiklik olmasına münasibət bildirərkən Nazirlikdən vurğulanıb ki, “bu il I sinfə qəbulla bağlı dəyişikliklərin edilməsi hazırda müzakirə mövzusu deyil”.
Təhsil Nazirliyinin məlumatında qeyd edilib ki, ümumtəhsil müəssisələrinə qəbul prosesi bir qayda olaraq, hər bir dərs ilinin II yarısından etibarən başlaya bilər.
Bildirilıib ki, 2014-2015-ci tədris ilində I sinfə qəbul ediləcək uşaqların sayı barədə proqnoz göstəriciləri hazırlanmaqdadır.
“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 yanvar 2011-ci il tarixli, 5 nömrəli qərarı ilə təsdiq olunmuş “Ümumtəhsil məktəblərinin Nümunəvi Nizamnaməsi”nə görə, ümumtəhsil məktəbinin I sinfinə hər il sentyabrın 15-dək 6 yaşı tamam olan əqli və fiziki cəhətdən normal inkişaf etmiş uşaqlar qəbul olunurlar”.
Aysel Kərimova
DİGƏR XƏBƏRLƏR