23 İyun, 2011
Fövqəladə Hallar Nazirliyinin yardım karvanı getdi

Dolunun dağıtdığı damlar üçün 80 min dam örtüyü veriləcək

Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) sel və doludan zərər çəkmiş rayonlara tikinti materialları yola salıb.

APA-nın məlumatına görə, bu gün dolu yağması nəticəsində zərər çəkmiş Füzuli və Gədəbəy rayonlarına yardımın növbəti partiyası yola salınıb.

FHN-in Tikilməkdə olan Obyektlər Birləşmiş Müdiriyyətinin rəisi İbrahim Quliyev jurnalistlərə açıqlamasında bildirib ki, 3 maşında ümumilikdə 3 min ədəd şifer yola salınır.

«Mütəmadi olaraq rayon icra hakimiyyətlərinin müraciəti əsasında yerlərdə araşdırmalar aparılır. Dövlət başçısının tapşırığı əsasında həmin rayonlar lazım olan materiallarla təmin olunur», - deyə nazirlik rəsmisi bildirib.

İ. Quliyevin sözlərinə görə, bu günədək Şamaxı rayonuna 43 min, Zaqatalaya 3 min ədəd, həmçinin Ağsu rayonuna şifer materialı, taxta və şüşə yola salınıb. Ümumilikdə bütün rayonlara 80 min ədədə yaxın şifer göndərilməsi nəzərdə tutulur.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!