Milli Məclisin deputatı Qənirə Paşayeva Adana bələdiyyəsinin sədri Hüseyn Sözlü ilə Ermənistanın təxribatlarından danışıb.
Millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva Adana Büyükşehir bələdiyyəsinin sədri Hüseyn Sözlü ilə görüşdə Azərbaycan ilə Türkiyənin bəzi şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu bildirərək, Adana bələdiyyəsinin Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istədiklərini bildirib. Hüseyn Sözlünün hələ Ceyhan bələdiyyəsinə rəhbərlik etdiyi zamanlardan bəri hər zaman Azərbaycana böyük sevgi və Qarabağ probleminə, Xocalı Soyqırımı mövzusuna xüsusi duyarlılıqla yanaşdığını xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva Adana Büyükşehir bələdiyyə başqanı ilə Dağlıq Qarabağ problemi ilə bağlı da fikir mübadiləsi aparıb və yaxın zamanlarda Adananın mərkəzi parklarından birinə Qarabağ adının veriləcəyinə, Xocalı Soyqırımı abidəsinin qoyulacağına inandığını deyib və bu istiqamətdə xahişini bir daha təkrarlayaraq Adana bələdiyyəsi tərəfindən bu cür addımın atılmasının böyük əhəmiyyətindən, vacibliyindən danışıb. Azərbaycanı Türkiyə qədər sevdiyini deyən Adana Büyükşehir bələdiyyəsinin sədri Hüseyn Sözlü Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq Adana bələdiyyəsinə rəhbərliyi dövründə Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini deyərək qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını deyib. Qarabağ problemi, Xocalı ağrısı hər zaman bizim də problemimiz və ağrımızdır deyən Adana Büyükşehir bələdiyyəsinin sədri Hüseyn Sözlü hər zaman qardaş Azərbaycanın yanındayıq deyib. Millət vəkili Qənirə Paşayeva yaxın günlərdə oxucuların ixtiyarına veriləcək “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” seriyasından növbəti kitabında Adana ilə bağlı geniş yazının da öz əksini tapacağını və Azərbaycanlı oxuculara Adana ilə bağlı daha geniş bilgilər veriləcəyini deyib. Millət vəkili Adana Büyükşehir bələdiyyəsinin sədri Hüseyn Sözlünü və xanımını Azərbaycanda yenidən görməkdən məmnun olacaqlarını bildirərək onu dəvət edib. Dəvəti məmnuniyyətlə qəbul edən Adana Büyükşehir bələdiyyəsinin sədri Hüseyn Sözlü Azərbaycana məmuniyyətlə səfər etmək istədiyini və hər səfərində özünü Vətəndəki kimi hiss etdiyini deyib .
Simsar.az