25 Aprel, 2011
PARTİZAN MÜHARİBƏSİ OLACAQ?

Desant və snayper kursları açılır 

Erməni işğalçılarının Azərbaycan torpaqlarını 20 ildir işğalda saxlaması sonda ikinci Qarabağ müharibəsininin başlanmasına səbəb ola bilər.

Azərbaycan rəsmləri ən yüksək səviyyədə səsləndirdikləri bəyanatlarla bu fakta dəfələrlə diqqət çəkiblər. Prezident İlham Əliyev dəfələrlə bildirib ki, ordu düşməni torpaqlarımızdan çıxarmaq üçün tam hazırlıq vəziyyətindədir.

Ordunun təhcizat prosesində sürətləndirilmə və keyfiyyət üstünlüyü, əsgərlərin hərbi hazırlığı ilə bağlı tədbirlər barədə KİV demək olar hər gün xəbərlər yayır. Belə xəbərlərdən birini
Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin (KHVTİC) Respublika Şurasının sədri, general-mayor Novruzəli Orucov verib.

“Trend”ə danışan general yeni desant kurslarının açılacağı xəbərini verib. Onun sözlərinə görə, yeniyetmələrə bir neçə istiqamətdə nəzəri hazırlıq, paraşütdən tullanma, əlbayaxa döyüş və silah atıcılığı təlimləri keçiləcək.

Orucov hesab edir ki, paraşütdən tullanma ilə məşğul olacaq yeniyetmələrdə qorxu hissi tamamilə aradan qalxacaq: "Paraşütdən tullanma elə bir psixoloji baryerdir ki, həmin baryeri keçə bilən gəncin nə döyüş zamanı, nə də digər vaxtlarda qorxu hissi olmur. Ona görə də biz paraşütdən tullanma təlimlərinə xüsusi önəm veririk".

Bundan əvvəl KHVTİC-in nəzdində snayper kursları da fəaliyyətə başlayıb.

Anar

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!