22 İyul, 2011
Pis statistika

Bədbəxt hadisələrin sayı artıb

Bu ilin birinci yarımilində müəssisələrdə əmək müqaviləsinin bağlanması sahəsinə göstərilən diqqət məni qane etmir. Lent.az-ın verdiyi məlumata görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov söyləyib.


Füzuli Ələkbərov deyib ki, bu ilin 6 ayında dövlət nəzarəti həyata keçirilən müəssisələrdə əmək müqaviləsi olmadan işə cəlb edilən 770 işçi ilə əmək müqaviləsi bağlatdırılıb: “Bu, kifayət qədər az rəqəmdir. Bu sahəyə diqqətimizi artırırıq. Ümidvaram ki, növbəti yarımillikdə bu göstərici kifayət qədər yüksək olacaq. Biz bu problemin çox aktual olduğunu bilirik. Təəssüf ki, əmək müqaviləsi ilə təsdiqlənməmiş əmək münasibətləri mövcuddur. Bu da kifayət qədər sosial fəsadlara yol aça bilir. Bu sahədə problemlərimiz var. Şübhəsiz ki, nəzarət mexanizmini gücləndirəcəyik”.


Əmək və əhalinin sosial müdafiəsi naziri bədbəxt hadisələrin sayının da artdığını qeyd edib: “İstehsalatda 128 bədbəxt hadisə baş verib və nəticədə 53 nəfər həyatını itirib. Biz bu məsələyə də diqqəti artırmalıyıq. Bunu bir tərəfdən iqtisadiyyatdakı canlanma, digər tərəfdən, inşaat sektorundakı işlərlə əsaslandırırlar. Lakin biz nəzarət etməliyik ki, burada subyektiv amillər olmasın”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!