Təzəgül arvad qapıda oğlunu gözləməkdən yorulub deyinə-deyinə “bu gədə harda qaldı, a balam” deyib evə gəldi. Çiçək xalaya zəng vurub salam-kəlamdan sonra başladı gileylənməyə ki, yaman narahatam, a bajı, uşaq hələ gəlib çıxmıyıb. Çiçək xala gülə-gülə: “az nigaran qalma, gələcəklər, bizim uşaq da gedib. Bilmirsənmi, bəs bu gün Valentin günüdü dayna” dedi. Nə günüdü? Təzəgül arvad təəccübləndi, Valentin kimdi, aaz? Çiçək xala bir xeyli güləndən sonra: “Bayaq qonşu arvadlarla söhbət edirdik, bu Valentinnən danışırdılar. Deyir keçmişdə Valentin adında bir oğlan bir qızın dərdindən dəli-divanəymiş. Amma kasıbmış deyə qızı buna vermirlərmiş. Bu gədə fikirləşir ki, nətəhər eləsin pul qazansın. Bu vaxt da televizorda “Mixaylo” kinosuna baxırmış. Orda bir söz var ey, dejir ki, “aaa...tanıdım, gül satan qız”. Valentin də kinodan bu sözü eşidəndə sevincək qışqırır ki, tapdım, gül satacam. Bu başdıyır gül-çiçək yığıb satmağa. Amma gülləri alan olmur. Ayın 14-ü günü bu gədə nə ağıl eliyirsə qəfildən başdıyır çığırmağa ki, ay millət, bu gün sevgililər günüdü, gəlin gül alın, ay millət heeey. Deyir camaat nətəər tökülürsə, sevgilisinə gül alan kim, arvadına gül alan kim. Gülün hamısı satılır. Bu Valentin nə təhər sevinir. Di gəl sevgilisinin atası deyir “net dedim net”, mən gülsatana qız verən deyiləm. Düz bir il oğlan gül yığmağa gedəndə gəlib qızın evlərinə uzaqdan baxırmış ki, bəlkə qızı görə. Bir gün bu çöx gözləyir, qızı görə bilmir, axırda gəlir oturur bir ağacın altında. Birdən qızın atasına necə qəzəblənirsə guya onu təpikləmək istəyir, hirslə ağaca möhkəm bir təpik vurur. Bu vaxt ağacdan bir məftil düşür bunun başına, ilişir köynəyinə. Sən demə kimsə ağaca toplaşan quşları qovmaq üçün uzun bir məftili budaqların arasında gizlədibmiş. Bu vaxt qız da uzaqdan oğlanı görüb qaça-qaça gəlirmiş. Bunun da saçları məftilin o biri tərəfinə ilişir, başlayır oğlanı çağırmağa. Oğlan məftili köynəyindən aça-aça “qorxma, sevgilim, indi gəlirəm” deyir, amma gedə bilmir. Onların səsinə qonum-qonşu yığılır. Aleksandr, yoxsa Bell adında bir alim də bunların yanındaymış. Deyir, bu nağılı esidib ağlına təzə fikir gəlir. Simi götürür aparır telefon düzəldir. Deyir indi gedin nə qədər danışırsınız danışın. O gün də fevralın 14-ü imiş. Bunnar bir il də gizdin-gizdin telefonnan danışırlar.
Bir gün qızın dədəsi bundan xəbər tutur, telefonu kəsdirir. Bu tərəfdən də oğlanı dədəsi-nənəsi nə qədər evləndirmək istiyillər, bu heç kəsi almır, evlənmirəm, vəssalam. Deyir mən bunnan belə keşiş olacam. Ayın 14-də bu gedir kilsiyə, olur rahib. O gündən də camaat həmin günü sevgililər günü hesab eliyillər.
Bu vaxt Çiçək xalanın qapıda dayanan oğlu gülə-gülə anasına yaxınlaşıb deyir: “Ay ana Valentin hara, Mixaylo hara, Aleksandr Bell hara. Valentin qədim Romada keşiş olub, Aleksandrın telefonu icad elədiyi heç 150 il olmayıb. Tez də əlavə edir: Amma yaxşı ki, 14 fevralda telefon icad edilib, yoxsa sən bu şad xəbəri Təzəgül xalaya necə çatdıracaqdın?! – ana, xeyir-dua ver, evlənirəm!
İsmət Ələkbərqızı
DİGƏR XƏBƏRLƏR