27 Noyabr, 2014
Şirməmməd Nəzərlinin foto portretlər sərgisi açılacaq – FOTOLAR

Azərbaycan Rəssamlar İttifaqının (ARİ) V.Səmədova adına sərgi salonunda Azərbaycan Yazıçılar, Fotoqraflar və Jurnalistlər birliklərinin üzvü Şirməmməd Nəzərlinin "Azərbaycan rəssamlarının foto portretləri" sərgisi açılacaq.

Simsar.az xəbər verir ki, dekabrın 3-də keçiriləcək sərgidə ARİ tarixində ilk dəfə olaraq respublikanın tanınmış rəssam, heykəltəraş və sənətşünaslarının portretləri nümayiş olunacaq.

ARİ-nin yaxından dəstək göstərdiyi sərgidən məqsəd yaradıcı insanlara diqqət göstərmək, onların bir-biriləri ilə növbəti dəfə təmasda olmaları üçün şərait yaratmaq, foto sənəti ilə rəssam yaradıcılığının yaxınlığı mövzusunda mülahizələr yürütməyə şərait yaratmaqdır.

"Azərbaycan rəssamlarının foto portretləri" layihəsi fotoqraf Ş.Nəzərliyə məxsusdur və burada iştirak könüllülük prinsipi ilə aparılıb. Beləliklə, sərgi üçün 55 sənətkarın portreti hazırlanıb.

Şirməmməd Nəzərli 1977-ci ildə ADU-nun (indiki BDU) jurnalistika fakültəsini bitirib. Azərbaycan Dövlət Teleradio şirkətində, Jurnalistlər Birliyinin İdarə Heyətində işləyib. Beynəlxalq "İRS" jurnalının təsisçisi və baş redaktoru olub. HUMAY mükafatı laureatıdır. Mədəniyyət və Turizm Nazirliyinin "Ən yaxşı pyes" respublika (2012), "LUÇ" ədəbi birliyinin "Ən yaxşı hekayə" (rus dilində) beynəlxalq müsabiqələrinin (2013) qaliblərindəndir.

Bədii və publisistik əsərlərdən ibarət 10 kitab müəllifidir. Onun pyesləri Bakı teatrlarının səhnəsində və Sumqayıt Teatrında tamaşaya qoyulub. Pyesi əsasında radio tamaşası hazırlanıb.

Şirməmməd Nəsərli üç yaradıcılıq birliyinin üzvü olaraq iki ildə bir dəfə öz təşəbbüsü əsasında yeni kitab, sərgi və jurnalist materialları ilə hesabat verir

Hüseyn İbadlı

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!