29 İyul, 2011
Ya Böyükağa Hacıyev, ya Nazim Süleymanov!

Arif Əsədovu kim əvəzləyəcək?

Arif Əsədovun istefasından sonra baş məşqçisiz qalan "Neftçi"nin baş məşqçisinin kimliyi hələ məlum deyil. Klubdan verilən məlumata görə, yeni baş məşqçinin təyinatı sabah reallaşacaq.
İndi hamını "Neftçi"yə bundan sonra kimin başçılıq edəcəyi maraqlandırır. Fanat.az-ın əldə etdiyi məlumata görə, hazırda bu posta iki namizəd var.
Namizədlərdən biri Nazim Süleymanovdu. Kluba yaxın mənbənin Fanat.az-a verdiyi məlumata görə, AZAL-dan ayrıldıqdan sonra işsiz qalan Nazim bəylə danışıqlar davam edir. Hazırda telefonu bağlı olan Süleymanovla əlaqə saxlamaq mümkün olmayıb.
Başqa bir mənbə isə iddia edir ki, "Neftçi"nin yeni baş məşqçisi Böyükağa Hacıyev olacaq. Məlumatı verən mənbənin sözlərinə görə, artıq klub rəhbərliyi Hacıyevlə razılıq əldə edib. Böyük ehtimalla onun adı sabah ictimaiyyətə açıqlanacaq.
Qeyd edək ki, bundan əvvəl Yunis Hüseynovun "Neftçi" ilə danışıqlar apardığı deyilirdi. Lakin mütəxəssis özü açıqlamasında xəbəri təkzib etdi.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!