4 İyul, 2014
Yunis Hüseynov: “Fransa Almaniyanı uda bilər”

Simsar.az-ın “Mundial” layihəsinin bu dəfəki qonağı veteran futbolçu Yunis Hüseynov olub

Dünya Çempionatının ¼ final mərhələsində bu gün baş tutacaq oyunlarla bağlı fikirlərini bölüşən mütəxəssis ilk olaraq Fransa – Almaniya matçına toxunub. Hər iki komandanın gücünü yüksək dəyərləndirən Hüseynov Fransanın müəyyən şanslarının olduğunu deyib: “Mətbuatda oxuduğum xəbərə görə Almaniya millisinin bəzi oyunçularının sağlamlıqla bağlı problemləri var. Bu, onların oyununa təsirsiz ötüşməyəcək. Heyətdə yaranacaq kiçik çatışmazlıqlar Fransanın qələbə qazanmasına səbəb ola bilər. Ancaq almanlar oyuna optimal heyətlə çıxa bilsələr, düşünürəm, üstün tərəf Bundestim olacaq”, - deyən futbol mütəxəssisi zarafatından da qalmayıb: “Mən bu komandaların heç birisinə azarkeşlik etmirəm. Məndən olsa idi, heç biri mərhələ keçməzdi”.

Braziliya azarkeşi olan Yunis Hüseynov fanatı olduğu komandanın Kolumbiya ilə matçından sürpriz gözləmir: “Kolumbiya çox yaxşı komandadır. Onlar nəyə qadir olduqlarını sübut ediblər. Ancaq Braziliya bu mərhələni adlamalıdır. İnanmıram, fərqli nəticə qeydə alınsın”.

Xatırladaq ki, Mundialda günün proqramı belədir:

21:00. Fransa – Almaniya

“Marakana”, Rio-de-Janeyro

 

01:00. Braziliya – Kolumbiya

“Estadio Kastelao”, Fortaleza

 

Vüsal Məmmədzadə

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!