8 Dekabr, 2014
“Arianespace” ABŞ və Hindistan üçün peyklər buraxıb

“Arianespace” şirkəti Yerətrafı orbitə iki peykin uğurlu buraxılışını həyata keçirib. Simsar.az xəbər verir ki, bu barədə şirkətin məlumatında deyilir. İlin əvvəlindən say etibarilə altıncı olan “Ariane 5” raketinin startı Fransanın inzibati idarəçiliyində olan Fransız Qvianasındakı Kuru kosmodromundan edilib.

Orbitə ABŞ-ın “DIRECTV” operatoruna məxsus “DIRECTV-14” televiziya yayımı peyki, eləcə də Hindistan Kosmik Tədqiqatlar Təşkilatının “GSAT-16” telekommunikasiya aparatı çıxarılıb.

Şirkət nümayəndələri qeyd edirlər ki, dekabrın 6-da həyata keçirilən buraxılış nəticəsində il ərzində faydalı yükün 2013-cü ildəki 52,2 ton və 2012-ci ildəki 74,1 tonla müqayisədə ümumi kütləsi 74,3 ton təşkil edən yeni rekorduna imza atılıb.

Peykin buraxılışı əvvəlcədən dekabrın 3-nə təyin olunsa da, qeyri-sabit hava şəraiti ilə əlaqədar təxirə salınıb.

Əsas rəqiblərinin "SpaceX” və “Roskosmos” şirkətlərinin olduğu “Arianespace” dünyanın süni Yerətrafı peyklərin kommersiya buraxılışını həyata keçirən qocaman şirkətlərindədir. Şirkət 21 səhmdar və Avropa Kosmik Agentliyinin dəstəyi ilə yaradılıb.

Aysel Kərimova


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!