Ötən gün Əməkdar İncəsənət Xadimi adına layiq görülən Türkiyədə yaşayan azərbaycanlı aktrisa sevincini Simsar.az-la bölüşüb.
O deyib ki, 24 ildir Türkiyənin ən böyük teatrı olan İstanbul Şəhər Teatrında fəaliyyət göstərən yeganə azərbaycanlı qadın aktrisa və rejissordur. Bu xəbəri eşitdikdə isə sevincindən özünə gələ bilmir: “Aldığım bu adı şərəf və ləyaqətlə daşıyacağam. Hər şeydən öncə sənət və sənətkara qiymət verən prezident İlham Əliyevə minnətdaram. Bu pilləyə çatanacan Türkiyədə çox çətinliklər yaşadım. Buradakı 24 illik fəaliyyətimdə məqsədim Azərbaycan incəsənətini təbliğ etmək olub. Bir də mühüm olan nədir? Xalqımın məni bu qədər sevməyini bilmirdim”.
M. Abbasova bildirib ki, bu xəbər yayılan kimi təbriklərin ardı-arası kəsilmir.
Ondan artıq Azərbaycan yazıçılarının əsərlərini tərcümə edərək Türkiyədə səhnələşdirən aktrisa son işlərdən də danışıb: “Bu yaxınlarda Hüseyn Cavidin “İblis” əsəri Bədii Şuradan keçib. Dörd əsərimiz də yaxın vaxtlar da Bədii Şuraya təqdim olunacaq. Dünya ədəbiyyatından da seçimlər edirik. Sonuncu belə əsər Şekspirin əsərləri olub. Bu tamaşalardan səkkiz mükafat almışıq”.
Nigar Məhərrəm