2 May, 2012
MİSİR MƏRDANOV GÜNDƏLİKLƏRDƏKİ REKLAMLARA HAQQ QAZANDIRDI

“Reklamlar heç bir fikir yayındırmasına səbəb ola bilməz”

Bir neçə gün öncə Simsar.az saytı orta məktəblərdə aşağı sinif şagirdləri üçün nəzərdə tutulan gündəliklərin az qala hər səhifəsində reklam yerləşdirilməsi barədə məlumat verib.

Təhsil naziri Misir Mərdanov bu gün məsələyə münasibət bildirib. Nazir qeyd edib ki, xarici ölkələrdəki gündəliklərdə də reklamlar dərc olunur: “Mən digər ölkələrin gündəliklərinə də baxmışam, onların gündəliyində də reklamların olduğunu görmüşəm. Hesab edirəm ki bu şagirdlərdə heç bir çaşqınlıq yaratmaz”.

Nazir hesab edir ki, reklamlar heç bir fikir yayındırmasına səbəb ola bilməz: “İkincisi də, gündəliyi biz nəşr etmirik. Gündəliyi nəşriyyat çap edir, bu suallara da onlar cavab versə, daha yaxşı olar”.

Nazir buraxılış imtahanlarından sonra attestatların hansı qurum tərəfindən veriləcəyi məsələsinə də münasibət bildirib: “Qanunda attestatların Təhsil Nazirliyi tərəfindən verilməsi nəzərdə tutulur. Yəqin ki, bu il də məzunlara attestatları biz verəcəyik”.

RAMİL

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!