16 Sentyabr, 2011
Əli Əmirlidən növbəti pyes

Dramaturq onu 6 aya yazıb

Yazıçı-dramaturq Əli Əmirli 6 aydır üzərində işlədiyi “İki aktrisa üçün baş rol” pyesini artıq bitirib. Müəllifin teatral komediya kimi təqdim etdiyi, amma daha çox gərgin dramatizmi ilə seçilən bu pyes teatr həyatından bəhs edir. Əli Əmirlinin APA-ya verdiyi məlumata görə, dörd obrazın iştirak etdiyi səhnə əsərində teatr adlı sehrli bir sənətin əsas yaradıcıları - aktyor (indiki halda iki aktrisa), dramaturq və rejissor arasında baş verən mürəkkəb psixoloji münasibətlər əksini tapır.

Bu dörd nəfəri çox şey birləşdirir, amma ən vacibi və daimi olanı məhz sənət, teatr yanğısı və böyük səhnəyə məhəbbətdir: “İyirmi ildən çoxdur mənim ədəbi yaradıcılığım birbaşa teatrla bağlıdır. Bu böyük vaxt ərzində bir çox teatr kollektivləri ilə işbirliyim olub. Teatr həyatını, aktyorluğu, səhnəni özünə peşə və həyat tərzi kimi seçən insanları, konkret desəm, aktyorları öyrənmək, müşahidə etmək imkanım çox olub. Təəssüratlarım birmənalı deyil. Bu insanlar, Stanislavskinin ifadəsi ilə desək, “uşaqdırlar”, amma xeyli mürəkkəb, xeyli gözlənilməz, xeyli sevimli, bəzən qəddar, bəzən fədakar, bəzən ərköyün, hərdən çox sədaqətli, hərdən də çox unutqan və vəfasız”.

Dramaturq deyib ki, əsər Azərbaycan teatrlarının birində səhnəyə qoyulacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!