Azərbaycan Milli Elmlər Akademiyası Eroziya və Suvarma İnstitutunun əməkdaşları Gədəbəy rayonun Slavyanka kəndində tədqiqat işləri aparıblar.
İnstitutdan Simsar.az-a verilən məlumata görə, tədqiqatın məqsədi eroziyaya uğramış kəndətrafı örüşlərin məhsuldarlığının bərpasıdır. Gədəbəy rayonu Kiçik Qafqazın şimal - şərq yamacında yerləşərək 1290 km2 əraizni əhatə edir. Geoloji qurluşunun mürəkkəbliyinə görə geniş ərazili regionlarla müqayisə edilə bilər. Burada həm mezozoy, həmdə kaynazoy yaşlı süxurlar üstünlük təşkil edir. Torpaq örtüyü – hava şəraitinin nisbətən sərin və yağıntılı keçməsi müxtəlif çeşidli bitki örtüyünün inkişafına səbəb olur ki, bu da öz növbəsində torpağı üzvi qalıqlarla zənginləşdirir, humusun miqdarını artıraraq qara torpaqların formalaşmasında mühüm rol oynayır.
Tədqiqat obyekti olan Gədəbəy rayonun Slavyanka kəndi orta dağ – meşə qurşağında yerləşdiyindən və ərazinin meyiliyi yüksək olduğundan burada eroziyaya məruz qalmış və eroziya təhlükəli ərazilər böyük sahə tutur.
Antorpogen amillərin təsiri nəticəsində heyvanların sistemsiz otarılması, ağac və kolların sistemsiz qırılması, aqrotexniki qaydalara düzgün əməl edilməməsi nəticəsində torpağın üzərini xalı kimi örtən ot örtüyünün deqradasiyaya uğraması burada qar və yağış sularının, qismən küləyin təsiri nəticəsində torpaq örtüyünü eroziyaya uğradır. Eroziyaya uğramış torpaqların qida elemetləri yuyulur, fiziki - kimyəvi və su – fiziki xassələri pisləşir, otlaq və örüşlərin məhsuldarlığı aşağı düşür və bu da heyvandalığa ciddi zərər vurur.
Bu səbəbdən Gədəbəy rayonu Slavyanka kəndi ərazisində zəif və orta dərəcədə eroziyaya məruz qalan, karbonatlardan yuyulan dağ-qara torpaqları üzərində çoxillik ot bitkilərindən (xaşa), mineral kübrələrdən və aqrotexniki tədbirlərdən istifadə etməklə çöl – tədqiqat işləri yerinə yetirilib.
Aparılan tədqiqatların nəticələrindən belə qənaətə gəlmək olar ki, həm torpağın, həm də bitki örtüyünün məhsuldarlığı kifayət qədər artıb.
Milli sərvətimiz olan örüş və otlaqları ekoloji yüklənmədən və sistemsiz mal-qara otarılmasından qorumaq, vətədaşlarımızın ərzaq təhlükəsizliyini təmin etmək üçün torpaqdan düzgün istifadənin elmi əsaslarını öyrənmək baxımından aparılmış tədqiqat işinin əhəmiyyəti böyükdür.
Aysel Kərimova