“BŞİH metro ticarətçilərinin yerləşdirilməsinə hazırdır”
Bu ilin martından etibarən “Bakı Metropoliteni” stansiyalardakı ticarət köşklərinin yığışdırılmasına başlanıldı və təxminən 2 həftə ərzində bütün obyektlər təmizləndi.
Bəzi sahibkarlar müxtəlif yerlərdə özləri üçün köşklər açsalar da, digərləri hələ də işsizdir. Lakin, Bakı Şəhər Ticarət və Xidmət Departamentinin rəsmisi sahibkarların hər birinin işlə təmin olunduğunu deyir. “Metroda fəaliyyət göstərmiş ticarət obyektləri sahiblərinin özlərinin ticarət obyektləri vardır. Hazırda həmin ticarətçilər öz fəaliyyətlərini orda davam etdirirlər”. Bu sözləri Simsar.az-a açıqlamasında Bakı Şəhər Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov deyib.
Əlabbas Bağırovun sözlərinə görə, metroda fəaliyyət göstərmiş ticarət obyektləri sahiblərinin yalnız 10 faizi alternativ yerlərdə yerləşdirilib. Onlar AMAY, “LOTOS” TM-də, “Şərq”, Keşlə ticarət mərkəzində və ayrı-ayrı metro stansiyaların ətrafında ticarətlə məşğul olurlar. Əlabbas Bağırov ticarət obyektləri sahiblərinin cəmi 10 faizinin yerləşdirilməsinin səbəbini isə bu cür açıqlayıb: “Ticarətçilərdən bizə müraciət daxil olmadığına görə onların 10%-ni təyin olunmuş yerlərdə yerləşdirməklə kifayətləndik. Bu gün həmin sahibkarlardan bizə müraciət daxil olarsa, Bakı Şəhər İcra Hakimiyyəti sahibkarların yerləşdirilməsinə hazırdır”.
Ə.Bağırov əlavə edib ki, ticarət obyektləri sahiblərinin yerləşdirilməyən hissəsi özlərinə yeni ticarət obyektləri tapdıqları üçün biz onların ticarət obyektlərinə yerləşdirməyə ehtiyac görmədik. “Bakıda saysız-hesabsız ticarət obyektləri olduğu üçün ticarətçilərin yerləşdirilməsi ilə bağlı əlahiddə vəziyyət yoxdu. Hazırda bu məsələ gündəmdə deyil”.
Aysel Kərimova
DİGƏR XƏBƏRLƏR